Home Cəmiyyət Sevil Mikayılova: Prezident İlham Əliyev bir daha göstərdi ki, vəzifəsindən və statusundan...

Sevil Mikayılova: Prezident İlham Əliyev bir daha göstərdi ki, vəzifəsindən və statusundan asılı olmayaraq qanunu pozan heç bir şəxs cəzasız qalmayacaq

535
0
SHARE

Qanunun aliliyinin qorunması hər bir vətəndaş tərəfindən təmin olunmalıdır. Qanun qarşısında hamı bərabərdir və tutduğu vəzifəsindən, statusundan, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq hər kəs qəbul olunmuş qanunlara hörmətlə və məsuliyyətlə yanaşmalıdır.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Deputat bildirib ki, hazırda toy məclislərinin təşkil olunması karantin qaydalarına ziddir, Nazirlər Kabineti yanında Operativ Qərərgahın da bununla bağlı müvafiq qərarı var:

“Bu qərarın xüsusilə də dövlət məmurları tərəfindən pozulması bağışlanmazdır. Azərbaycan Prezidenti ölkədə qanunun aliliyinin qarantıdır, hər kəsin qanun qarşısında məsuliyyəti və cavabdehliyi ali iradənin tələbidir. Heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza və qanunun tələblərinə hörmətsiz yanaşa bilməz. Belə şəxslər də müəyyən olunduqda mütləq şəkildə məsuliyyətə cəlb edilirlər, onların barəsində cəza tədbirləri görülür və qarşıdan gələn dövrdə bu tədbirlər daha da sərtləşdiriləcək.

Keçmiş millət vəkili İlham Əliyevin övladı, Prezident Administrasiyasının keçmiş rəhbəri və hazırda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasiminin hazırki pandemiya dönəmində təşkil olunması da kobud qanun pozuntusudur. Artıq toyu təşkil edənlər qanuna uyğun olaraq cəzalandırılıb. Prezident İlham Əliyev bir daha göstərdi ki, vəzifəsindən və statusundan asılı olmayaraq qanunu pozan heç bir şəxs cəzasız qalmayacaq”.

S.Mikayılova vurğulayıb ki, bu gün əlində xonçası qalan yüzlərlə analar var ki, övladlarına toy mərasimi keçirmək üçün vəziyyətin normallaşmasını gözləyirlər:

“Çox təəssüf ki, vətəndaşların bu məsuliyyətini kölgədə qoyan və öz istəyi ilə qanunun çəkisini aşağı salan insanlar cəmiyyətimizdə pozuntular yaradırlar. İstənilən sahədə qanunun pozulması xoşagəlməz nəticələr verir və bu cür hallara qarşı Azərbaycan qanunlarının bütün sərtliyi ilə mübarizə aparmaq lazımdır.

Karantin elan olunmasının məqsədi Azərbaycan vətəndaşlarının sağlamlığını və onların təhlükəsizliyini təmin etməkdir. Kütləvi toplaşmalar koronavirusun yayılması üçün münbit şərait yaradır və buna görə də çalışmaq lazımdır ki, bu cür kütləvi tədbirlərə yol verilməsin. Operativ Qərargahın da ilk qəbul etdiyi qərarlardan biri kütləvi tədbirlərin keçirilməsinin qadağan olunmasıdır. Məqsəd isə virusun yayılma miqyasının qarşısının alınmasıdır. Çox təəssüf ki, biz xoşagəlməz hallarla, qanun pozuntular ilə rastlaşırıq.

Xüsusilə cəmiyyətdə çəkisi olan və dövlət xidmətində uzun illər çalışmış və hazırda çalışan insanlar tərəfindən qanuna qarşı belə hörmətsizliyin göstərilməsi qəbulolunmazdır və bağışlanmazdır. İstənilən vətəndaş qanunun tələblərinin qorunması üçün öz məsuliyyətini dərk etməlidir və anlamalıdır ki, karantin rejimində qanunun pozulması ilə təkcə özünün yox, başqalarının da təhlükəsizliyini zərbə altına qoyur.

Bu gün vətəndaşların bununla bağlı etirazları anlaşılandır. Bu cür hadisələr vətəndaşları hiddətləndirir və onlar belə pozuntulara qarşı Azərbaycan qanunlarının bütün sərtliyi ilə xüsusi tədbirlərin görülməsini istəyirlər”.