Ermənistanın Azərbaycana qarşı törədilmiş hərbi cinayətlərinə qiymət vermək vaxtı çatıb.
Trend-in məlumatına görə, bu barədə Fransanın siyasi araşdırmaları ilə tanınan müstəqil “Mediapart” internet nəşrində dərc olunan məqalədə deyilir.
Məqalədə qeyd olunur ki, 2020-ci ilin noyabrında Azərbaycan ordusunun Qarabağı azad etməsindən sonra Bakı 30 ilə yaxın davam etmiş erməni işğalının həm humanitar baxımdan, həm də mədəni və maddi dəyərlər baxımından həmin ərazilərə vurduğu ziyanın hesablanmasına başlayıb:
“1991-ci ildən etibarən dağıntıların həyata keçirildiyi həmin əraziləri bərpa etmək üçün Ermənistanın hərbi cinaəyətlərinə qiymət vermək vaxtı çatıb. Faktiki olaraq Azərbaycanla Ermənistan arasında münaqişəni beynəlxalq hüquq hələ 1993-cü ildə BMT-nin dörd qətnaməsi vasitəsilə mühakimə etmişdi. Amma o zaman bütün bunlar nəticəsiz qaldı. Münaqişə başa çatdıqdan sonra Bakı hərbi cinayətlərə qarşı bir neçə məhkəmə araşdırmasına başlayıb və bu barədə İnsan Hüquqları üzrə Beynəlxalq Federasiyaya məlumat verib”.
Məqalədə həmçinin bildirilir ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Azərbaycanın mülki əhalisini ballistik raketlərlə atəşə tutub və bu, beynəlxalq humanitar hüquq norma və prinsiplərinin kobud şəkildə pozulması deməkdir:
“2020-ci ilin oktyabrın 11-də və 17-də atılan raketlər Gəncənin yaşayış rayonlarını vurub və dinc əhali arasında itkilərə səbəb olub. Azərbaycan şəhərlərinə endirilən zərbələr nəticəsində həlak olan mülki vətəndaşların sayı 100-ə çatır. Bundan başqa, 400 dinc sakin yaralanıb. Erməni ordusunun generallarından biri Movses Akopyan istefa verməmişdən qabaq özü bu barədə etiraf etmişdi. Azərbaycan Ermənistanı hər bir hərbi cinayətə görə məsuliyyətə cəlb etmək və təzminat tələb etmək niyyətindədir. Bundan başqa, regiona silah tədarükünün qarşısını almaq lazımdır. Azərbaycanın Qarabağı qaytarmasından sonra regionda beynəlxalq hüququn bərpa olunmasının vaxtı çatıb”.