11 may 2021-ci il tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində iftar məclisi təşkil edilmişdir. Tədbir müqəddəs Qurani-Kərim ayələrinin və iftar duasının oxuması ilə açılmışdır.
Səfirliyə təşrif buyurmuş dəyərli qonaqları, Gürcüstan rəsmi dövlət qurumları rəhbərliyinin nümayəndələrini və din xadimlərini səmimi qəlbdən salamlayan Azərbaycan Respublikasının Gürcüstandakı Səfiri Faiq Quliyev 11 ayın sultanı olan Ramazanın ehtiva etdiyi nəcib mənalarını qeyd edərək, bu ay ərzində ədalət, saf niyyətlər və nəfsin paklaşdırılması ətrafında insanların birləşməli olduğunu yada salmışdır. Səfirlikdə təşkil edilən iftar məclisində də Azərbaycan, Gürcüstan və Türkiyəni, həm müsəlman, həm də xristian dinini təmsil edən simaların dostcasına, qarşılıqlı hörmət və rəğbət əsasında toplaşması ölkələrimiz və xalqlarımız arasında tarixən formalaşmış sarsılmaz dostluq və qardaşlıq tellərinin bariz nümunəsi kimi diqqətə çatdırılmışdır.
Azərbaycan Respublikasının qonşu Gürcüstanla münasibətlərin inkişafına həmişə prioritet önəm verdiyinə nəzər salan Səfir F.Quliyev ötən günlərdə bu ölkənin Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana etdiyi rəsmi səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunması və ətraflı danışıqların keçirilməsi, eləcə də səfər çərçivəsində digər görüşlərin baş tutması ənənəvi ikitərəfli strateji tərəfdaşlığın daha da irəli aparılmasına yeni təkan verəcəyinə dair əminlik ifadə edilmişdir.
Azərbaycan Respublikasının beynəlxalq müstəvidə hər zaman dost Gürcüstanla həmrəylik göstərməsi, ərazi bütövlüyü prinsipinə sadiq qalması da ölkələrimizi birləşdirən vacib amil kimi səciyyələndirilmişdir. Bu xüsusda, ötən ildə 44 günlük Vətən müharibəsi sayəsində Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərinin bərpa olunması nəinki ölkəmiz, bütün bölgə, o cümlədən dost Gürcüstan üçün də yeni əlverişli şəraitin yaratması ilə yanaşı, sözün əsl mənasında Ədalət Zəfəri kimi vurğulanmışdır.
Ölkələrimiz arasında möhkəm əlaqələrin təmin və inkişaf etdirilməsində Gürcüstanda tarixən yaşamış soydaşlarımızım müstəsna rolu, onların həmişə bu ölkənin sədaqətli vətəndaşları olmaqla, Azərbaycanla mənəvi əlaqələrin inkişaf etdirməsində göstərdiyi əzm və qətiyyət məmnuniyyətlə qeyd edilmişdir.
Səfir F.Quliyev bütün məclis iştirakçılarına qarşıdan gələn Ramazan Bayramı münasibəti ilə bir daha ən xoş və səmimi təbrikləri çatdıraraq, gələcəkdə Azərbaycan, Gürcüstan və Türkiyə strateji tərəfdaşlığının bütün bölgəmiz və xalqlarımız üçün həm maddi, həm də mənəvi cəhətdən daha parlaq nailiyyətlərə gətirəcəyinə dair əminlik ifadə etmişdir.
Tədbirdə öz sözünü söyləyən Gürcüstan Xarici İşlər nazirinin müavini Laşa Darsalia iki ölkə arasında uğurla inkişaf edən strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayaraq, təmsil etdiyi Hökumət başçısı İrakli Qaribaşvilinin Azərbaycana son səfərinin olduqca önəmli olduğu üzərində dayanmışdır. O, Gürcüstanda tarixən yaşayan azərbaycanlıların öz adət-ənənələrini qoruyub saxladığını, ölkənin mədəni rəngarəngliyinə mühüm töhfə verdiyini qeyd edərək, Gürcüstan Hökumətinin də hər zaman bunun üçün şərait yaratdığını söyləmişdir. Hər iki ölkənin ali siyasi rəhbərliyi səviyyəsində müəyyən edilən vəzifələrin bundan sonra da yerinə yetirilməsi sahəsində uğurların əldə ediləcəyinə dair əminliyi bildirən Gürcüstan XİN-i başçısının müavini Azərbaycan tərəfinə, o cümlədən Səfirliyə Gürcüstanla münasibətlərin inkişaf etdirilməsi istiqamətində göstərdiyi xoş məram və fəallıq üçün təşəkkür etmişdir.
Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaqmadze də çıxışında təmsil etdiyi qurum və şəxsən öz adından ölkənin müsəlman icmasının təmsilçilərinə Ramazan Bayramı münasibətilə təbrikləri yetirmişdir. O, başçılıq etdiyi Agentliyin həm ölkə daxilində, həm də qonşu ölkələrlə münasibətlərdə həmişə dinlərarası harmoniyanın təşviq edilməsinə çalışdığını söyləmişdir. Bu baxımdan Azərbaycan və Türkiyə kimi ən yaxın və dost ölkələrdə dini məsələlər sahəsində dövlət siyasətini həyata keçirən qurumlarla müqayisədə Gürcüstanda bu cür Agentliyin nisbətən yeni olduğunu qeyd edən Z.Vashaqmadze Azərbaycan tərəfi ilə qarşılıqlı təmasların və faydalı əməkdaşlığın etməsi üçün çalışmaq niyyətində olduğunu söyləmişdir.
Türkiyə Cümhuriyyətinin Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Fatma Ceren Yazgan də öz çıxışında Azərbaycan Səfirliyin də düzülən qardaş iftar süfrəsində əyləşməkdən məmnun olduğunu bildirərək, bunun dünya miqyasında misli görünməmiş Türkiyə – Azərbaycan münasibətlərinin Gürcüstan torpağında nümayiş etdirilən bariz nümunəsi kimi səciyyələndirmişdir. O, Ramazan dəyərlərinin müasir dünyanın şəraitinə uyğun olaraq birgə təbliğ edilməsinin və bu sahədə bölgəmizdə olan təcrübənin dünya miqyasında örnək ola biləcəyini qeyd etmişdir.
Tbilisi Ruhanı Akademiyası və Seminariyasının rektoru protopresviter Giorgi Zviadadze təmsil etdiyi Gürcüstan Patriarxlığı adından Ramazan Bayramı münasibətilə səmimi salamları və ən xoş təbrikləri yetirərək, gürcü xalqı və Gürcüstan Pravoslav Kilsəsinin də həmişə səmavi dinlərin təbliğ etdiyi dəyərlərin keşiyində durduğunu söyləmiş və bu sahədə qonşu Azərbaycanın dini rəhbərliyi ilə nümunəvi əməkdaşlığın qurduğunu qeyd etmişdir. O, Katolikos-Patriarx II İlia ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə arasında bərqərar olunmuş möhkəm dostluq və qarşılıqlı hörmət münasibətlərinin dəyərli örnəyi kimi təqdim etmişdir. İki dost xalq və dini qurumlar arasında təşəkkül tapmış bütün münasibətlərin gələcəkdə də yüksək səviyyədə davam etdiriləcəyi barədə söz açan kilsə xadimi bunun əhəmiyyətini vurğulamışdır.
Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin rəhbəri Hacı Əli Əliyev öz tərəfindən Qafqazın Şeyxülislamı Hacı Allahşükür Paşazadənin, eləcə də Gürcüstanda yaşayan bütün müsəlmanlar və soydaşlarımızın da Gürcü Pravoslav Kilsəsinin başçısı Katolikos-Patriarx II İliaya bəslədiyi dərin ehtiramını önə çəkərək, Azərbaycan və Gürcüstanın dini qurumları arasındakı sıx əlaqələri təqdirəlayiq dinlərarası əməkdaşlığın bariz misalı kimi qeyd etmiş və bu əlaqələrin gələcəkdə də hər iki xalqın, bütün dindarların xeyirinə mühüm töhfə verəcəyinə dair əminlik ifadə etmişdir.
Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Qərbi Gürcüstan müftisi Adəm Şantadze də öz sözündə Ramazan Bayramının xeyirxah mənaları üzərində dayanaraq, Gürcüstanda əhalinin əzəli parçası olan müsəlman icmasının öz fəaliyyətində həm dini, həm də vətəndaşlıq dəyərlərinin rəhbər tutduğunu söyləmişdir. O, Azərbaycan Səfirliyinə iftar məclisinin təşkil edilməsinə görə təşəkkür bildirərək, bu tədbirə qatılmağından qürur hissi keçirdiyini qeyd etmiş, bu cür rəmzi xarakter daşıyan iftar süfrəsi arxasında üç ölkənin dövlət və din xadimlərinin əyləşməsini olduqca yüksək qiymətləndirmişdir.
Azərbaycan, Gürcüstan və Türkiyənin həm dövlət və hökumətlər, həm də xalq, ictimaiyyət səviyyəsində sarsılmaz dostluğunun təcəssümü olmuş iftar məclisində bütün iştirak edənlər, o cümlədən Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədr müavini Giorgi Ukleba, Gürcü Pravoslav Kilsəsinin protoiereyi Vissarion Tsintsadze, Türkiyənin Gürcüstandakı Səfirliyinin dini məsələlər üzrə müşaviri Ahmet Erdem, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin rəhbəri Hacı Əli Əliyev, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, bu qurumun Şərqi Gürcüstan üzrə müftisi Hacı Etibar Eminov və digər əməkdaşları, Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Mirtağı Əsədov, Gürcüstan “Əhli-Beyt” Cəmiyyətinin sədri Hacı Rasim Məmmədov, “Alul-Beyt” Mərkəzinin sədri Hacı Faiq Nəbiyev, Marneulinin baş axundu Hacı Əziz Nəbiyev, Marneulidəki “İmam Əli” məscidinin axundu Hacı Hacıyev, habelə Azərbaycan Səfirliyinin əməkdaşları mübarək Ramazan ayının sona yetməsi ərəfəsində oxunan dualara qoşulmuş və bütün Gürcüstan, Azərbaycan, Türkiyə, eləcə də dünya müsəlmanlarına ürək təbriklərini yetirmişlər.