Home Cəmiyyət Dünya Neft Konqresinə səsvermədə Azərbaycan ikinci olub ..

Dünya Neft Konqresinə səsvermədə Azərbaycan ikinci olub ..

984
0
SHARE
İqtisadiyyat

Sankt – Peterburqda keçirilən Dünya Neft Şurasının iclasında 2023-cü ildəki 24-cü Dünya Neft Konqesinə ev sahibliyi edəcək ölkə müəyyənləşib.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, Dünya Neft Şurasının 41 üzv ölkəsinin iştirakı ilə keçirilən səsvermədə Azərbaycandan yalnız 1 səs fərqi ilə Kanada seçilib. Azərbaycanla yanaşı Kanada, Argentina, Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstanın mübarizə apardığı səsvermə 4 mərhələdə keçirilib.

Final mərhələsinə qalan Azərbaycan 20, Kanada isə 21 səs toplayıb. Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən Energetika naziri Pərviz Şahbazov bildirib ki, ilk dəfə namizədliyini irəli sürmüş ölkə olaraq Azərbaycanın belə yüksək səslə finala qədər gəlməsi Dünya Neft Şurası tarixində nümunə sayılacaq hadisədir. “Təcrübə göstərir ki, Dünya Neft Konqresinə ev sahibliyi hüququ bir neçə dəfə namizədlik cəhdindən sonra əldə edilir. Türkiyə, ABŞ məhz üç dəfə namizədliklərini irəli sürdükdən sonra seçiliblər. Azərbaycandan fərqli olaraq Qazaxıstan, Kanada, Birləşmiş Ərəb Əmirlikləri və Argentina bir neçə dəfə namizəd kimi mübarizəyə qatılıblar. Dünya Neft Şurasında uzun illərdir təmsil olunmalarına və aktiv fəaliyyətlərinə baxmayaraq, bu ölkələrlə müqayisədə Azərbaycan ilk dəfədən belə bir səs çoxluğu qazana bildi”.

Energetika naziri kifayət qədər güclü namizədlər arasından ölkəmizə belə bir münasibəti Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət sayəsində Azərbaycanın artan beynəlxalq nüfuzu, enerji təhlükəsizliyinin etibarlı təminatçısı kimi güclənən strateji mövqeyi ilə izah edib: “Bütün bu reallıqlara bugünkü prosesdə iştirak edən ölkələrin münasibətində bir daha şahid olduq”, deyə nazir əlavə edib.

Nazir qeyd edib ki, səsvermə prosesində namizəd kimi iştirak Azərbaycana daha bir təcrübə qazandırıb. Yanvar ayından aparılan kampaniya ölkəmizin dünya miqyasında bir daha tanıdılmasına, dəyərlərimizin təbliğinə xidmət edib. Eyni zamanda, Dünya Neft Şurası üzvləri ilə əməkdaşlıq əlaqələrimiz daha da möhkəmlənib.

Qeyd edək ki, Dünya Neft Şurası tarixində ilk dəfə olaraq səsvermə prosesi 5 namizədlə 4 mərhələdə keçirilib. Səsvermədən əvvəl ölkələrin təqdimatları dinlənilib. Tədbirdə Energetika naziri Pərviz Şahbazov çıxış edib. Neft ölkəsi kimi Azərbaycanın tarixi və müasir inkişafından bəhs edən videoçarx və təqdimatlar nümayiş etdirilib. Həmçinin, Dünya Neft Şurası üzvlərini ölkəmiz barəsində daha ətraflı məlumatlandırmaq məqsədilə Azərbaycan xüsusi stendlə təmsil olunub.

1933-cü ildə yaradılan, 62 üzvdən ibarət Dünya Neft Şurasına Azərbaycan 2005-ci ildə üzv seçilərək “Milli Neft Komitəsi” İB-ni təsis edib və indiyə kimi bu mötəbər qurumun tədbirlərində fəal iştirak edib.

Dünya Neft Şurasının mühüm platforması kimi üç ildən bir keçirilən Dünya Neft Konqresi neft-qaz sahəsində baş verən proseslərin qlobal miqyasda müzakirəsi və yeni çağırışların birgə dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.