Home Cəmiyyət Gömrük Akademiyası və Baş Prokurorluğun Elm-Tədris Mərkəzi birgə təlimlərə başladı

Gömrük Akademiyası və Baş Prokurorluğun Elm-Tədris Mərkəzi birgə təlimlərə başladı

241
0
SHARE

Gömrük orqanlarının vəzifəli şəxslərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin etmək məqsədilə 17-22 may tarixlərində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Akademiyasının və Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Gömrük işi sahəsində aşkar edilmiş cinayətlərin rəsmiləşdirilməsi xüsusiyyətləri və bu növ cinayətlər üzrə ibtidai araşdırma aparılmasının aktual aspektləri” mövzusunda onlayn birgə təlimlər keçirilir.

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov təlimi giriş sözü ilə açaraq, Mərkəzlə Gömrük Akademiyası arasında yaranmış səmərəli və işgüzar münasibətlər, qarşılıqlı faydalı və ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Bildirilib ki, hazırki birgə təlimlərə prokurorluğun və gömrük orqanlarının peşəkar, təcrübəli əməkdaşları təlimçi qismində cəlb edilmiş və bu tədbir gömrük orqanlarının təhqiqat və əməliyyat-axtarış fəaliyyəti sahəsində xidmət aparan əməkdaşları üçün peşə hazırlığının daha da yüksəldilməsi istiqamətində olduqca faydalı olacaqdır.

Gömrük Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov hər iki qurumun əməkdaşlarının peşəkar hazırlığının vacibliyini qeyd edərək, Akademiyada peşəkar bacarıqların aşılanmasına və formalaşmasına xidmət edən təlimlərin təşkil olunduğunu deyib. Akademiya rəisi Gömrük Akademiyasının Baş Prokurorluğun Elm-Tədris Mərkəzi ilə keçirilən ilk tədbiri olduğunu qeyd edərək, pandemiya ilə əlaqədar olaraq təlimlərin onlayn formatda keçirildiyini bildirib.

Dövlət Gömrük Komitəsi və Baş Prokurorluq arasındakı əməkdaşlıqdan söz açan Akademiya rəisi iki qurumun çox faydalı və səmərəli əməkdaşlıq platformasının qurulduğunu deyib. Bu platformanın tədris sahəsində hər iki qurumun təlim tədris mərkəzlərində, hər iki qurumun əməkdaşlarının peşəkar hazırlığının həyata keçirilməsinə məsul olan qurumların əməkdaşlığı çərçivəsində də inkişaf etdirilməsinin zəruriliyini nəzərə çatdırıb. Qulu Novruzov gələcəkdə həm birgə təlim məzmunlarının hazırlanması, həm də təlim prosesinin səmərəli həyata keçirilməsi ilə bağlı uğurlu əməkdaşlıq formatı qurulacağına ümid etdiyini deyib.

Akademiya rəisi təlimdə iştirak edən prokurorluq və gömrük əməkdaşlarına, həmçinin hər iki qurumun təlimçi qismində cəlb olunan əməkdaşlarına uğurlar arzulayıb.
Təlimlərə cəlb olunan əməkdaşlara dərslər müəyyən edilmiş onlayn platforma üzərindən müvafiq cədvəl üzrə keçirilir. Tədris proqramı Baş Prokurorluğun Elm-Tədris Mərkəzi və Gömrük Akademiyası tərəfindən birgə hazırlanıb.

Təlimlər “Əməliyyat-axtarış tədbirləri və metodları, onların elmi- nəzəri, hüquqi əsasları, praktiki məsələləri və bəzi problemləri”, “Aşkar edilmiş hüquqpozma faktları üzrə foto və videoçəkilişdən istifadəyə dair qanunvericilikdən irəli gələn tələblər”, “Əməliyyat-axtarış tədbirlərinin təşkili və keçirilməsi ilə bağlı sənədlər, onlara verilən tələblər və nəticələrinin sənədləşdirilməsi”, “Aşkar edilmiş hüquqpozma faktları üzrə videoçəkilişdən istifadə metodikası” “Əməliyyat-axtarış tədbirlərinin nəticələrinin cinayət mühakimə icraatında və digər istiqamətlərdə istifadə edilməsi” və digər mövzuları əhatə edən mühazirələr, mühazirə-təqdimatlar və praktiki məşğələlərdən ibarətdir.

Mühazirə və məşğələlər DGK Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və təhqiqat idarəsi Təhqiqat şöbəsinin rəisi Elnur Qurbanov, Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və təhqiqat idarəsi İstintaq şöbəsinin rəisi İlkin Bağırov, Gömrük Akademiyasının “İxtisas fənləri” kafedrasının baş müəllimi Şahin Hüseynov və Baş Prokurorluğun ETM-nin, ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin məsul vəzifəli şəxsləri ilə birgə aparılır.