Home Manşet Sədaqət Vəliyeva: Qurtuluş məfkurəsi Azərbaycanın uğurlu inkişafının ideya əsasıdır

Sədaqət Vəliyeva: Qurtuluş məfkurəsi Azərbaycanın uğurlu inkişafının ideya əsasıdır

515
0
SHARE

“1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu mənada, qurtuluş məfkurəsi Azərbaycanın uğurlu inkişafının ideya əsasıdır və bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır”. Bunu Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva vurğulayıb ki, 1993-cü il iyunun 9-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xalqın təkidli tələbi ilə Bakıya qayıdıb və ölkənin xaos, vətəndaş qarşıdurması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas edilməsi tarixi missiyasını həyata keçirməyə başlayıb: “1993-cü il iyunun 15-də Heydər Əliyev Ali Sovetin Sədri seçilib və həmin gün Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi düşüb. Çünki AXC-Müsavat hakimiyyətinin səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, 1993-sü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən silahlı dəstələrin yol verdikləri başıpozuq fəaliyyət, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyillərinin baş qaldırması Azərbaycanı bir dövlət kimi varlığına son qoyulması təhlükəsi ilə üzləşdirmişdi. Səriştəsiz rəhbərliyin yarıtmaz fəaliyyəti nəticəsində müstəqilliyimiz süquta uğramaq təhlükəsi ilə qarşı-qarşıya idi. Dövlət əmlakının açıq-aşkar mənimsənilməsi, qeyri-qanuni yolla xaricə satılması, bir sözlə, dövlət əmlakının talan edilməsi adi hala çevrilmişdi. Kriminal düşüncəli şəxslər vəzifəyə gətirilmişdi, ölkədə mənəviyyatsızlıq hökm sürürdü. Daxili İşlər naziri insanları qanunsuz həbs edirdi, məhkəməsiz 700 nəfər məhbusu azadlığa buraxıb silahlandırmışdı. Hakimiyyət daxilində Müsavat, Yurd, “Boz qurd”, “boz pencəklilər” və s. kiçik qruplaşmalar yaranaraq bir-birinə qarşı və birincilik uğrunda mübarizə aparırdı. Əli Kərimlinin nəzarətində olan media qurumları Baş Nazir və spikeri ələ salırdı, prezidentin özünə yaxın AXC İcraiyyə Komitəsi rəsmi bəyanatla nazirləri, parlament sədrini dövlətə və ya hakimiyyətə xəyanətdə ittiham edirdi. Əlbəttə ki, bu qüvvələrin hakimiyyətə gəlməsi ilə Azərbaycanın yeni tarixinin ən faciəli dövrü başlanmışdı. Məhz AXC-“Müsavat” cütlüyünün birillik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələndi”.

“Belə bir vəziyyətdə o zamankı hakimiyyət ulu öndər Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, xalqın təkidli tələbi və iqtidarın çoxsaylı xahişi ilə Ümummilli Liderimiz Bakıya qayıtdı: “Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Ölkəmizdə asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. Həmçinin idarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı, neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Bir sözlə, Ümummilli Liderimiz Heydər Əliyevin siyasi rəhbərliyə qayıtması, ölkəmizi məhv olmaqdan xilas etməsi, Azərbaycanı güclü, dinamik inkişaf edən və milli varlığımızı yaşadan dövlətə çevirməsi təkcə bugünkü deyil, gələcək nəsillər, Azərbaycan amalını qəlbində yaşadan bütün insanlar üçün böyük əhəmiyyət kəsb edən dövlətçilik təcrübəsi oldu”.

Sədaqət Vəliyeva bildirib ki, ulu öndər Heydər Əliyev tarix baxımından çox qısa müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını yaratmağa, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter almasına nail olub: “Milli Qurtuluş Günü Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biridir. Bu günün mənası təkcə ölkənin xaos və anarxiyadan xilas edilməsi, xarici və daxili düşmənlərin Azərbaycanı parçalamaq, müstəqil dövlətimizi məhv etmək planlarının puça çıxarılması ilə məhdudlaşmır. Bu tarixi gün, eyni zamanda, Azərbaycanın dünya birliyinə qovuşması, dünya dövlətləri tərəfindən tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi xalqın nicatına yol açıb, Azərbaycan parçalanmaq və vətəndaş müharibəsi təhlükəsindən qurtularaq güclü bir dövlətə çevrilib. Eyni zamanda, ölkəmizdə 1993-cü ildən etibarən həyata keçirilən siyasi xəttin prioritetlərini təşkil edən dünyəvi, hüquqi dövlət quruculuğu yönündə atılan addımlar demokratiyanın, insan hüquq və azadlıqlarının təməl prinsiplərinin bərqərar olunmasına zəmin yaradıb”.