“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aqrar sektora göstərdiyi qayğı və diqqət bütün sahələrdə olduğu kimi, pambıqçılığın inkişafına da güclü təkan verir. Keçən ilin çətin pandemiya dövründə 336 min tondan çox pambıq istehsal olunub. Pambıq üzrə orta məhsuldarlıq 33.6 sent/ha təşkil edib. Bu, son illər ərzində pambıqçılıqda qeydə alınan ən yüksək məhsuldarlıqdır”.
Bu sözləri tan.az–a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.
O, bildirib ki, bu nəticələrin əldə olunması aqrar sektorda qəbul edilmiş Dövlət Proqramı, qərarlar, həyata keçirilən layihələr, vaxtında verilən tapşırıqlarla bağlıdır:
“Qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatının mühüm rol oynaması nəzərə alınaraq bu sahədə tədbirlər ardıcıl şəkildə həyata keçilir. Aqrar sahənin müasir üsullarla, yeni texnologiyalarla idarə olunmasını mühüm məsələ kimi irəli sürən Dövlət Başçısı eyni zamanda, fermerlərin maddi marağının təmin olunmasına, pambığın satış qiymətinin, bu sahəyə ayrılan subsidiyaların artırılmasını vacib hesab edir”.
Millət vəkilinin sözlərinə görə hazırda təhvil verilən pambığın hər tonuna görə fermerlərə 100 manat dəyərində subsidiya ödənilir:
“Bundan əlavə fermerlərə pambıq əkin sahələrinin hər hektarına görə 260 manat əkin subsidiyası verilir. Bu günlərdə isə cənab Prezidentin tapşırığına əsasən pambığın növlərinə görə alış qiyməti hər tona görə 50 manat artılıb. Bu da fermerlərə daha yüksək məhsul əldə etmək üçün stimul verir. Pambıqçılıqla məşğul olan fermerlər Ölkə Rəhbərinin pambıqçılığın inkişafına göstərdiyi qayğı və diqqəti yüksək qiymətləndirirlər. Çətin hava şəraitinə baxmayaraq fermerlər bir neçə gün sonra pambıq yığımına başlayacaq və bu il də pambıqçılıq sahəsində uğurlu nəticələr əldə ediləcək”