Home Manşet Prezident İlham Əliyev – adını ölkə və dünya hərb tarixinə həkk etdirmiş...

Prezident İlham Əliyev – adını ölkə və dünya hərb tarixinə həkk etdirmiş Müzəffər Sərkərdə

252
0
SHARE

Ölkəmizdə 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində İlham Əliyev seçicilərin 86,0 faizinin səsini qazanaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də doğru və müdrik seçim edərək səsini ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa sadiq qalaraq ölkəmizi regionun liderinə və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirən dünya səviyyəli siyasi xadim Prezident İlham Əliyevə verdi. Növbəti dəfə xalqdan etimad mandatı alan Prezident İlham Əliyevin rəhbərliyi ilə son 3 ildə Azərbaycan öz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olub. Bu mərhələ bütün sahələri əhatə edən genişmiqyaslı və davamlı islahatlarla xarakterizə olunur. Dövlətimizin başçısı tərəfindən “tərəqqi, təkamül və yeni şəraitə uyğunlaşma” kimi qiymətləndirilən dərinləşən islahatlar kursu sosial-iqtisadi, hüquq-məhkəmə, siyasi, struktur və kadr istiqamətlərini əhatə etməklə çoxşaxəli və dinamikdir. Bütün bunlar nəticə etibarilə ölkəmizin daxili siyasi uğurlarını şərtləndirir, səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyini möhkəmləndirir, siyasi sabitlik və təhlükəsizlik mühitinin dönməzliyini təmin edir. Bu xüsusda xalq-hakimiyyət birliyi istənilən dövlətdə siyasi sabitliyi və təhlükəsizlik mühitini şərtləndirən həlledici amildir. Bu birlik təsadüfən, öz-özünə formalaşmır. Onun üçün əsas şərt xalqını arxasınca aparmağı bacaran güclü və xarizmatik lider amilinin olmasıdır. Elə bir lider ki, müstəqil siyasət aparmaq iqtidarında olsun. Elə bir lider ki, xalqı və dövlətinin milli maraqlarını bütün mənafelərin fövqünə yüksəltsin. Elə bir lider ki, sözü və əməli üst-üstə düşsün. Belə liderləri tarixə bəxş edən xalqlar və dövlətlər böyük, əzəmətli və bəxtəvərdir. Öz əməlləri ilə xalqı və dövlətinin sonsuz sevgisini qazanmış liderlər isə xoşbəxtdirlər. Məsələyə bu kontekstdə yanaşdıqda böyük qürur və fəxarət hissi ilə deyə bilərik ki, Prezident İlham Əliyev xoşbəxt dövlət rəhbəridir. Xalq ona görə Prezidentini sevir ki, O, son 18 il ərzində ölkəmizi uca zirvələrə yüksəltməkdədir. Xalq ona görə prezidentini sevir ki, o, heç bir vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diktəsi ilə deyil, məhz lideri olduğu çoxmillətli və çoxkonfessiyalı Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifidir. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, güclü ordusunda və uğurlu xarici siyasətində öz təsdiqini tapır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı, siyasi elmlər doktoru professor Elman Nəsirovun Vətən müharibəsinin ildönümünə həsr olunmuş “Prezident İlham Əliyev: Adını ölkə və dünya hərb tarixinə həkk etdirmiş Müzəffər Sərkərdə” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə, həmçinin deyilir: “2018-ci il aprelin 11-də prezident seçkilərindən sonra bəyan etdiyi və tətbiqinə başladığı genişmiqyaslı və hərtərəfli islahatlar kursu sayəsində Azərbaycanın siması büsbütün dəyişməkdədir. Müasir, sivil, demokratik inkişaf yolunu seçmiş Azərbaycanın səsi dünya meridianlarında daha ucadan eşidilməkdədir. Heç bir fors-major vəziyyət arxasında xalqının dayandığı Prezident İlham Əliyevin hadisə və proseslərə prinsipial və qətiyyətli yanaşma tərzinə, preventiv, profilaktik, ardıcıl və sistemli qərarqəbuletmə məharətinə və sarsılmaz iradəsinə təsir edə bilməz. Bu həqiqət bütün dünya dövlətlərini öz əsarətinə almış COVID-19 pandemiyası ilə qlobal mübarizə şəraitində tam çılpaqlığı ilə özünü büruzə verdi. Prezident İlham Əliyevin COVID-19 pandemiyasına qarşı 3 istiqamətdə (əhalinin həyatı və sağlamlığının qorunması; əhalinin sosial müdafiəsinin təmin olunması; iqtisadi fəallığın inkişaf etdirilməsi) müəyyən etdiyi mübarizə strategiyası sayəsində Azərbaycan bu ümumi bəlanın doğurduğu itkiləri minimuma endirməyi bacaran dövlətlər sırasındadır. Bu həqiqət Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi səviyyəsində bir neçə dəfə etiraf olunmuş və Azərbaycan bu baxımdan nümunəvi dövlətlər sırasında qeyd edilib. Azərbaycanın pandemiyaya qarşı mübarizə tədbirləri bir çox dövlətlər tərəfindən model olaraq seçilmiş və təkrar olunmaqdadır.

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin aprelində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, mayında isə Qoşulmama Hərəkatına üzv dövlətlərin Təmas Qrupunun videoformatda keçirilən Zirvə görüşləri məhz milli, regional və qlobal səviyyələrdə pandemiyaya qarşı səylərin birləşdirilməsi, bu sahədə təcrübə mübadiləsi məsələlərini özündə ehtiva edib. Sonuncu tədbirdə dövlətimizin rəhbəri qlobal təhdid mənbəyinə – COVID-19 pandemiyasına qarşı beynəlxalq səviyyədə səylərin birləşdirilməsi və gücləndirilməsi mənafeyinə xidmət edən nadir təşəbbüslə – BMT Baş Assambleyasının Xüsusi Sessiyasının çağırılması təklifi ilə çıxış etdi. Prezidentin bu təşəbbüsü ötən ilin mayında Nyu-Yorkda Qoşulmama Hərəkatının Koordinasiya Bürosunda müzakirə olunub, yekdilliklə dəstəklənib və Qoşulmama Hərəkatının adından BMT Baş katibinə müraciətin qəbul edilməsi qərara alınıb. Bunun ardınca Prezident İlham Əliyev mayın 13-də Qoşulmama Hərəkatının sədri olaraq BMT Baş katibinə müraciət edib. Həmin müraciət əsasında BMT Baş katibi təşkilatın Nizamnaməsinin 20-ci maddəsindən çıxış edərək mayın 28-də BMT Baş Məclisinin xüsusi sessiyanın çağırılması məqsədilə üzv dövlətlərə müraciət edib. Yeri gəlmişkən onu da qeyd edək ki, BMT Nizamnaməsinin 20-ci maddəsinə əsasən 3 halda təşkilatın Baş Məclisinin xüsusi sessiyası çağırıla bilər. Birincisi, bunu BMT Təhlükəsizlik Şurası daimi üzvləri tələb etməlidir. İkincisi, BMT Baş Assambleyasının üzvlərinin mütləq əksəriyyəti bu tələbdə israrlı olmalıdır və nəhayət BMT-nin üzvü olan istənilən dövlətin təşəbbüsü qurumun əksəriyyət dövlətləri tərəfindən müdafiə olunduqda haqqında bəhs olunan xüsusi sessiyanın çağırılması mümkün olur. Prosedur qaydalarına əsasən, bu müraciətin baxılma müddəti 30 gündür. Həmin müddət Azərbaycanın təşəbbüsü ilə bağlı məsələdə iyunun 27-də başa çatıb. Azərbaycan Prezidenti İlham Əliyevin bu təşəbbüsünü BMT Baş Assambleyasının 150-dən çox üzvü birmənalı olaraq dəstəkləyib. Həmin dövlətlər sırasında Qoşulmama Hərəkatının 120 üzvü ilə yanaşı, Avropa İttifaqının, Asiyanın, Afrikanın və Latın Amerikasının da aparıcı dövlətləri vardır. Bu unikal təşəbbüsə qarşı çıxış edən yeganə dövlət məhz işğalçı Ermənistan olub. Bununla da Ermənistan dövləti öz mahiyyətini ortaya qoyub və dünya miqyasında özünü rüsvay edib. Əslində faşizmi və terrorizmi dövlət siyasəti səviyyəsinə qaldıran bir “psevdodövlət”in belə davranışı təəccüb doğurmur. Deməli, Ermənistan dünyanın yeganə ölkəsidir ki, COVID-19-un yanında yer aldı. Onun müttəfiqi kimi çıxış etdi. Ermənistanın bu antibəşəri davranışına postpandemiya dövründə siyasi və hüquqi qiymət verilməsi məsələsi də olduqca vacibdir.

Burada bir məqamın da üzərində xüsusi olaraq dayanmağa dəyər. Prezident İlham Əliyevin beynəlxalq rezonansa səbəb olmuş təşəbbüsü bir daha təsdiqlədi ki, Azərbaycan dünya miqyasında elə də böyük dövlət olmasa da, lakin onun sözünün mənası və çəkisi böyükdür. Bu, bir həqiqətdir ki, Azərbaycan dövlətinin sözünün məna və çəkisinin dünya miqyasında böyüklüyünü şərtləndirən həlledici amil onun Liderinin – Prezident İlham Əliyevin həm ölkə, həm də beynəlxalq aləmdə yüksək nüfuza malik olması ilə bağlıdır.

Dünyanın pandemiya tərəfindən hədəfə alındığı, təhdid olunduğu bir reallıqda hər bir dövlət və hər bir lider öz simasını nümayiş etdirir və bu çətin günlərdə Azərbaycan dövləti və onun lideri İlham Əliyev, sözün həqiqi mənasında, bütün dövlətlər və onların liderləri üçün bir nümunədir. Milyonları ölümlə hədələyən və bunu icra edən qlobal pandemiya şəraitində mütləq əksəriyyət insanlar düşünürdülər ki, beynəlxalq təhlükəsizliyə xüsusi cavabdehliyi olan dövlətlər, yəni BMT TŞ-nin daimi üzvləri birlikdə, ya da əlahiddə olaraq bu ümumi bəlaya qarşı beynəlxalq səylərin birləşdirilməsi məsuliyyətini üzərilərinə götürəcək və BMT Baş Məclisinin xüsusi sessiyasını çağıracaqlar. Həqiqət isə budur ki, məlum təşəbbüslə BMT TŞ-nin heç bir daimi üzvü çıxış etmədi. Bu təşəbbüsü dünyanın müxtəlif qitələrinin heç bir aparıcı dövləti irəli sürmədi. Bu təşəbbüslə BMT TŞ-nin 2 il qeyri-daimi üzvü olmuş, 2 dəfə dünyanın ən böyük təşkilatının Təhlükəsizlik Şurasına sədrlik etmiş Azərbaycan Respublikası və onun rəhbəri Prezident İlham Əliyev çıxış edib. Əslində, Prezident bu nadir addımı ilə həm də BMT-nin nüfuzunun qaldırılması mənafeyinə xidmət edən bir davranış ortaya qoyub.

Prezident İlham Əliyevin COVID-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq səylərin birləşdirilməsi, bu məqsədlə dünya miqyasında birliyin, həmrəyliyin və məsuliyyətin gücləndirilməsinə hədəflənmiş təşəbbüsünün beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq dəstəklənməsi bir daha göstərdi ki, Azərbaycan dövlətinin və onun lideri İlham Əliyevin nüfuzu və reytinqi olduqca yüksəkdir. Azərbaycan Prezidenti qlobal baxışlı lider kimi qəbul olunur.

“Əsrin müharibəsi” hesab edilən COVID-19 pandemiyasına qarşı mübarizə məsələlərində dövlətlərin, xalqların və liderlərin hansı mövqedə dayandıqlarının geniş müzakirə məsələsinə çevriləcəyi və müvafiq qiymətləndirmələrin aparılacağı labüd görünür. Artıq bu istiqamətdə ilkin addımlar atılmaqdadır. İstisnasız söyləmək olar ki, həmin müzakirələrin nəticəsi olaraq bütün beynəlxalq ictimaiyyət etiraf edəcəkdir ki, pandemiyadan qlobal qurtuluşun əldə edilməsi naminə beynəlxalq səyləri bir yumruq kimi birləşdirən dövlət Azərbaycan Respublikası, lider isə Prezident İlham Əliyevdir. Həmin səylər sayəsində pandemiyaya qarşı dünya dövlətlərini iqtisadi, sosial, humanitar və xüsusilə də tibbi sahələrdə əməkdaşlığının keyfiyyətcə yeni mərhələyə keçməsi və bunun nəticəsi olaraq bəşəriyyətin intizarla gözlədiyi COVID-19 əleyhinə peyvəndin əldə edilməsi strateji əhəmiyyətli məsələyə çevrilib. Eyni zamanda, həmin peyvəndə hər bir dünya dövlətinin əlçatanlığının təmin olunması da kifayət qədər aktuallıq kəsb edən məsələdir. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələri zamanı çıxışında bir daha bu məsələyə beynəlxalq ictimaiyyətin diqqətini cəlb edərək qeyd etdi ki, Azərbaycan dəfələrlə açıq şəkildə peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınması ilə bağlı narazılığını ifadə edib. Biz davam edən “peyvənd millətçiliyi” və peyvəndlərə çıxışla əlaqədar inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında dərinləşən qeyri-bərabərliklə bağlı narahatlığımızı bir daha vurğulayırıq. Belə hərəkətlər inkişaf etməkdə olan ölkələrin öz əhalisini qorumasını əngəlləyir. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 75 faizindən çoxu 10 zəngin ölkə tərəfindən alınıb, aşağı gəlirli ölkələrdə isə peyvəndlənmə 2 faizdən azdır”.

Onu da qeyd edək ki, bu məsələyə beynəlxalq diqqətin cəlb edilməsi məqsədilə Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürmüş və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilib.

Bu reallıqda dövlətlərin pandemiya dövründə belə bir-birinə qarşı geosiyasi ambisiyalardan əl çəkməməsi, sərhədlərin bağlanmasından belə iqtisadi təzyiq elementi kimi istifadə etməsi acınacaqlı haldır. Heç şübhəsiz, bütün bu və digər olduqca aktual məsələlər Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il dekabrın 3-də reallaşdırılan BMT Baş Assambleyasının Xüsusi Sessiyasının gündəliyini müəyyən edib.

Yuxarıda qeyd olunan istiqamətlər üzrə dövlət başçısının rəhbərliyi altında atılan irimiqyaslı addımlar xalqımız tərəfindən yüksək qiymətləndirilir və alqışlanır. Təsadüfi deyil ki, hər gün minlərlə soydaşımız Prezident İlham Əliyevə ünvanladığı minnətdarlıq məktublarında ümumi bəlaya çevrilmiş pandemiyaya qarşı mübarizədə dövlət başçısının qətiyyətinə, tələbkarlığına, peşəkarlığına, humanizminə, xeyirxahlığına, qayğısına və şəfqətinə heyran qaldıqlarını dilə gətirir, öz rəhbərləri ilə fəxr və qurur hissi keçirdiklərini vurğulayırlar. Bu məktubların leytmotivini təşkil edən əsas ideya odur ki, Prezident İlham Əliyev öz güc mənbəyi olan xalqının hər bir nümayəndəsinin Prezidenti olduğunu 18 ildir ki, hər gün, hər saat, hər saniyə konkret əməli addımları ilə sübut edir, xüsusilə pandemiya dövründə hər bir azərbaycanlının sağlamlığı və həyatını hifz etməyi, əhalinin sosial müdafiəsini təmin etməyi, paralel olaraq iqtisadi fəallığı həyata keçirməyi öz fəaliyyətinin bir nömrəli vəzifəsi kimi müəyyən edib və bu istiqamətdə mərhələli şəkildə kompleks tədbirlər həyata keçirir.

Eyni məntiqlə pandemiyadan ziyan çəkən sahibkarlıq subyektlərinə, mikrosahibkarlara, yəni təxminən 600 min nəfərə dövlət tərəfindən 644 milyon manata qədər ciddi maliyyə dəstəyi göstərilib. 2021-ci ilin dövlət büdcəsində isə 261 milyon manat nəzərdə tutulub. Xüsusilə işsiz və iş yerini müvəqqəti itirmiş şəxslərə 4 dəfə 190 manat birdəfəlik ödəniş edilib. Bu qəbildən xərclər 450 milyon manata bərabər olub. Bütövlükdə indiyədək COVID-19-un təsirinə məruz qalmış əhalinin və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün təqribən 2.7 milyard ABŞ dolları həcmində sosial-iqtisadi paket təqdim edilib.

Təsadüfi deyil ki, pandemiya ilə mübarizə sahəsində Azərbaycanın atdığı səmərəli addımlar beynəlxalq səviyyədə qəbul edilir. 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırıb. Onu da xüsusi olaraq qeyd edək ki, Azərbaycan bütün bu fəaliyyəti özünün maliyyə resursları hesabına həyata keçirib. Ölkəmiz, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə dəstəyi göstərib, 30-dan artıq ölkəyə koronavirusla mübarizənin dəstəklənməsi üçün humanitar və maliyyə yardımı edib. Bundan əlavə, dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin göndərib.

Eyni zamanda, Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində çıxışı zamanı növbəti unikal təşəbbüslə çıxış edib: “Hesab edirik ki, COVID-19-dan sonra daha yaxşı bərpa üçün güclü, əlaqələndirilmiş və məqsədyönlü qlobal addımlara ehtiyac var. Bu mənada biz pandemiyadan sonrakı dövr üçün qlobal tədbirlərə dair tövsiyələr hazırlayacaq BMT-nin COVID-19-dan sonra qlobal bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif edirik”.

Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Təsadüfi deyildir ki, 2020-ci ilin əvvəlində bütün pensiyalar ölkə üzrə 16,6 faiz indeksləşdirilərək artırılıb. Orta pensiyanın məbləği 13 faiz artaraq 300 manata, yaşa görə pensiyanın orta məbləği də 13 faiz artaraq 330 manata çatıb. Bütövlükdə 2020-ci ildə pensiya ödənişləri 2019-cu illə müqayisədə 20 faiz artıb. Ölkəmizdə ötən il ərzində Prezident təqaüdləri 25 faiz, sosial müavinətlər isə 15 faiz artıb. Ümumən, bu ödənişlər 2 milyondan çox vətəndaşı əhatə edib. Həm minimum, həm də orta pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə Azərbaycan MDB məkanında öz liderliyini qoruyub.

Dövlət başçısının müəyyən etdiyi sosialyönümlü siyasi kursa uyğun olaraq 2020-ci ildə 77 min ailəyə, yəni 322 min nəfərə ünvanlı sosial yardım göstərilib. Bu göstərici 2019-cu illə müqayisədə 19 min nəfər çoxdur. Orta aylıq ödənişin məbləği 240 manat təşkil edib.

Xüsusi həssas kateqoriyadan olan insanlar – şəhid ailələri, müharibə əlilləri və müharibə veteranları Prezident İlham Əliyevin böyük diqqət və qayğısı ilə əhatə olunublar. Belə ki, Prezidentin 2020-ci il 31 dekabr tarixli Sərəncamı ilə həmin tarixdən etibarən şəhid ailələrinin təqaüdü 500 manata çatdırılıb. Müharibə əlillərinə verilən təqaüdlərin məbləği də artırılıb. I qrup müharibə əlillərinə 400 manat, II qrup müharibə əlillərinə 350 manat, III qrup müharibə əlillərinə isə 300 manat məbləğində təqaüdlər müəyyən edilib. Milli qəhrəmanların təqaüdü 1800 manata, Vətən müharibəsi qəhrəmanlarının təqaüdü isə 2000 manata yüksəldilib. Beləliklə, təqaüdlərin artırılması 100 minədək insanı əhatə edib.

2020-ci ildə 1500 şəhid ailəsi və müharibə əlili mənzil və evlərlə təmin olunub. İndiyədək bu kateqoriyadan olan insanlara 9200-ə yaxın mənzil və evlər verilib. 2021-ci ildə isə bu göstəricinin əvvəlki illə müqayisədə 2 dəfə artırılaraq 3000 minə çatdırılması planlaşdırılır.

Müharibə əlillərinə 7200-ə yaxın minik avtomobili verilib. Şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsi istiqamətində növbəti addım olaraq “YAŞAT” Fondu yaradılıb. İndiyədək sözügedən fondda 62 milyon manatdan çox vəsait toplanıb.

Ötən il ərzində Prezident İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq məşğulluq proqramları çərçivəsində 100 min nəfər işlə təmin olunub. 12 min ailə isə özünüməşğulluq proqramlarına cəlb edilib. 2021-ci il ərzində isə 16 min ailənin müvafiq proqramlara cəlb olunması planlaşdırılır.

İctimai işlər proqramına gəldikdə isə, ötən il 38 min daimi, 50 min ikiaylıq müvəqqəti iş yerləri yaradılıb. Cari ildən ictimai iş yerləri də DOST İş mərkəzləri vasitəsilə təmin olunacaq.

Xalqının qürur mənbəyinə çevrilmiş Prezident İlham Əliyevin müəllifi olduğu dayanıqlı inkişaf siyasətinin təntənəsi təkcə Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində deyil, xüsusilə də tarix yazan güclü ordusunda öz təsdiqini tapır. Bu gün müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirib. Hələ 2016-cı ilin aprelində Lələtəpə və 2020-ci ilin iyulunda Tovuz döyüşləri zamanı Azərbaycan bu işğal ilə barışmayacağını bütün dünyaya nümayiş etdirdi.

Eyni zamanda, Prezident İlham Əliyev 2020-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsindəki çıxışında ən mötəbər kürsüdən beynəlxalq ictimaiyyətə xəbərdarlıq etdi ki, “Ermənistan rəhbərliyinin düşmən, azərbaycanofob bəyanatları və təxribatları Ermənistanın Azərbaycana qarşı yeni hərbi təcavüzə hazırlaşdığını nümayiş etdirir”.

Bu xəbərdarlıqdan 3 gün sonra, sentyabrın 27-də Ermənistan Azərbaycanın hərbi mövqelərinə və mülki şəxslərinə qarşı irimiqyaslı hücuma başladı. Nəticədə hərbi qulluqçularla yanaşı, 11 dinc sakin, o cümlədən 2 uşaq həlak oldu. Buna cavab olaraq, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, öz ərazisində bütün cəbhəboyu Ermənistana qarşı əks-hücuma keçdi.

Otuz il ərzində Ermənistanın işğalı altında olan və vandalizm aktına məruz qalan ərazilərimiz azad olunmağa başladı. Noyabrın 8-də qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadir və unikal əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olunması düşmənin müqavimət potensialını heçə endirdi. Nəticədə noyabrın 10-da prezidentlər İlham Əliyev, Vladimir Putin və baş nazir Nikol Paşinyanın imzaladığı üçtərəfli Bəyanat regionda uzunmüddətli münaqişənin hərbi fazasını başa çatdırdı və faktiki olaraq işğalçı Ermənistan dövlətinin kapitulyasiya aktı oldu. Noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu bir güllə belə atılmadan, bir nəfər şəhid belə vermədən işğaldan azad olunub. Ordumuzun əldə etdiyi tarixi Zəfər heç bir halda təsadüfi olmayıb, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən inkişaf doktrinasının, o cümlədən hərbi quruculuq siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Təsadüfi deyildir ki, bəzi Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müdafiə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası çox yüksək qiymətləndirilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər.

Bu tarixi Zəfərin digər mühüm nəticələri də vardır. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII qurultayındakı yekun nitqində qeyd etdiyi kimi, “müharibənin nəticələrindən biri də, əlbəttə ki, bu gün müzakirə mövzusu olan Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Üçtərəfli Bəyanatda xüsusilə bu məsələnin əks olunması bizim, eyni zamanda, böyük siyasi Qələbəmizdir. Hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır, bir çox təkliflər var, artıq bir çox nəqliyyat-kommunikasiya layihələri masa üzərindədir, müzakirə edilir və bu, bizim növbəti tarixi uğurumuz olacaqdır”. Zəngəzur dəhlizi məsələsinə xüsusi əhəmiyyət verən Prezident İlham Əliyev cari il martın 31-də keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə bir daha vurğulayıb: “Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün”.

“Müasir dünyada hüququn gücü deyil, gücün hüququ işləyir və güclüsənsə haqlısan məntiqi hökm sürür”, – deyən Prezident İlham Əliyev böyük uzaqgörənlik nümayiş etdirərək ordu quruculuğu məsələlərini prioritet sahə kimi müəyyən etmiş və bu istiqamətdə möhtəşəm addımların atılmasını təmin edib. Dövlətimizin başçısı hələ vaxtilə böyük uzaqgörənliklə vurğulayıb: “Əminəm ki, Azərbaycan gücləndikcə ordumuz da güclənəcək və ordumuz istənilən vəzifəni həll etməyə hazırdır, buna qadirdir. Azərbaycan Ordusu nəinki bölgədə həm hərbi potensialına, həm döyüş qabiliyyətinə, həm də təchizatına görə dünya miqyasında güclü ordular sırasındadır. Düşmən bilməlidir ki, biz istənilən anda məsələni hərbi yolla həll edə bilərik”.

Təsadüfi deyil ki, ölkəmizin büdcə zərfində müdafiə xərcləri hər zaman üstün mövqeyə malik olub. Əgər 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon dollara bərabər idisə, 2020-ci ildə bu göstərici 1,9 milyard dollar təşkil edib. 2021-ci ildə isə müdafiə xərcləri artaraq 2,7 milyard dollara yüksəlib. Stokholm Beynəlxalq Sülh Problemlərinin Tədqiqi İnstitutunun 2019-cu il hesabatına görə, Azərbaycan ÜDM-də hərbi xərcləri 4 faiz və ondan çox olan 10 dövlət sırasında yer alıb. 2019-cu ilin göstəricilərinə əsasən, dünyanın ən güclü orduları sırasında Azərbaycan 52-ci, Ermənistan isə 96-cı mövqedə olub. Hava gücü üzrə Azərbaycan 63-cü, Ermənistan 86-cı yeri tutub. Dəniz gücü üzrə isə Azərbaycan 67-ci yerdə, Ermənistan isə dəniz ölkəsi olmadığından bu sahədə imkanları sıfra bərabər hesab olub. Tank gücü üzrə isə Azərbaycan 32-ci, Ermənistan isə 2 dəfədən də aşağı göstəriciyə (78) malik olub. Fərq göz qabağındadır. Əlavə şərhə ehtiyac yoxdur.

Ölkəmizdə qısa zaman ərzində 20-dən artıq hərbi zavodun işə salınması və müasir hərbi-sənaye kompleksinin formalaşması tarixi nailiyyət hesab edilməlidir. 5-ci nəsil silahların dünyanın aparıcı silah ixracatçılarından alınması və bu sahədə də uğurlu şaxələndirmə siyasətinin tətbiq edilməsi ölkəmizə təkcə hərbi deyil, həm də siyasi dividendlər gətirib.

Ordumuzda döyüş ruhu və hərbi-vətənpərvərlik hissinin ən yüksək səviyyəsi təmin edilib. Ordumuz Vətən qarşısında xilaskarlıq missiyasını həyata keçirdiyindən intəhasız motivasiyaya malik olduğu halda, düşmən ordusu öz işğalçı mahiyyəti səbəbindən bütün bunlardan məhrumdur. “Yenilməz” erməni ordusunun gücü isə yalnız əliyalın dinc insanlara çatır. Müharibə dövründə Ermənistan hakimiyyəti növbəti hərbi cinayətlərə imza atıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin BMT-nin yuxarıda qeyd olunan sessiyasında çıxışında vurğuladığı kimi, “44 gün ərzində Ermənistan silahlı qüvvələri cəbhəboyu ərazilərdə yerləşən rayonlarımızı və şəhərlərimizi – Ağdam, Ağcabədi, Beyləqan, Daşkəsən, Füzuli, Goranboy, Tərtəri intensiv şəkildə atəşə tuturdu. Ermənistan, həmçinin cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Qəbələ, Siyəzən, Xızı və digər şəhərləri də atəşə tuturdu. Raketlərdən biri Azərbaycanın hava hücumundan müdafiə qoşunları tərəfindən Bakının yaxınlığında yerləşən Xızı üzərində zərərsizləşdirilmişdir. Bu isə onu göstərir ki, paytaxt Bakı da Ermənistanın raket hücumlarının hədəfi idi. Ermənistan “Skad” və “İsgəndər-M” tipli ballistik raketlərdən, habelə qadağan olunmuş ağ fosforlu və kaset tipli sursatlardan istifadə edirdi. Ermənistanın bu hərbi cinayətləri nəticəsində 12-si uşaq olmaqla 93 mülki şəxs qətlə yetirilib, 454 nəfər yaralanıb. Azərbaycan ərazisində 12 min mülki infrastruktur obyekti, o cümlədən fərdi evlər dağıdılıb və ya onlara ciddi zərər dəyib. Bu zərərin qiymətləndirilməsi və gələcəkdə kompensasiya edilməsi məqsədilə Prezident İlham Əliyevin 6 noyabr 2020-ci il tarixli Sərəncamı ilə Dövlət komissiyası yaradılıb. 11 şəhər və rayonda 13 işçi qrupu yaradılıb, bu işlərə 200-dək məsul şəxs cəlb olunub. 10300-dən çox obyektə baxış keçirilib və qiymətləndirmə aparılıb. İlkin hesablamalara görə, vətəndaşların əmlakına dəyən ziyan 63,6 milyon manat təşkil edib. Dövlət əmlakına (yol, elektrik, qaz, rabitə, su xətləri və digər infrastruktur obyektləri) vurulan ziyan isə 27,4 milyon manata bərabər olub. 9 mindən artıq evə ziyan dəyib. Beləliklə, Ermənistanın “yenilməz” ordusunun dinc əhaliyə və dövlətə məxsus əmlaka vurduğu ziyan hələ ki, 91 milyon manata bərabərdir.

İşğal zamanı mülki və təsərrüfat obyektləri ilə yanaşı, Azərbaycanın misilsiz mədəniyyət abidələri də məhv edilib. Belə ki, 13 dünya əhəmiyyətli (6 memarlıq, 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq, 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunələri) tarix və mədəniyyət abidələri erməni vandalizminin qurbanı olub.

Ermənistan Azərbaycanın keçmiş işğal edilmiş ərazilərində ekosid genosid törədib. Meşələrimizin 60 min hektarı məhv edilib, torpaqlarımız və çaylarımız çirkləndirilib və zəhərlənib.

Onu da qeyd edək ki, 2021-ci ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin bərpası və yenidənqurulması işlərinə 2,2 milyard manat vəsait ayrılıb. Həmin işlərin mərkəzləşmiş qaydada həlli üçün Prezident İlham Əliyevin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə Əlaqələndirmə Qərargahı (ƏQ) yaradılıb. ƏQ-nin tərkibində 55 dövlət qurumunu təmsil edən 160 nəfərlik 16 işçi qrupu fəaliyyət göstərir. ƏQ artıq Strateji Fəaliyyət Planını (SFP) hazırlayıb. SFP əsasında Tədbirlər Planı da hazırlanıb. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması işlərinin konseptual əsasları da müəyyən edilib. 4 mərhələdə fəaliyyət nəzərdə tutulub: İdarəetmə və təhlükəsizlik; infrastruktur məsələlərinin həlli; sosial xidmətlər; iqtisadiyyatın yenidən qurulması və inkişafı.

Yeni reallıqda işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi bir nömrəli məsələyə çevrilib. Düşmən tərəf son 30 il ərzində işğal altında saxladığı torpaqlarımızı kütləvi şəkildə minalayıb. Bunun nəticəsində müharibə başa çatdıqdan sonra indiyədək 2 jurnalist daxil olmaqla, 30 Azərbaycan vətəndaşı həlak olmuş, 130 nəfər isə yaralanıb. Azərbaycan dünyada ərazilərinin ən çox minalandığı ölkələrdən biridir. Bu, azad olunmuş ərazilərdə bərpa prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını ləngidir. Ermənistan dəqiq mina xəritələrini Azərbaycana verməkdən imtina edir. Ermənistanın üç rayon üzrə təqdim etməyə məcbur olduğu mina xəritələrinin dəqiqliyi 25 faizdir.

Beləliklə, 10 noyabr üçtərəfli Bəyanatı ilə müharibəyə son qoyulsa da, Ermənistanın Azərbaycana qarşı “mina müharibəsi” davam etməkdədir. Bu isə beynəlxalq hüquq norma və prinsiplərinə qarşı Ermənistanın həqarətli davranışının növbəti bariz nümunəsidir. Birbaşa müharibə cinayətidir. Beynəlxalq ictimaiyyət Ermənistanı məcbur etməlidir ki, azad olunmuş ərazilərimiz üzrə dəqiq mina xəritələrini ölkəmizə təqdim etsin.

Beləliklə, Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Prezidentin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradılıb. Bu xüsusda Prezident İlham Əliyev BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırış edib.

Ali Baş Komandanın böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, müzəffər və yenilməz Ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında monolit birliyi, Türkiyə kimi güclü qardaş dövlətin Azərbaycanın yanında olması və onun atdığı istənilən addımı müdafiə etməsi, dost Pakistan dövlətinin ölkəmizə kömək etməyə hazır olduğunu bəyan etməsi və digər tərəfdaş dövlətlərin haqq işimizi müdafiə etməsi Vətən müharibəsində Azərbaycanın tam qələbəsini təmin edən həlledici amillərdir. O qələbə ki, şəhidlərimizin ruhunu şad edib, o qələbə ki, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Ağdamımızı, Kəlbəcərimizi, Laçınımızı, Hadrutumuzu, Suqovuşanımızı, Şuşamızı və bütövlükdə işğal altındakı bütün ərazilərimizi öz əbədi sahibinə – Azərbaycan xalqına qaytarıb.

Yaşasın Xilaskar Ali Baş Komandanımız! Yaşasın Müzəffər Ordumuz! Yaşasın Qalib Xalqımız!

Qarabağ bizimdir. Qarabağ Azərbaycandır!