Çox möhtəşəm təəssüratla ayrıldım Bakı Ali Neft Məktəbində keçirilən dünənki məzun törənindən. Ən maraqlısı da şəhid atası xalq artisti Əli Nurun məzunların qarşısında çıxışa dəvət olunması idi. Bu cür insanların verdiyi mesajlar olduqca önəmlidir məzunlarımız üçün.
Bakı Ali Neft Məktəbi modern ali təhsil meyarlarına cavab verən az sayda təhsil ocaqlarımızdan biridir. Həm maddi texniki bazasına görə, həm də təhsil standartlarına görə başqa məktəblərdən fərqlənir. Burada SOCAR kimi böyük şirkətin himayəsi aparıcı amillərdən biri də olsa, fikrimcə uğurun əsas səbəbi məktəbin rektoru Elmar Qasımovun tələbələrlə və müəllimlərlə qurduğu səmimi münasibətlərdir. Təhsil atmosferində bu çox vacib faktordur. Qarşılıqlı güvəndən başlayır keyfiyyətli təhsil. Ən əsası da rektorun öz çıxışında vurğuladığı bir məqamdır: “bizim tələbələrdən heç biri işsiz qalmayacaq, buna söz verirəm”. Statistika da bunu göstərir ki, bu məktəbin məzunları artıq neft və yeni texnologiyaya aid sahələrdə məşğulluqla bağlı hansısa problem yaşamırlar.
Yeniləşən Azərbaycanı bu kimi təhsil ocaqlarında görürsən, duyursan. O məzunların üzlərindəki ümidlə Azərbaycanın gələcəyini oxumaq mümkün olur. Bu məktəbdə məzunların davranışından, çıxışlarından düşüncə sərbəstliyini dərhal sezirsən. Diplom almağa gələn tələbələrin rektorla pandemiya qaydalarına uyğun səmimi “yumruqlaşması” da ayrı bir sağlam ünsiyyət tablosu cızırdı. Bu məktəbin rektoru başda olmaqla, bütün müəllimlərini, məzunlarını, tələbələrini, texniki işçilərini təbrik etməyə dəyər: İçi mən qarışıq dəvət olunan insanlara yaxşı bir ovqat yaşatdıqlarına görə.
Fazil Mustafa, Millət vəkili