Məlum olduğu kimi, bu il sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “France-24” televiziya kanalına müsahibə verib. Mən müsahibə ilə diqqətlə tanış olmuşam. Hesab edirəm ki, dövlətimizin başçısı Qarabağda baş verən mühüm proseslər, regionda sülh və təhlükəsizliyin təmin olunması ilə bağlı həm Ermənistana, həm də Qərb dövlətlərinə ciddi mesajlar vermişdir.
Cənubi Qafqazda maraqları olan və aşkar surətdə işğalçı Ermənistanı himayə edən güclər Azərbaycan dövlətinin prinsipial və ədalətli mövqeyi ilə hesablaşmalı olacaqlar. Çünki rəsmi Bakı regionda süni surətdə yaradılmış bütün problemləri beynəlxalq hüquq və normalara uyğun olaraq həll etməyə çalışır və bu istiqamətdə ardıcıl və qətiyyətli addımlar atır. Hər şey göz qabağındadır, ağa qara demək mümkün deyil.
Bütün dünyaya bəllidir ki, İkinci Qarabağ müharibəsi işğalçı Ermənistanın hərbi təxribatlarına cavab olaraq başlanıb və öz ərazi bütövlüyünü müdafiə və bərpa edən Azərbaycanın tam qələbəsi ilə başa çatıb. Qalib Azərbaycan bu gün qarşı tərəfə ədalətli sülh təklif edir. Rəsmi İrəvan isə min bir bəhanə ilə sülh danışıqlarından imtina edir.
Düzdür, son günlər bu istiqamətdə müsbət işartılar da var. Belə ki, ötən həftə BMT-də müharibə bitəndən sonra ilk dəfə hər iki ölkənin – Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri görüşüblər. Fransalı jurnalistin bunun davamlı dialoqa çevrilə biləcəyi ilə bağlı sualını cavablandırarkən cənab İlham Əliyev demişdir: “Ümid etmək istərdim ki, bu, belədir. Çünki Azərbaycan artıq neçə dəfə açıq şəkildə Ermənistanla dialoqa başlamağa hazır olduğunu bildirib. Söhbət təkcə dialoqun başlanılmasından getmir, eyni zamanda, Azərbaycan və Ermənistan arasında gələcək sülh razılaşmasının üzərində aparılacaq işdən də gedir. Müharibə bitib, münaqişə öz həllini tapıb. Biz regionu daha da proqnozlaşdırıla bilən, sabit və təhlükəsiz regiona çevirmək üçün yeni fəaliyyətə başlamalıyıq”.
Bəli, hər iki ölkənin xarici işlər nazirlərinin görüşü bu səylərin yaxşı göstəricisidir. Prezident İlham Əliyev hesab edir ki, bu, təkcə bir görüş yox, yeni bir prosesin başlanğıcıdır. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması Cənubi Qafqazda geniş əməkdaşlığa yol aça bilər.
Təəssüf ki, Ermənistandakı və Qərbdəki bir sıra qüvvələr regionda sabitliyin bərqərar olunmasına mane olmağa çalışırlar. Rəsmi İrəvan İkinci Qarabağ müharibəsindən lazımi nəticələr çıxara bilmədiyindən, hələ də Azərbaycan ərazilərinə iddialıdır. Ermənistan yenə də kimlərə isə güvənir. Ümid edir ki, ona yenə də arxa duranlar tapılacaq. Bu, əlbəttə səhv yoldur.
Tarixə nəzər salsaq görərik ki, böyük güclər, həqiqətən, Azərbaycana qarşı zaman-zaman ədalətsiz qərarlar qəbul ediblər. Məsələn, 1920-ci ildə sovet hakimiyyəti Azərbaycanın ayrılmaz hissəsi olan Zəngəzuru qopararaq, onun Ermənistana birləşdirilməsi ilə bağlı qərar qəbul edib və bu qərar icra olunub. Azərbaycan iqtidarı tarixi torpaqlarımız haqqında danışarkən heç də yeni ərazi iddialarından bəhs etmir.
Bununla yanaşı, hər bir ölkə kimi, Azərbaycan xalqı, ölkəmizin gənc nəsli qədim tariximizi bilməli, keçmişdə hansı ərazilərdə yaşadığımızdan xəbərdar olmalıdırlar. Onlar oralara necə qayıtmalı olduqlarını da bilməlidirlər. Prezident İlham Əliyev bu barədə danışarkən demişdir: “ Əminəm ki, biz oralara qayıdacağıq. Mən artıq bunu demişdim ki, biz ora tanklarla deyil, piyada, avtomaşın və təyyarələrlə gedəcəyik. Vəziyyət normallaşandan sonra sülh müqaviləsinə nail olunacaqsa, niyə də biz geri qayıtmayaq? Bu, bizim legitim hüququmuzdur”.
Yuxarıda qeyd etdiyim kimi, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkmək istəmir. Onlar hələ də iddia edirlər ki, “Dağlıq Qarabağ” Azərbaycana məxsus deyil. Onlar hələ də iddia edirlər ki, o, ya Ermənistana məxsusdur, ya da ki, “müstəqil” bir qurumdur. Belə yanaşma əslində beynəlxalq hüquqa hörmətsizlikdir. Bu həqiqəti Ermənistanı dəstəkləyən qüvvələr başa düşməlidirlər.
Dövlətimizin başçısı sözügedən müsahibədə bir daha vurğulayıb ki, Azərbaycanın siyasi və coğrafi xəritəsində “Dağlıq Qarabağ” adlı vahid yoxdur. Belə bir qurum mövcud deyil. Beləliklə, Ermənistan, ilk növbədə, Azərbaycana qarşı istənilən ərazi iddiasını geri götürməlidir. Yalnız bu zaman Azərbaycan dövləti qarşı tərəfə qarşı adekvat münasibət bəsləyəcək.
Tahir RZAYEV,
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri