Home Gündəm Azərbaycan Prezidenti: Türkiyənin müdafiə sənayesi çox sürətlə inkişaf edir, biz də bundan...

Azərbaycan Prezidenti: Türkiyənin müdafiə sənayesi çox sürətlə inkişaf edir, biz də bundan faydalanırıq və faydalanacağıq

230
0
SHARE

Bakı. Trend:

İkinci Qarabağ savaşının ilk saatlarında əziz Qardaşım Rəcəb Tayyib Ərdoğanın qətiyyətli açıqlamaları çox böyük və müsbət rol oynadı. O demişdir ki, Türkiyə Azərbaycanın yanındadır və Azərbaycanın haqq işində Türkiyə Azərbaycana siyasi və mənəvi dəstək verir və verəcəkdir. Bunun çox böyük mənası var idi. Çünki bu, bir çoxlarını məsələyə müdaxilə etməkdən çəkindirdi. Çünki bilmək olmurdu bəzi ölkələr özlərini necə aparacaqlar.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində bildirib.

Dövlətimizin başçısı deyib: “Bəzi ölkələrin İkinci Qarabağ savaşı dönəmində sərgilədikləri siyasi mövqe onu göstərir ki, onlar Ermənistan tərəfində idilər. Onlar şər qüvvələrin tərəfində idilər, işğalçının, zalımın, vəhşinin tərəfində idilər. Heç bir izahat, məntiqə əsaslanan hər hansı bir söz onların mövqeyinə təsir etmirdi. Onlar real həqiqəti görmək istəmirdilər və bizi ittiham edirdilər, sanki biz işğalçıyıq. Mən isə deyirdim ki, biz öz torpağımızda savaş aparırıq. BMT Nizamnaməsi bu hüququ bizə verir. Hər bir ölkə özünü müdafiə edə bilər və bu hüquq Birləşmiş Millətlər Təşkilatı tərəfindən verilib. Ancaq buna baxmayaraq, bizə qarşı çox çirkin şər-böhtan kampaniyası aparılırdı. Biz bilirik bunun arxasında kimlər dayanır. Ona görə Türkiyənin Cümhurbaşqanının və digər yüksək vəzifəli şəxslərin – müdafiə, xarici işlər nazirlərinin, parlament sədrinin açıqlamaları, əlbəttə, bir çoxlarını çəkindirdi. Əlbəttə ki, Türkiyədən alınmış müasir silahlar, bayraktarlar daxil olmaqla bizim işimizi böyük dərəcədə yüngülləşdirdi və insan itkisinin çox olmamasına da səbəb oldu. Çünki əgər bu silahlar bizdə olmasaydı, əlbəttə, bizim işimiz daha çətin olardı, daha çox şəhidlər olacaqdı, bu, şübhəsiz. Ancaq biz Türkiyədən təkcə silahlı PUA-lar deyil, başqa silahlar da almışdıq – “qasırğa”lar, hərbi maşınlar, “kobra”lar. Yəni, bir çox silahlar var və bu proses davam edir. Maşallah, Türkiyənin müdafiə sənayesi çox sürətlə inkişaf edir və əlbəttə ki, biz də bundan faydalanırıq və faydalanacağıq”.