Home Gündəm Prezident İlham Əliyev: Əgər Ulu Öndər bu ölkənin təməlini düzgün qoymasaydı, bu...

Prezident İlham Əliyev: Əgər Ulu Öndər bu ölkənin təməlini düzgün qoymasaydı, bu gün Zəfərdən söhbət gedə bilməzdi

265
0
SHARE

Bakı. Trend:

Əgər Ulu Öndər bu ölkənin təməlini düzgün qoymasaydı və dövlətçilik qurmasaydı, bu gün Zəfərdən söhbət gedə bilməzdi.

Trend xəbər verir ki, bu fikri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.

Dövlət başçısı bildirib:

“Bu gün doğrudan da tarixi bir gündür. Birincisi ona görə ki, 4 oktyabr Cəbrayıl rayonunun tarixində Zəfər Günü, işğaldan qurtuluş günü kimi əbədi qalacaq. Digər tərəfdən, bu gün Cəbrayılın bərpası işlərinə bərabər start veririk. Həm Zəfər, həm də bərpa işləri dövlətimizin, xalqımızın gücünü göstərir. Çünki gücümüz olmasaydı, biz bu Zəfəri əldə edə bilməzdik. Mən Prezident kimi öz fəaliyyətimi bunun üzərində qurmuşdum. Çünki bizim əsas hədəfimiz Qarabağın işğaldan azad edilməsi idi. Bütün başqa addımlar – Regionların sosial-iqtisadi inkişafı Proqramı, neft-qaz, nəqliyyat sahələrindəki təşəbbüslərimiz, ölkə iqtisadiyyatının canlandırılması, Neft Fondunun valyuta ehtiyatlarının toplanması, xarici siyasət, böyük dövlətlərlə münasibətlərimiz, qonşu dövlətlərlə münasibətlərimiz – bütün bu işlərin fövqündə bu müqəddəs an dayanmışdı – Zəfər Günü. Biz bütün bu gücləri səfərbər edib xalqımızın zəhməti, qəhrəmanlığı hesabına istədiyimizə nail olduq.

Əlbəttə, Ulu Öndər haqqında burada deyildi. Əgər Azərbaycan xalqı 1993-cü ildə özünə xas olan müdriklik göstərməsəydi, Ulu Öndəri dəvət etməsəydi, Azərbaycanın taleyi çox qaranlıq ola bilərdi. Biz o vaxt itirilmiş torpaqları nəinki bərpa edə bilərdik, biz daha böyük fəlakətlərlə üz-üzə qala bilərdik. Biz hələ yaranmaqda olan dövlətçiliyi itirə bilərdik. Bu, tam həqiqətdir. Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri bu gün burada özünü göstərib. Çünki bu təməli O qoydu – ordu quruculuğu, islahatlar, neft kontraktları, ölkəmizə ilk valyutanın gəlməsi. Elə ilk vəsaiti də məhz köçkünlərin yaşayış şəraitinin yaxşılaşmasına O istiqamətləndirmişdi. Əli müəllim yaxşı xatırlayır, Aşağı Ağcakənd kəndində, o yağışlı havada, yadınızdadır, biz bərabər idik, Ulu Öndərin arxasında durmuşduq. Aşağı Ağcakənd kəndinin yenidən qurulması çox böyük məna daşıyırdı. Çünki sovet vaxtında ona Şaumyan rayonu deyirdilər. Köçkünlər üçün birinci şəhərciyi məhz orada saldı, birinci vəsaiti oraya ayırdı. O vaxt bizim pulumuz yox idi, xəzinə boş idi. Neftin satışından ilk pul gəldi, dedi ki, onu da oraya verəcəyik. Mən də bu yolla getdim. 2003-cü ildə xalq mənə etimad göstərəndə dedim ki, atamın yolu ilə gedəcəyəm. Məcburi köçkünlər üçün nə qədər böyük işlər görüldü. Əli müəllim bu işlərin icraçısı idi, 100-dən çox şəhərcik salındı. Amma hər dəfə keçmiş köçkünlərlə görüşəndə deyirdim ki, – onlar da, əlbəttə, təşəkkürünü bildirirdilər, – bu, müvəqqətidir. Yadınızdadır, deyirdim müvəqqətidir. Torpaqlar azad olunandan sonra daha yaxşı evlər tikəcəyik. Bax, bu gün ediləcək təqdimat həmin sözlərin təsdiqidir. O evlər də yaxşı evlər idi. Xaricdən gələnlər, beynəlxalq təşkilatların nümayəndələri müharibədən əvvəl köçkünlərə baş çəkəndə məəttəl qalırdılar ki, siz burada köçkünlər üçün beşulduzlu otel səviyyəsində şəhərciklər salırsınız. Biz də deyirdik ki, bizim standartlarımız budur. Bizim üçün ən prioritet kateqoriya insanlar bunlardır. Bunlar əziyyət içində yaşayıblar, gərək ən yaxşı şəraitdə yaşasınlar. Deyirdim ki, daha yaxşı şərait yaradacağıq və yaradırıq.

Bu gün həm Cəbrayılda, həm də işləri artıq başlanan Ağdamda, Şuşada ən yüksək səviyyəli işlər görüləcək. Mən bu işləri hər hansı bir başqa standartlarla müqayisə etmək istəmirəm, çünki o, şəhərsalma işlərində mövcud deyil. Bu praktika şəhərsalma işlərində birinci praktikadır və biz dünyanın ən gözəl təcrübəsini gətirmişik. Bütün işlər ən mütərəqqi texnologiyalar əsasında qurulacaq və bu işləri biz, necə deyərlər, özümüzə borc bilib görəcəyik.

Qayıdıram o sözlərə – əgər Ulu Öndər bu ölkənin təməlini düzgün qoymasaydı və dövlətçilik qurmasaydı, bu gün Zəfərdən söhbət gedə bilməzdi. Sadəcə olaraq, Azərbaycan xalqı müdriklik göstərib, 2003-cü ildə və ondan sonrakı illərdə onun siyasətinə səs verib. Bütün təzyiqlərə, hədə-qorxulara, təhqirlərə, yalanlara, uydurmalara baxmayaraq, biz bu yoldan dönmədik. Neçə dəfə bizi devirmək istəmişdilər? Bunu Azərbaycan xalqı yaxşı bilir, bunu mən yaxşı bilirəm, çünki bəzi xarici dairələr bəzi yerli satqınların əli ilə məni devirmək istəyirdilər. Alınmadı. Nə üçün? Xalq dəstəkləmədi. Əgər xalq dəstəkləsəydi, əlbəttə, buna nail ola bilərdilər. Görün postsovet məkanında zor tətbiq etməklə nə qədər çevriliş baş verib. Buna indi inqilab deyirlər, çevriliş deyirlər, təkamül deyirlər. Amma fakt odur ki, hakimiyyət dəyişikliyidir. Elə götürün bu Ermənistanı. Əvvəlki Ermənistan rəhbərliyinə erməni xalqı o qədər nifrət edirdi ki, hətta müharibəni uduzmuş insana yenə də səs verdi, təki onlar qayıtmasınlar. Ona görə xalq dəstəkləmədi. Çünki xalq bilirdi, görürdü ki, bizim işimiz haqq işidir, biz ölkəmizi gücləndiririk.

Bizə edilən təzyiqlərin və təxribatların təməlində də bax, Qarabağ amili idi. Çünki prezidentlik dövründə, – mən bunu bir neçə dəfə demişəm, indi hələ vaxt tam yetişməyib ki, mən xalq qarşısında tam mənzərəni açım, – amma belə tezislər var idi ki, bəli, siz gərək Qarabağı unudasınız, siz gərək bu vəziyyətlə barışasınız, deməli, Ermənistanla barışasınız, əməkdaşlığa başlayasınız. Neçə dəfə təklif edilirdi ki, Azərbaycan güc tətbiq etməməklə bağlı öhdəlik götürsün öz üzərinə. Mən hər dəfə imtina edirdim, hər dəfə! Sonuncu dəfə Aprel döyüşlərindən sonra Vyana görüşündə. O vaxt məğlubiyyətdən sonra Ermənistanı dəstəkləmək üçün Minsk qrupunun həmsədri olan Amerika Birləşmiş Ştatları Vyanada tələm-tələsik bu görüşü təşkil etmişdi. Mən o görüşə gələndə artıq orada Minsk qrupunun xarici işlər nazirləri əyləşmişdilər və mənə bir protokol, yəni, bir bəyanat mətnini verdilər. Mən elə orada dedim ki, əgər bunu siz hazırlamısınızsa, bunu bir gün əvvəl, iki gün əvvəl verəydiniz. Niyə məni fakt qarşısında qoyursunuz? Mən başladım orada oxumağa. Gördüm ki, burada bizə sərf etməyən müddəalar var, o cümlədən güc tətbiq etməməklə. Mən imtina etdim. Dedim ki, mən buna imza atmayacağam. Dedilər necə? Dedim belə. Siz özünüz nə istəyirsiniz qəbul edin, mən buna imza atmayacağam. Yəni, sözüm odur, bütün təzyiqlərin təməlində bu dayanmışdı ki, biz daxili problemlərlə məşğul olaq, daxili problemlərin içərisində çabalayaq ki, Qarabağ unudulsun və Ermənistan bu torpaqlara əbədi sahib olsun. Bəzi xarici ölkələrin nümayəndələri deyirdilər ki, siz gərək reallıqla hesablaşasınız, siz müharibəni uduzmusunuz, yeni müharibəni heç kim qoymayacaq, biz qoymayacağıq, qonşu ölkələr qoymayacaqlar. Bizi hədələyirdilər. Hədələyirdilər ki, müharibə başlasa, biz yenə torpaq itirəcəyik. Ermənistanın oğurluğa görə bu gün həbsdə olan keçmiş müdafiə naziri bizi hədələyirdi. Amerika da hədələmişdi. Yəni, o bunu özbaşına demişdi? Yox! Onun ağzına bu sözləri qoyanlar olub ki, biz bu vəziyyətlə barışaq, bu torpaqlardan əl çəkək, deyək ki, bəli, gəl indi Ermənistanla əməkdaşlıq edək. Mən demişdim ki, heç vaxt əməkdaşlıq etməyəcəyik, mən demişdim ki, nəyin bahasına olursa-olsun Ermənistanı iqtisadi cəhətdən çökdürəcəyik. Bütün neft-qaz kəmərləri, nəqliyyat xətləri, dəmir yolu – hamısı Ermənistandan yan keçdi. Yəni, nəhayət Ermənistanı çökdürdük. İqtisadi cəhətdən artıq bizimlə rəqabət apara bilmədi, hərbi cəhətdən apara bilmədi, müftə alsa da, yenə də o istədiyi silahları ala bilmədi. Beləliklə, Ermənistanda daxili böhran artıq qaçılmaz idi, xalq qalxmışdı, nifrət etdiyi Sarkisyan rejiminə qarşı qalxmışdı və dəyişiklik oldu. Mən o vaxt demişdim, bəli, o dəyişiklikdə bizim əlimiz olub, əlbəttə ki, birbaşa yox. Biz yalan danışmamalıyıq. Bizim birbaşa yox, amma dolayısı ilə. Əgər Ermənistan inkişaf edən ölkə olsaydı, xalq ayağa qalxardı? Əlbəttə ki, yox. Ona görə, bu hakimiyyət dəyişikliyində bizim rolumuz kifayət qədər böyük idi. Mən deyirdim ki, bizim hədəfimiz nəyin bahasına olursa-olsun, torpaqların azad edilməsidir və biz ölüm savaşına çıxdıq, bunu hər kəs bilir. Çünki kim deyə bilərdi ki, hansı ölkə necə hərəkət edəcək. Mən bu qarantiyanı verə bilməzdim. Biz faktiki olaraq ölüm-dirim savaşına çıxmışdıq, yəni, ya ölüm, ya olum, vəssalam, qurtardı. Daha səbrimiz tükənmişdi.

Yenə də deyirəm, müharibə başa çatandan sonra bu gün artıq yeni reallıqlar yaranıb və bəziləri bu reallıqları həzm edə bilmirlər. Baxın, Azərbaycana qarşı yenə də təxribat və uydurma kampaniyasının yeni dalğası artıq başlamışdır. Bu, davam edəcək, biz buna hazır olmalı idik və hazır idik. Heç bir şey, hansısa məsələ Qarabağdan, torpaqlarımızın azad edilməsindən üstündə ola bilməz, heç bir məsələ bunu üstələyə bilməz. Bu gün biz artıq bu reallıqları qəbul etdirdik, kiminsə xoşuna gəlir, gəlmir, amma qəbul etdirdik. İndi isə bərpa işlərinə start veririk. Əminəm ki, təqribən 5 il ərzində elə bir yeni Azərbaycan, yeni Qarabağ, yeni Zəngəzur quracağıq ki, bütün dünya bizə qibtə edəcək. Bunu biz, ilk növbədə, insanlar üçün edirik. Əziyyət çəkmiş, çadırda, vaqonun altında, yataqxanada, uşaq bağçasında dözülməz şəraitdə yaşamış o insanlar ən yaxşı şəraitdə yaşamalıdırlar və yaşayacaqlar. Bunu biz təmin edəcəyik.

Bir daha sizi ürəkdən təbrik edirəm. İndi isə bizə təqdimat ediləcək və baxaq görək Cəbrayılın yeni görkəmi necə olacaq”.