Home Gündəm Azərbaycanda BMT-nin yeni bir mərhələyə qədəm qoyması üçün əlverişli şərait yaranıb –...

Azərbaycanda BMT-nin yeni bir mərhələyə qədəm qoyması üçün əlverişli şərait yaranıb – Deputat

216
0
SHARE

Bakı. Humay Ağacanova -Trend:

BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü ATƏT-in Minsk qrupu tərəfindən formalaşıb və onlara mandat verilib ki, məhz Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etsinlər. Ancaq görünür, onlar bunda ya maraqlı olmayıblar ya da öz geosiyasi maraqları üçün heç bir fəaliyyət göstərməyiblər.

Bu sözləri Trend-ə verdiyi açıqlamada Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat qeyd edib ki, avqustun 24-də BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi Vladanka Andreyevanı qəbul edən Prezident İlham Əliyev bir sıra vacib məqamlara toxunub: “ Ölkə başçısı beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrin qurulması, inkişaf etdirilməsi, həmçinin Azərbaycanın beynəlxalq münasibətlər sisteminə verdiyi töhfələrdən geniş söhbət açıb, eyni zamanda məhz 44 günlük Vətən müharibəsində Azərbaycanın öz gücü ilə BMT-nin 28 il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını təmin etməsilə bağlı fikirlər söyləyib”.

C.Osmanovun sözlərinə görə, Ermənistanla müharibənin başlanmasının bir səbəbi də ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətsizliyi və ikili standartlardan çıxış etməsi olub. Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı zaman bütün infrastrukturlarla, evlərlə bərabər Azərbaycanın tarix-mədəni abidlərini yerlə-yeksan edərək vandalizm nümayiş etdirib. Bununla bağlı Azərbaycan YUNESKO-ya dəfələrlə müraciət etsə də, YUNESKO müxtəlif bəhanələr gətirərək gəlməkdən imtina edib:

“Azərbaycan artıq yeni geosiyasi reallıqlar yaradıb. BMT-nin burada bir çox məsələlərdə iştirakı ola bilər. Dağıdılmış tarixi-mədəni abidələrimizin bərpası, Azərbaycanın 1 milyona yaxın məcburi köçkününün öz evlərinə qayıtmaları üçün mina xəritələrinin Azərbaycan tərəfinə verilməsi üçün Ermənistana təzyiq göstərilməsində, sanskiyalar tətbiq edilməsində BMT-nin dəstəyini gözləyirik. Azərbaycanda BMT-nin yeni bir mərhələyə qədəm qoyması üçün əlverişli şərait yaranıb və gözləntilərimiz bu istiqamətdə çox böyükdür.”