Home Manşet Ölkəmiz informasiya siyasətində açıqdır və öz həqiqətlərinin obyektiv şəkildə dünyaya çatdırılmasında maraqlıdır

Ölkəmiz informasiya siyasətində açıqdır və öz həqiqətlərinin obyektiv şəkildə dünyaya çatdırılmasında maraqlıdır

247
0
SHARE

Mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda təşkil etdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə cənab Prezident İlham Əliyev bir daha bütün dünyaya ölkəmizin informasiya siyasətində açıq və öz həqiqətlərinin obyektiv şəkildə dünyaya çatdırılmasında maraqlı olduğunu göstərmiş oldu. Ölkə başçısı ona ünvanlanan çoxsaylı sualları cavablandıraraq 44 günlük müharibədən sonra regionda yaranan yeni reallıqlar və perspektiv əməkdaşlıq imkanları, ölkəmizin bu proseslərdə iştirakı barədə ətraflı məlumat verdi.

Müharibədən əvvəl və müharibə dövründə Azərbaycan həqiqətlərinin obyektiv şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında Prezident İlham Əliyevin müstəsna xidmətləri var. Dövlət başçımızın Vətən müharibəsi dövründə 30-a yaxın aparıcı transmilli media qurumuna verdiyi müsahibələri, çıxışları, bəyanatları, xarici jurnalistlərlə keçirdiyi 4 saatlıq mətbuat konfransı, son olaraq ADA Universitetində dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə görüşə qatılması və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda təşkil etdiyi müzakirələrdə iştirakı, habelə mühüm beynəlxalq platformalarda söylədiyi nitqləri aydın göstərir ki, Prezident İlham Əliyev informasiya siyasətinə yeni yanaşma sərgiləyir. Cənab Prezident istər Azərbaycan reallığının dünyaya çatdırılması, istərsə də erməni şəbəkəsinin yalançı təbliğatının ifşa olunması üçün yeni bir informasiya strategiyası ortaya qoyub. Prezidentin bu informasiya strategiyası həm texnoloji, həm də ideya baxımından tamamilə moderndir, innovativ əsaslar üzərində qurulub və çox ciddi şəkildə effekt verməkdədir.

Ermənistan 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlasa da, əslində bu çirkin siyasətinin qurbanı özü olub. Bu illər ərzində Azərbaycan işğalçı ölkəni bütün layihələrdən kənarda qoyub. Cənubi Qafqazın iqtisadi potensialı digər dövlətlərə uğur gətirsə də, xəstə təfəkkürdən əl çəkməyən Ermənistan bütün bunlardan məhrum edilib. Azərbaycan bundan sonra regionda fəal əməkdaşlıq və inteqrasiya mühitinin yaradılmasının tərəfdarıdır. Lakin ölkəmizlə yanaşı Ermənistan da bu məsələdə aktiv olmalıdır. Ermənistandakı mövcud iqtisadi və sosial problemlərin həlli yolu, bu ölkənin Azərbaycana və Türkiyəyə münasibətdə sərgiləyəcəyi siyasətdən asılıdır. Yalnız bu halda Ermənistan regiondakı iqtisadi proseslərə inteqrasiya edə bilər. Ermənistan iqtisadiyyatının dirçəldilməsinin yeganə yolu, bu ölkənin tranzit imkanlarının yaranmasından keçir. Bu isə təbii ki, Azərbaycan və onun sadiq müttəfiqi Türkiyənin iştirakı olmadan mümkün deyil. Azərbaycanın Ermənistanla əməkdaşlığının perspektivi isə Ermənistanın siyasi rəhbərliyinin davranışlarından asılıdır.

Ümumiyyətlə, Prezident İlham Əliyevin nitqlərinə, bu cür müzakirələrdə iştirakına xarici mediada və siyasi dairələrdə olan maraq onu deməyə əsas verir ki, yeni informasiya strategiyası ölkəmizdə, regionda və dünyada baş verən mühüm proseslərə dair Azərbaycanın mövqeyini və müvafiq mesajları daha effektiv şəkildə beynəlxalq ictimaiyyətə çatdırmaq imkanı verir. Düşünürəm ki, dövlətimizin başçısının Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda təşkil etdiyi müzakirələrdə verdiyi ciddi mesajlar postmüharibə dövründə regionda sülhün və əməkdaşlığın möhkəmlənməsinə öz müsbət təsirini göstərəcək.

 

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı