Home Gündəm Tahir Rzayev: Ölkədə heyvanların sayı ilbəil atır və müəyyən cins dəyişiklikləri olub

Tahir Rzayev: Ölkədə heyvanların sayı ilbəil atır və müəyyən cins dəyişiklikləri olub

258
0
SHARE

Azərbaycanda özəl baytarlıq xidmətinə keçid prosesinə start verilir.

Özəl baytarlıq xidmətinə keçid ölkədə mövcud olan və dövlət büdcəsindən maliyyələşən 798 sahə baytarlıq məntəqəsində çalışan 1624 sahə baytar həkimini əhatə edir. Adıçəkilən xidmət növünə keçilməsi bir neçə səbəblə əlaqələndirilir və bunlardan biri kimi göstərilir ki, özəl baytarlıq xidmətinə keçməklə xüsusi təhlükəli xəstəliklərin vaxtında və çevik şəkildə aşkarlanması və mübarizə tədbirlərinin ləngimədən təşkili mümkün olacaq.

Eləcə də daha keyfiyyətli baytarlıq xidmətinin təşkili nəticəsində ölkədə mövcud olan xüsusi təhlükəli xəstəliklərin sayı və heyvandarlıq sahəsinə dəyən iqtisadi zərər azalacaq.

Maraqlıdır ki, özəl baytarlıq xidməti, hazırda ölkədə fəaliyyəti mövcud olmayan bir sahəyə çevrilmiş, bu sahədə çalışanların bir qisminin işsiz qaldığı, ancaq hər il “baytarlıq təbabəti”ndən məzun olan çox sayda kadrların problemlərinin həllinə nail ola biləcəkmi və həqiqətən də bu islahatlar ölkəyə dəyən iqtisadi zərəri azaldacaqmı?

Millət vəkili Tahir Rzayev tan.az-a bildirib ki, ölkədə heyvanların sayı ilbəil atır və müəyyən cins dəyişiklikləri olub:
“Heyvanlar arasında baş verən təhlükəli xəstəliklər və onların da artmasında müəyyən hallar müşahidə olunur. Məhz belə bir şəraitdə dövlət bütün baytarlıq xidmətini öz üzərinə götürə bilməz, çətinlik yaranır. Çünki hər bir heyvana baytarlıq xidməti göstərmək üçün mütəxəsislər lazımdır. Həmin mütəxəssislər vaxtaşırı yerlərdə olmalı, heyvanları nəzarətdə saxlamalıdırlar. Biz beynəlxalq təcrübəni rəhbər tutaraq belə bir qərara qəldik ki, mütləq özəl baytarlıq xidməti yaradılmalıdır.

Baytarlıq məntəqələri ləğv olunmalı, onun yerində özəl baytarlıq xidmətləri fəaliyyət göstərməlidir. Sahibkarlar, fermerlər, heyvandarlıqla məşğul olanlar bu baytarlıq mütəxəssisləri ilə müqavilələr bağlamalıdırlar. Bu müqavilələr əsasında baytarlar vaxtaşırı olaraq onlara öz məsləhətlərini verməli, xidmət göstərməlidirlər. Bugünlərdə bu mövzuda təşkil olunan tədbirdə mən də təklif verdim ki, öhdəsində 10 baş iribuynuzlu, 50 baş xırdabuynuzlu mal-qarası olan fermer mütləq baytar mütəxəssisi ilə əlaqə saxlasın. Yaxud da bir neçə fermer özləri üçün daimi olaraq baytar, zootexnik seçə bilər. Bu, cüzi bir məbləğdir. Çünki elə olur ki, fermada 100 baş heyvan birdən qırılır. Eyni zamanda, başqa sahələrə də xəstəliklərin yayılmasına şərait yaradırlar”.

Millət vəkili deyir ki, xarici ölkələrdə sahə həkimi olduğu kimi müəyyən fermerlər cəmləşib baytar, zootexniklə birgə çalışır, yaxud da müqavilə bağlayıb vaxtaşırı yerlərdə olur, lazımi məsləhətlər verirlər:

“KTN və AQTA gələcəkdə bunu baytarlıq xidmətinin yaxşılaşdırılmasına, həm də baytarların özlərinin iş təcrübəsinin yüksəldilməsinə əsaslanaraq həyata keçirirlər. Bu, bir həqiqətdir ki, baytar həkimləri çatışmır, xüsusilə də yaxşı baytar həkimləri yoxdur. Ancaq özəl baytarlıq xidməti yaranandan sonra bu kadrlara ehtiyac çoxalacaq. Digər tərəfdən, onlar xeyli dərəcədə təkmilləşəcəklər. Onların gəlirləri artacaq, baytarlar çox az maaş alırlar. Özəl baytarlıq ximəti yaranandan, onlara müəyyən sertifikat veriləndən sonra əlaqə yaratdıqları, müqavilə bağladıqları fermerlərdən bəhrələnəcəklər və həm əmək haqları artacaq, həm də peşə səviyyəsi yüksələcək”.

Bu istiqamətdə mövcud problemlərin ölkə iqtisadiyyatına vurduğu zərərə gəldikdə isə millət vəkilinin sözlərinə görə, heyvandarlığın inkişafı mal-qaranın qorunması, məhsuladar cinslərin yetişdirilməsindən keçir:

“Əgər sağlam heyvan yoxdursa, onun südü, əti də keyfiyyətsizdir. Bunun dövlətə nə xeyri ola bilər? Əgər sağlam olarsa, yüksək çəkidə olacaq, yaxşə bala verəcək, süd, ət məhsulu da yaxşı olacaq və əhali də keyfiyyətli məhsulla təmin olunacaq. Dünyada hər il 4,2 milyard ton qida məhsulu istehsal olunur , ancaq onun 1,8 milyard tonu çıxara gedir, demək keyfiyyətsizdir. Mal-qara xəstədirsə, onun əti, südü nə qədər keyfiyyətli ola bilər? Bu baxımdan, özəl xidmət digərlərinə nisbətən öz məsuliyyətini daha dərindən başa düşə bilər. Bu gün baytar gedib bir heyvana iynə vurub çııxıb gedir. Ancaq baytar həkimi müqavilə bağlayıbsa, fermer o baytarı istənilən vaxt məhkəməyə verə, ondan işinin nəticəsinin tələb edə də bilər. Bununla həm də baytarların məsuliyyəti artacaq, peşə hazırlığı yüksələcək, istəyəcəklər ki, daha çox oxuyub öyrənsinlər ki, yaxşı da ximət göstərsinlər”.