“Azərbaycan Prezidentinin regionlara hər bir səfəri mühüm, əlamətdar hadisələrlə yadda qalır. Bu mənada, dövlət başçısının Hacıqabul səfəri də istisna deyil. Biz bilirik ki, 2004-cü ildən bu günə qədər regionların sosial –iqtisadi inkişafına dair Dövlət proqramları qəbul edilib və bu proqramlar çərçivəsində regionların inkişafı, regionlarımızda iqtisadi həyatın canlanması, əhalinin rifahının daha da yaxşılaşması istiqamətində mühüm işlər görülür”. Bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, dövlət başçısının səfəri zamanı Hacıqabulda yeni aqroparkın, sənaye məhəlləsinin açılışlarının şahidi olduq: “Bu, yeni iş yerlərinin açılması, regional iqtisadiyyatın dirçəldilməsi və onun milli iqtisadiyyatımızda payının artırılması deməkdir. Əlbəttə, biz bilirik ki, sırf relyef və iqlim baxımından Hacıqabul rayonu heç də münbit torpaqlara sahib əraziləri deyil. Amma buna baxmayaraq, bu bölgədə hektara 60 sentner buğdanın istehsal olunması mühüm hadisədir. Çünki hazırda dünyada aparılan qida müharibələri kontekstində biz milli ərzaq təhlükəsizliyi məsələsini qiymətləndirməyə çalışsaq, görəcəyik ki, ölkənin özünü ərzaq məhsulları ilə təmin etməsi nə qədər əhəmiyyətlidir”.
Millət vəkili qeyd edib ki, Hacıqabul səfəri zamanı Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bir sıra mühüm məsələlərə toxundu: “Mühüm məsələlərdən biri milli-tarixi yaddaşımızla bağlıdır. Cənab Prezident dedi ki, biz 101 əvvəl Zəngəzuru ermənilərə vermişik. Hesab edirəm ki, bu, hər bir azərbaycanlı üçün çağırış idi. Eyni zamanda, dünyaya bir mesaj idi ki, Ermənistan-Azərbaycan münasibətlərini, Dağlıq Qarabağ probleminin kökünü bilmək istəyənlər cəmi 101 il əvvəlki tarixi keçmişimizə ekuskurs etsələr, görəcəklər ki, həqiqətlər nədən ibarətdir. Ona görə də bu çağırış bizim hər birimiz üçün yeni vəzifələr müəyyənləşdirir. 101 əvvəl olan tarixi hadisələrin, yəni İrəvanın, Zəngəzurun, Göyçənin, Dərələyəzin, Lori-Pəmbəkin ermənilərə hansı şərtlərlə və necə verilməsi ilə bağlı milli yaddaşımız üçün vəzifələr müəyyənləşdirir ki, bunu həm dünyaya çatdıraq, həm də özümüz bir millət olaraq yaddaşımızı yenidən təzələyək. Çünki hazırda müharibənin aktiv fazası başa çatıb, amma bundan sonrakı mərhələ mədəniyyətlərin və mənəviyyatların savaşı olacaq. Biz bu savaşa hazır olmalıyıq. Azərbaycan Prezidentinin çağırışı da, bu müharibədə də qalib olmağımız üçündür. Çünki yalnız və yalnız bu şərtlər içərisində bizim qələbəmiz daimi, əbədi ola bilər”.