Home Manşet Azərbaycan hər zaman olduğu kimi Türkiyənin yanındadır

Azərbaycan hər zaman olduğu kimi Türkiyənin yanındadır

623
0
SHARE

Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Baydenin qondarma “erməni soyqırımı”nın növbəti ildönümü ilə bağlı açıqlamasında “soyqırımı” ifadəsini işlətməsi qəbuledilməzdir və dünyanın hər bir yerində yaşayan, özünü turk sayan insanlar üçün təhqirdir. Çünki tarixdə olmayan bir şeyi bu formada bir millətin adına yazmaq onu təhqir etmək deməkdir. Əgər söhbət soyqırımdan gedirsə, onların yaxın keçmişdəki ulu babaları yaşadıqları ərazidə Amerika hindularına qarşı soyqırımı törədiblər. Madam ki, tarixi məsələlərə dövlət və Prezident qarışırsa, onda elə birinci ABŞ-ın özündən başlamaq lazımdır.

Türkiyə dəfələrlə təklif edib ki, bu məsələni tarixçilərin öhdəsinə buraxaq və onlar arxiv materialları əsasında həqiqəti meydana çıxarsınlar. Digər tərəfdən, əgər Türkiyə keçmişinə görə hesabat verməlidirsə, onda ABŞ dövləti qurularkən yerli hinduların qırılması hesabatını kim verməlidir? Əfqanıstanda, İraqda qırılan mülki vətəndaşların hesabatını kim verməlidir? Qarabağda, Xocalıda qətlə yetirilən insanların hesabatını kim verməlidir? ABŞ Prezidenti buna niyə münasibət bildirmir? Lakin cox təəssüf ki, tarixdə olmayan hadisəni qəbul edən ABŞ Prezidenti dünyanın gözü qarşısında ermənilərin törətdiyi və konkret sənədlərdə, audio, videoyazılarda əks olunan Xocalı soyqırımını hələ də görmək istəmir.

Onu da qeyd edək ki, hələ 2009-cu ildə Barak Obama Prezident seçildikdən sonra erməni lobbisinin qarşıya qoyduğu əsas məsələlərdən biri o idi ki, 24 aprel çıxışında soyqırım sözü işlətsin. Düzdür, Barak Obama o zaman soyqırım sözü işlətmədi, erməni dilində olan frazadan istifadə etdi. Elə həmin gün də ABŞ Konqresinin bir qrup nümayəndəsi cənab Obamaya açıq məktub yazdı. Bu məktubun məğzi ondan ibarət idi ki, əgər biz ermənilərə verilən sözü tutmasaq, gələn seçkilərdə Kaliforniya ştatında demokratlar uduzacaq. Bu da gülünc bir məsələdir. Onda belə çıxır ki, hələ o vaxtdan bəri bu boyda ABŞ dövlətini yönəldən erməni lobbisidir?

Azərbaycan hər zaman olduğu kimi Türkiyənin yanındadır və onun beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyini dəstəkləyir. Türkiyənin problemlərini öz problemimiz, sevincini də öz sevincimiz hesab edirik. Bu gün biz bütün türkdilli ölkələrlə birlikdə Türkiyə ilə həmrəy olduğumuzu bildirməliyik. Bütün İslam dünyası bu həmrəyliyə qoşulmalıdır.

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı