Home Cəmiyyət Valideynlər övladlarının narkotik istifadəçisi olduğunu gizlətməyə, qeyri-rəsmi müalicəyə çalışırlar – Ekspert

Valideynlər övladlarının narkotik istifadəçisi olduğunu gizlətməyə, qeyri-rəsmi müalicəyə çalışırlar – Ekspert

259
0
SHARE

Bakı. Çingiz Səfərli – Trend:

Gizli narkomaniyanı üzə çıxarmaq üçün əvəzedici müalicə proqramlarının geniş surətdə tətbiqi labüddür.

Bunu Trend-ə açıqlmasında psixiatr-narkoloq, tibb elmləri doktoru, professor Araz Əliquliyev deyib. O bildirib ki, bu, narkotik maddə istifadəçilərinin real sayının üzə çıxarılmasına da imkan verəcək:

“Təəssüflə qeyd etməliyik ki, bu gün Səhiyyə Nazirliyi tərəfindən qeydə alınan 34 min xəstə sayı real rəqəmə heç də yaxın deyil. Qeydiyyata alınmış xəstələr tibb müəssisələrinə müraciət edən və ya hüquq mühafizə orqanları tərəfindən qeydə alınan bu və ya digər cinayət törətmiş şəxslərdir. Nəzərə alsaq ki, narkotik istifadəçisi kimi qeydə alınanların 75 faizi xüsusən hüquq mühafizə orqanları tərəfindən müəyyən edilmiş şəxslərdir, bu o deməkdir ki, onların əksəriyyəti faktiki olaraq tibb müəssisəsinin üzünü görməyib. Onu da qeyd etmək lazımdır ki, 34 min nəfər arasında ağır narkotik istifadəçilərinin sayı da həddindən artıq çoxdur. Bu isə o deməkdir ki, biz onların yüngül narkotiklərdən istifadə mərhələsini aşkarlamırıq. Buna “latent narkomaniya” deyilir. Bu müddət 7-8 ildir. Yəni, həmin şəxs 7-8 il narkotik maddələrlə təmasdadır, amma o nə tibb müəssisələri üçün, nə digər orqanlar üçün bəlli deyil. Valideynlər bilsələr də, onlar bu məsələni gizlətməyə, qeyri-rəsmi müalicə etməyə çalışırlar. Bu da mənfi nəticələr verir. Bu xəstəliyin müalicəsi uzun vaxt, peşəkar yanaşma tələb edir. Ən azı 1 il bu müalicə davam etməlidir”.

Ekspert həmçinin qeyd edib ki, bu vəziyyətə gəlib düşən insanların cəmiyyətdə əvvəlki yerini tutması, sağalma ümidini yaratmaq üçün sosial proqramların tətbiqi lazımdır:

“Bu vasitə ilə həmin xəstələr məntəqələrə müraciət edəcək. Və nəticədə oradakı könüllülərlə ünsiyyətdə olduqca, etibar yarandıqca, problemləri həll olunduqca, onların müalicəyə cəlb edilməsi də mümkün olacaq və kriminogen davranışlardan uzaq olmaları təmin ediləcək. Bu proqramların davamı olaraq sosial təminat orqanları da buna yardımçı ola bilər. Polis orqanları onları tutmaqla deyil, kömək etməklə davranışlarının qarşısını ala bilərlər. Onları normal məcraya yönəldə, nəzarət altında saxlamaqla bu xəstəliyə meyilliliyi azalda bilərik. Həmçinin, bu tədbirlər yeniyetmələr, gənclər arasında da təlim-tərbiyə işlərini gücləndirməyə imkan verəcək”.

Twitter:@cingizsafarli