Home Cəmiyyət Səhiyyə sisteminin transformasiyası proqramı hazırlanır – TƏBİB

Səhiyyə sisteminin transformasiyası proqramı hazırlanır – TƏBİB

219
0
SHARE

Tibbi sığortanın tətbiqindən sonra xidmət keyfiyyətinin yaxşılaşdırılması və ona vətəndaş əlçatanlığının təmin edilməsi kadrların peşəkarlığı və mövcud səhiyyə sisteminin yeni sistemə transformasiyasından bilavasitə asılıdır.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Trend-ə verilən məlumatda bildirilir ki, qeyd edilən məqsədə nail olmaq üçün səhiyyə sistemini tam əhatə edən dəyişikliklər həyata keçirilməlidir. Bu istiqamətdə TƏBİB-in nümayəndələri beynəlxalq ekspertlərlə birlikdə mütəmadi müzakirələr və təhlillər aparır, səhiyyə sisteminin transformasiyası proqramı üzərində çalışırlar.

Qeyd edək ki, TƏBİB fəaliyyətə başladığı 2020-ci ilin əvvəlində məhdud sayda kadr resursları ilə əsas gücünü qlobal pandemiya ilə mübarizəyə yönəldib. Bir ildən artıq qısa müddət ərzində dövlətimizin birbaşa dəstəyi ilə Vətən müharibəsində yaralanmış döyüşçülərimizin, eləcə də “COVİD-19” xəstəliyinə yoluxmuş şəxslərin müalicəsində yaxından iştirak edib.

Yalnız 2021-ci ilin əvvəlindən artıq ölkəmizdə tam olaraq icbari tibbi sığortaya keçidlə əlaqədar tabeliyindəki tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, tibbi tullantıların idarə olunması, qida təminatı və s. istiqamətlərdə yeni normativ sənədlərin hazırlanmasına və icrasına başlanılıb.
Eyni zamanda, qeyd edilməlidir ki, səhiyyə müəssisələrində qida təminatı ilə bağlı son 30 il ərzində hər hansı normativ sənəd qəbul edilməyib, yalnız bu ilin əvvəlindən başlayaraq TƏBİB tərəfindən “Tibb müəssisələrində təqdim olunan pəhriz növləri”, “Tibb müəssisələrində qidalanmanın təşkili haqqında” təlimat, “Pandemiya dövründə qidalanmaya dair metodik göstərişlər” və s. sənədlər hazırlanıb və razılaşdırma üçün aidiyyatı qurumlara göndərilib.

Səhiyyə sistemlərində yüksək keyfiyyət standartlarını tətbiq edən ölkələrin təcrübəsi göstərir ki, bu sahədə inkişafa nail olmaq üçün yalnız tibb qurumları deyil, cəmiyyətin bütün sferaları, dövlət qurumları, özəl sektor və vətəndaşlarımız həmrəy olmalıdır.