Sentyabrın 14-də Prezident İlham Əliyev yeni təyin olunmuş icra başçıları ilə videokonfrans keçirib. Görüşdə bəzi icra başçılarının özbaşınalıqlarına dair səslənən fikirlər və yeni icra başçıları qarşısında qoyulan tələblər millət vəkilləri tərəfindən də müsbət qarşılanıb. Millət vəkili, politoloq Arzu Nağıyev Olaylar.az-a eksklüziv açıqlamasında bildirib ki, vəzifəyə təyin olunan şəxslərə böyük etimad verilir. Etimad göstərilən hər bir şəxs isə tutduğu vəzifəsindən asılı olaraq, əsas məramı- məqsədi bu xalqa, vətəndaşa xidmət etməkdən ibarətdir: “Cənab Prezident videokonfransda bir daha vurğuladı ki, etimad göstərilən məmur daim öz yerində olmalı, Azərbaycanın yeritdiyi, həm daxili, həm xarici siyasəti, öz tutduğu vəzifəsində də mütləq şəkildə bir istiqamət kimi götürülməlidir. Ona görə də hər bir məmura tövsiyyə ondan ibarətdir ki, öz vətəndaşının yanında olsun, istər iqtisadi, istər mənəvi, hərbi, istərsə də siyasi cəhətdən islahatların keçirilməsində özü bir örnək olsun.”Millət vəkili digər məsələlərə də toxunub: “Mənəvi məsələlərə də çox ciddi fikir verilməlidir. Bildiyiniz kimi 44 günlük müharibədən sonra Azərbaycanda həssas təbəqələr yaranıb. İstər qazilər, istər müharibə veteranları, istərsə də şəhid ailələri – bütün bunların hamısına çox ciddi yanaşılmalıdır. Təəssüflər olsun ki, bəzi məmurlar hansı ki, sonları həbslə nəticələndi, onlar bu həssas təbəqənin də halal qazandığı vəsaiti mənimsəməyə çalışdılar. Onların haqqına girdilər. Bunun da sonunun necə nəticələndiyi hər kəsə məlumdur. Buna görə də mütləq şəkildə dəyişikliklər olmalıdır. Reformalar, islahatlar getməlidir. Təxminən 2018-ci ildən başlayaraq cənab Prezidentin apardığı islahatlar, kadr islahatları eyni zamanda iqtisadi islahatlar öz bəhrəsini verməkdədir. Bu istiqamətdə də çox ciddi addımlar atılır. Bunun icrası isə yerlərdəki məmurlardan çox asılıdır.”