Azərbaycanda mövcud olan tolerantlıq mühitinin və bu istiqamətdə aparılan siyasətin Vətən müharibəsi zamanı böyük töhfəsini gördük
Tarixən Qərblə Şərqin kəsişməsində yerləşən bir ölkə kimi bir çox xalqların nümayəndələri Azərbaycan məskunlaşıb və tolerant mühitdə yaşayıblar və onların burada tarixi abidələri də mövcuddur.
Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Deputat bildirib ki, azərbaycanlıların böyüklüyü hər zaman ondan ibarət olub ki, buraya pənah gətirən və məskunlaşan bütün xalqların nümayəndələrinə hər zaman qardaşlıq, dostluq münasibəti bəsləyib və buradakı insanlar həmişə dostluq, qardaşlıq və həmrəylik mühitində yaşayıblar:
“Bu cür birgəyaşayış qoballaşan dünyada inkişafın ən mühüm amillərindən biridir. Prezident İlham Əliyev daim öz siyasətində tolerantlıq mühitinin, multikulturalizm ənənələrinin qorunmasına böyük önəm verib. Bu istiqamətdə ölkəmizdə böyük işlər aparılıb, bir çox beynəlxalq tədbirlər məhz Azərbaycanda baş tutub. Digər tərəfdən Heydər Əliyev Fondu tərəfindən dünyanın bir çox ölkələrində bu istiqamətdə böyük işlər görülüb.
Azərbaycanda mövcud olan tolerantlıq mühitinin və bu istiqamətdə aparılan siyasətin Vətən müharibəsi zamanı böyük töhfəsini gördük, çünki Vətən müharibəsində qələbədə ölkəmizdə olan bütün icmaların payı və töhfəsi oldu. Bütün xalqlardan, etnik və dini icmalardan olan nümayəndələr vahid amal və vahid bayraq altında birləşərək çiyin-çiyinə döyüşməklə Azərbaycanda multikultural dəyərlərə böyük önəm verilməsini və Azərbaycanda bütün xalqlara hər zaman eyni münasibətin olmasını bir daha göstərdilər.
Ermənistanın rəsmi təbliğatı, xüsusi qurumları münaqişənin ilk günlərindən etibarən Azərbaycanda müxtəlif dini, etnik, linqvistik icmalar arasında təfriqə yaratmaq, Azərbaycan dövlətçiliyini zəiflətmək, parçalamaq üçün davamlı iş apardı, bu məqsədlə mərkəzlər, təşkilatlar, KİV-lər quruldu, milyonlarla vəsait xərcləndi. Bu işdə xaricdəki erməni lobbisi, onların havadarları da kifayət qədər fəaliyyət göstərdilər.
44 gün ərzində torpaqlarımızın işğaldan azad olunması üçün bütün etnik və dini icmaların nümayəndələri vahid amal, vahid bayraq altında birləşərək çiyin-çiyinə döyüşməklə bu təbliğatın, bu fəaliyyətin öz hədəfinə çatmadığını, mənasızlığını ortaya qoydu”.
Deputat vurğulayıb ki, qədim Azərbaycan torpağı olan Şuşada keçirilən “Xarıbülbül” festivalında da Azərbaycanda olan bütün xalqların nümayəndələrinin iştirakı Azərbaycanda multikultural dəyərlərin təcəssümü idi: “Orada da xalqlar bunu musiqi, mədəniyyət dili ilə göstərdilər və bütün dünyaya bir mesaj verdilər ki, Azərbaycanda hər zaman milli birlik, milli həmrəylik olub və burada bütün xalqlara qarşı xoş, qardaşlıq münasibəti var. Bu festival Azərbaycanın Vətən müharibəsində əldə etdiyi böyük Zəfərin mədəniyyət sahəsində davamı idi”.
S.Hüseynova qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsini, Müqəddəs Yelisey adına Cotari kilsəsini ziyarət etmələri də Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanmasına verilən diqqətin nəticəsidir:
“Bu bir daha onu göstərir ki, Azərbaycanda bütün xalqların dini və mədəni abidələrinə böyük önəm verilir, onların qorunub saxlanması və bərpa olunması istiqamətində dövlət tərəfindən zəruri tədbirlər görülür. Ermənilərin dağıtdığı və təhqir etdiyi məscidlərin fonunda Azərbaycanın Şuşada Qazançı kilsəsinin təmirinə başlaması ölkəmizin tolerantlığının göstəricisidir”.