Ankarada Türkiyə Prezidenti Administrasiyası yanında İnsan Resursları Ofisində “Azərbaycan Respublikasının dövlət idarəçiliyi və dövlət qulluğu sistemi” adlı təqdimat keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından (DİA) tan.az-a bildiriblər ki, Türkiyə Prezidenti Administrasiyası yanında İnsan Resursları Ofisinin şöbə müdirləri, sektor müdirləri, layihə rəhbərləri, müxtəlif nazirliklərin nümayəndələrinin qatıldığı tədbirdə DİA-nın Türkiyəyə ezam olunmuş Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri Rəcəb Rəhimlinin məruzəsi dinlənilib.
Onlayn formatda keçirilən təqdimatda DİA-nın rektoru akademik Urxan Ələkbərov da iştirak edib.
Xatırladaq ki, 2021-ci il fevralın 19-da Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın doqquzuncu iclasında imzalanan protokol çərçivəsində iki ölkənin dövlət kadrlarının hazırlanması və inkişafı sahəsində işbirliyinə dair razılıq əldə olunub. Protokola əlavə edilmiş Fəaliyyət Planında, həmçinin təhsil və insan resurslarının inkişafı ilə bağlı birgə fəaliyyətin qarşılıqlı münasibətlərə təkan verəcəyi vurğulanıb. Bu çərçivədə Türkiyə Prezidenti Administrasiyası yanında İnsan Resursları Ofisinin rəhbərliyinin dövlət qulluqçularının təlim və inkişafı üçün vasitələrin tanıdılmasına yönəlik Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birgə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulub və bu istiqamətdə ilkin tədbirlər görülüb, yol xəritəsi müəyyənləşdirilib.
Qeyd edilən dövlətlərarası anlaşma çərçivəsində təşkil edilən tədbirdə təqdimatla çıxış edən dosent Rəcəb Rəhimli Türkiyə təmsilçilərinə ölkəmizin son illərdə iqtisadi, siyasi, humanitar, hərbi uğurları ilə bağlı məlumat verib. Bildirilib ki, ölkənin hazırkı davamlı inkişafı dövlət idarəçiliyi və dövlət qulluğu sahəsində reallaşdırılan ardıcıl islahatlar və dəyişikliklərin nəticəsidir.
R.Rəhimli Azərbaycan Respublikasının dövlət qulluğu sistemi, son illərdə dövlət idarəçiliyi sahəsində gerçəkləşdirilən islahatlar barədə iştirakçılara məlumat verib. O, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar sayəsində ölkədə qlobal çağırışlara çevik reaksiya verə bilən dövlət qulluğu sisteminin formalaşdığını xüsusi vurğulayıb. R.Rəhimli əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət qulluqçularının hazırlanması və yenidən hazırlanması sisteminin formalaşdırılmasında vacib həlqə olduğuna diqqət çəkib. Vurğulanıb ki, daimi dəyişikliklər şəraitində dövlət idarəçiliyi sisteminin modernləşdirilməsinə dair tövsiyələrin işlənməsi sahəsində aparıcı elm, təhsil və informasiya mərkəzi kimi müəyyənləşdirilən DİA-nın statusu və fəaliyyət sahəsi Prezident İlham Əliyevin 2014 və 2017-ci illərə aid sərəncamları ilə xeyli genişləndirilib. Dövlət İdarəçilik Akademiyasında yeni tədris texnologiyalarının tətbiqi ilə ali təhsilin müxtəlif səviyyələrində və fərqli istiqamətlər üzrə ildə 3 mindən artıq dövlət qulluqçusu yenidən hazırlanır.
R.Rəhimli diqqətə çatdırıb ki, dövlət qulluqçularının əlavə təhsilinin təşkili və peşə bacarıqlarının təkmilləşdirilməsi məqsədilə rəhbər vəzifəli və digər dövlət qulluqçularının fasiləsiz təhsilinin təşkili çərçivəsində müxtəlif müddətli fokus qruplar üçün ən son yeniliklər əsasında daim yenilənən və distant formada təşkili mümkün olan təlimlər paketi formalaşdırılıb. Təlimlər fokus auditoriyasının xüsusiyyətləri nəzərə alınaraq distant, interaktiv formada, qısa və uzunmüddətli, tanınmış milli və xarici ekspertlərin iştirakı ilə keçirilməkdədir. Bildirilib ki, dövlət qulluqçularının hazırlanması prosesində Prezident İlham Əliyev tərəfindən ilk dəfə nəzəri cəhətdən əsaslandırılmış və tətbiq olunan, Azərbaycan Respublikasının davamlı inklüziv inkişaf sahəsində dünya liderliyini təmin edən və 44 günlük Vətən müharibəsi şəraitində də uğurla sınaqdan keçən yeni idarəetmə texnologiyalarının öyrənilməsinə xüsusi yer ayrılıb.
Toplantının sonunda tədbir iştirakçılarının sualları cavablandırılıb, gələcək birgə fəaliyyətə dair məsələlərlə bağlı fikir mübadiləsi aparılıb və perspektiv işbirliyi istiqamətləri müəyyənləşdirilib.