“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bərdəyə, Tərtərə, Cəbrayıla səfərləri dövlət rəhbərinin daim insanlarla təmasda olduğunu, işğaldan azad edilən torpaqlarımızın gələcək taleyi ilə ciddi maraqlandığını bir daha göstərdi.” Bu sözləri tan.az-a verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.
Komitə sədri vurğulayıb ki, dövlət başçısı həmin rayonlara səfəri zamanı bir çox müəssisələrin təməlqoyma mərasimlərində, açılışında iştirak etdi, qarşıda duran vəzifələri müəyyənləşdirdi və həm də Ermənistan rəhbərlərinə, Ermənistanın siyasi dairələrinə ciddi mesajlarını verdi.
“İşğal altında olan torpaqların düşməndən azad edilməsi bu gün həmin ərazilərdə bir çox infrastruktur layihələrinin həyata keçirilməsini zərurətə çevirir. Bu baxımdan yeni yollar çəkilir, yeni elektrik stansiyaları quraşdırılır, körpülər salınır, təyyarə meydançaları tikilir, tunellər çəkilir və ərazilər bərpa olunur.
Cənab Prezident Suqovuşanın azad edilməsini müharibə dövründə çox mühüm bir hadisə adlandırmaqla onun strateji əhəmiyyətə malik olduğunu qeyd etdi və ərazidə gedən işlərlə tanış olmaqla bərabər gələcəkdə bu torpaqların bərpası üçün lazım olan tədbirlərin aktuallığını qeyd etdi. O, həmçinin Tərtərdə, Bərdədə sakinlərin dağıdılmış evləri ilə tanış oldu, peşə liseyinin açılışında iştirak elədi və görülən işləri qiymətləndirməklə bərabər qarşıda çox mühüm vəzifələrin durduğunu bildirdi. Cənab Prezident həm də bu gün Ermənistanda revanş götürmək, müharibəyə hazırlıq görmək həvəsində olan siyasi dairələrə, Ermənistanın baş nazirinə, xüsusilə də əli Azərbaycan vətəndaşlarının qanına batmış qatil, cinayətkar Sergik Sarkisyana özünün mesajlarını göndərdi və bildirdi ki, buradadır, işğaldan azad edilmiş torpaqlardadır, Suqovuşandadır. Bildirdi ki, Serjik bir vaxtlar bu torpaqlarda at oynadırdı, baş kəsirdi, qan tökürdü və özünü erməni xalqına bir milli qəhrəman kimi təqdim edirdi. İndi gəlsin bura bu yerləri görsün və danışaq. Əlbəttə ki, bu, ürəkdən gələn, həm də qatilə, cinayətkara bir sillə idi.
Bir vaxt özünü fövqəladə şəxs kimi təqdim edən, Ermənistanın fatehi, fədakarı kimi qiymətləndirən Serjik Sarkisyanlar, Robert Koçaryanlar, Araik Arutyunyanlar və digərləri bu gün qaçıb gizlənsələr də yenə də münaqişələri davam etdirmək, torpaqları işğal etmək uğrunda mübarizədədirlər. Onlar Azərbaycanın əleyhinə, ölkə rəhbərinin ünvanına, eləcə də Ulu Öndərimizin ünvanına xoşagəlməz ifadələr işlətməklə, özlərinə yenidən xalq toplamaq, yenidən erməni xalqının, erməni təcavüzkarlarının gözündə ucalmaq fikrindədirlər. Ancaq cənab Prezident öz çıxışında bildirdi ki, bunların heç bir əsası yoxdur, yenidən müharibə etmək, revanş eşqinə düşənlər yanılırlar. Çünki, Azərbaycan Ordusu, Azərbaycan xalqı döyüşlərdə öz sözünü dedi. Bu fərarilər isə müharibə getdiyi vaxtlarda fərarilik etdilər, qaçıb gizləndilər və erməni balalarını qırğına verdilər”, deyə Tahir Rzayev bildirib.