“Şuşa Bəyannaməsini regionun yeni geosiyasi reallıqlarını rəsmiləşdirən və bölgədə sülhə, əminamanlığa zəmin yaradan, həm də zəmanət verən bir sənəd kimi qiymətləndirənlər qənaətlərində haqlıdırlar. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan Şuşa Bəyannaməsi iki qardaş dövlətin birliyinin parlaq təzahürü olmaqla ölkələrimizin gələcək inkişafına, təhlükəsizliyinə xidmət etməklə bərabər, həm də qonşu dövlətlərin, xüsusilə böhran vəziyyətində qalan Ermənistanın gələcək inkişafı üçün çox faydalıdır”. Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
T.Rzayev bildirib ki, bu sənəd özündə çox mühüm strateji məqsədləri, siyasi – iqtisadi, ideoloji, hərbi, texniki, mənəvi vəzifələri birləşdirməklə ümumiyyətlə Cənubi Qafqazda qonşu xalqların birgə, təhlükəsiz yaşamasını ehtiva edir.
Onun sözlərinə görə, ölkəmizin hərbi əməkdaşlığının möhkəmləndirilməsi baxımından böyük əhəmiyyətə malik olan Şuşa Bəyannaməsinin imzalanması heç də təsadüfü deyil və bu uzun illər işğal altında olan torpaqlarımızın gələcəkdə bir daha zəbt edilməməsi üçün atılan uğurlu addımdır: “Çünki bu gün qardaş Türkiyə ilə, eləcə də başqa dövlətlərlə hərbi əməkdaşlığımızın yüksək səviyyədə təmin edilməsi dövlətimizin müstəqilliyinin, ərazi bütövlüyünün qorunması, xalqımızın təhlükəsiz yaşaması üçün böyük önəm daşıyır. 30 il düşmən tapdağı altında qalan torpaqlarımızın, viran edilən şəhər və kəndlərimizin acı taleyi bu gün Azərbaycan dövlətindən öz hərbi qüdrətini daha da artırmağı, ordunu müasir silahlarla silahlandırmağı, əsgər və zabitlərimizin hərbi peşəkarlığını artırmağı tələb edir. Bu tələblər qardaş Türkiyə ilə birgə həyata keçirildiyi üçün uğurlarımız böyük, qələbələrimiz möhtəşəmdir. Şuşa Bəyannaməsi bu qələbələrin artacağına, uğurlarımızın daha möhtəşəm olacağına yeni zəmanət verir”.