Home Manşet “Peyvənd millətçiliyi”nə qarşı ölkələr milli səviyyədə deyil, beynəlxalq səviyyədə, birlikdə mübarizə apararaq...

“Peyvənd millətçiliyi”nə qarşı ölkələr milli səviyyədə deyil, beynəlxalq səviyyədə, birlikdə mübarizə apararaq qalib gələ bilərlər

316
0
SHARE

Koronavirusun ilk üzə çıxdığı dövrdən etibarən Azərbaycan ona qarşı ən effektiv mübarizə aparan ölkələrdən olub. İndiyədək Azərbaycan bu istiqamətdə bir sıra vacib və dəyərli təşəbbüslərlə çıxış edib, dünya güclərini həmrəyliyə çağırıb. Məhz, Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının pandemiya ilə mübarizə mövzusunda dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının uğurla keçirilməsi, təşkilatın vaksinasiya ilə əlaqədar qətnamə qəbul etməsi Azərbaycanın beynəlxalq ictimaiyyətin əlaqələndirilmiş birgə fəaliyyətinə böyük töhfələri hesab edilir.

Bu mənada, Azərbaycan pandemiyaya qarşı ölkə daxilində ardıcıl mübarizə tədbirləri gördüyü kimi, beynəlxalq miqyasda da özünü məsuliyyətli dövlət kimi aparması ilə böyük rəğbət qazanıb, qlobal həmrəyliyin möhkəmlənməsinə fəal dəstək nümayiş etdirir.  Bununla yanaşı, Azərbaycan öz beynəlxalq məsuliyyətinə sadiq olaraq könüllü şəkildə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində, eləcə də 30-dan çox ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımı ayırıb. Hətta Azərbaycanın pandemiya ilə uğurlu mübarizəsi ÜST tərəfindən dəfələrlə vurğulanmış, digər ölkələrə nümunə göstərilmişdir.

Mayın 24-də Ümumdünya Səhiyyə Təşkilatının əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının “Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzusuna həsr edilmiş 74-cü sessiyasında Prezidenti İlham Əliyevin xüsusi qonaq qismində videoformatda çıxışı Azərbaycanın beynəlxalq ictimaiyyətin məsuliyyətli və bəşəri dəyərlərinin fəal müdafiəçisi kimi statusunu da gücləndirdiyinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində mühüm rol oynayır.

Cənab Prezident İlham Əliyev sessiyada Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı qlobal mübarizəsini yüksək qiymətləndirərək 2021-ci ilin “Səhiyyə işçiləri ili” elan edilməsini təqdir etmiş və bu ilin əvvəlindən Azərbaycan dövləti tərəfindən həyata keçirilən koronavirusla mübarizə tədbirlərinin səmərəliliyi sayəsində ölkəmizdə yoluxma hallarının sayının minimuma endirilməsi, görülən qabaqlayıcı tədbirlər nəticəsində istər iqtisadiyyatın, istərsə də əhalinin pandemiyanın dağıdıcı təsirinə ən az məruz qaldığını qeyd etmişdir. Cənab Prezidentin vurğuladığı kimi, “Pandemiyanın lap ilk günlərindən Azərbaycanda COVID-19-un əhaliyə mənfi təsirinin minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı praktiki tədbirlər həyata keçirilmişdir. Qısa zaman ərzində 13 modul tipli və 1 daimi xəstəxana inşa edilmişdir. Ölkədə COVID xəstələrinin müalicəsi üçün müəyyən edilmiş xəstəxana çarpayılarının toplam sayı 10 mindən artıqdır. Bununla yanaşı, COVID-in mənfi təsirinə məruz qalmış ölkə vətəndaşlarını və sahibkarlıq subyektlərini dəstəkləmək məqsədilə təxminən 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi təşviq paketi təqdim edilmişdir”.

Davam edən “peyvənd millətçiliyi”, peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlikdən bir  daha narahatlığını ifadə edərək inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağıran dövlətimizin başçısı bununla əlaqədar ölkəmizin birmənalı mövqeyini də açıqlamışdır. Çünki pandemiyaya ölkələr milli səviyyədə deyil, beynəlxalq səviyyədə, birlikdə mübarizə apararaq qalib gələ bilərlər. Əlbəttə, bu təşəbbüslə artıq Azərbaycan bir neçə dəfə çıxış edib. Cənab Prezidentin təşəbbüsü ilə Qoşulmama Hərəkatının sədri qismində Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr edilmiş Zirvə toplantısı keçirilib. Həmçinin yenə ölkə başçısının təşəbbüsü ilə ötən ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib. Bütün bunlar isə onu deməyə əsas verir ki, Azərbaycan bu mübarizədə də nümunəvi addımları ilə dünyaya dərs keçmiş oldu.

Anar Məmmədov

Milli Məclisin deputatı