Home Gündəm Vüqar Rəhimzadə: Prezident İlham Əliyevin səfərləri göstərir ki, “Böyük Qayıdış” üçün...

Vüqar Rəhimzadə: Prezident İlham Əliyevin səfərləri göstərir ki, “Böyük Qayıdış” üçün bütün potensial imkanlar səfərbər olunub

473
0
SHARE

«Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qürurludur. Artıq müstəqillik tariximizin parlaq səhifəsi olan Zəfər Gününün birinci ildönümü ərəfəsindəyik. Bir ildir Prezident İlham Əliyev qalib ölkənin qalib Lideri kimi işğaldan azad edilmiş torpaqlara səfərlər edir, erməni vandallarının yerlə-yeksan etdikləri Qarabağın və Şərqi Zəngəzurun  bərpası və quruculuğu istiqamətində mühüm tədbirlər həyata keçirir, Fərman və sərəncamlar imzalayır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş  torpaqlarımıza səfərlərinin say tərkibinə  diqqət yetirdikdə aydın görünür ki, bu əraziləri cənnətməkana çevirmək ölkə Prezidentinin siyasətində prioritet istiqamətdir. Başqa sözlə, hər bir səfər tarixi hadisə olmaqla yanaşı, Böyük Qayıdışa, soydaşlarımızın tezliklə  öz doğma yurd-yuvalarına qovuşmaları istiqamətində atılan addımdır.  Həyatımızda ən xoşbəxt  anlardan  biri məhz son bir ildə   torpaqlarımızın işğaldan azad edildiyi tarixlərin qeyd olunması və həmin günlərdə dövlət başçısı İlham Əliyevin bu ərazilərə səfərləridir.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın oktyabrın 17-də Füzulinin işğaldan azad olunduğu tarixdə bu rayona səfəri, ictimaiyyət nümayəndələri ilə görüşləri mühüm tarixi anlarla yadda qaldı. Səfər çərçivəsində  bir sıra sosial obyektlərin təməlqoyma mərasimləri keçirilməklə yanaşı, Füzuli şəhərinin baş planı təqdim olundu. Bu bir ildə dövlət başçısının «ağıllı şəhər» və «ağıllı kənd» strategiyasına uyğun olaraq  şəhər və kəndlərimizin bərpası istiqamətində mühüm addımlar atılıb. Füzuli rayonuna səfər zamanı da bu ənənə davam etdirildi. Dövlətyarlı kəndinin inkişaf konsepsiyası təsdiq edildi, təməli qoyuldu. Xüsusilə təqdirəlayiq haldır ki,  “ağıllı kənd” konsepsiyası əsasında Dövlətyarlı kəndində böyük yaşayış məntəqəsi yaradılacaq.»

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, azad edilmiş ərazilərimizdə əsasən  yol infrastrukturu yenilənir: «Bu istiqamətdə ilk işlər məhz Füzulidən  başlayıb.  Qarabağın dünyaya açılan hava qapısı kimi dəyərləndirilən  Füzuli Beynəlxalq Hava Limanının təməli məhz bu ilin yanvarında qoyulmuşdur. Artıq  aeroport beynəlxalq statusa malikdir. Cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli  Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanışlıq zamanı bir daha bildirilmişdir ki, aeroportda  görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Füzuli Beynəlxalq Hava Limanının Qarabağın  hava qapısı kimi dəyərləndirilməsi onun strateji və iqtisadi əhəmiyyətini qat-qat artırır.»

YAP Xətai rayon təşkilatının sədri  diqqəti, eyni zamanda, ötən il  oktyabrın 20-də Zəngilanın işğaldan azad olunmasına yönəldib: «Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilk dəfə 2020-ci il dekabrın 23-də düşmən tapdağından azad edilmiş Zəngilan rayonuna səfər ediblər. Ümumiyyətlə, ötən bir ildə  dövlət başçısının Zəngilana  3 səfəri reallaşıb. Möhtərəm  Prezidentimiz aparılan bütün bərpa və quruculuq işlərinə bilavasitə özü nəzarət edir. Bütün bunlar onu göstərir ki, işğaldan azad olunmuş rayonlarda icra olunan layihələr regionun sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaq. Prezident İlham Əliyevin səfərləri, eyni zamanda, onu göstərir ki, “Böyük Qayıdış” üçün bütün  potensial imkanlar səfərbər olunub. Məlumdur ki, «ağıllı kənd» layihəsinin təməli Zəngilan rayonunun Ağalı kəndlərində qoyulub. Artıq layihənin ilin sonuna  başa çatdırılması və  keçmiş məcburi  köçkünlərin öz doğma yurd-yuvalarına qayıtmaları  nəzərdə tutulub.  Zəngilandakı Ağalı kəndi Qafqazda müasir standartlara cavab verən ilk kənd kimi tarixə düşəcək.  “Ağıllı kənd” layihəsinin birinci mərhələsində Qarabağda təhlükəsiz yaşayış mühiti yaradılaraq “ağıllı tədris”, “ağıllı səhiyyə” və “ağıllı kənd təsərrüfatı” sistemləri də həyata keçiriləcək.»

Vüqar Rəhimzadə  işğaldan azad olunmuş ərazilərdə yeni texnologiyaların tətbiqinin Azərbaycanın  yeniləşməyə, modernləşməyə daim üstünlük verən ölkə olmasının  göstəricisi kimi qeyd edib: «Dövlət başçısı İlham Əliyevin Füzuliyə  səfəri zamanı Füzuli şəhərində Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin təməlinin qoyulması da bunun bariz nümunəsidir.  Cənubi Qafqazda ilk dəfə tətbiq olunan bu layihə yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanmasını təmin edir.»

Tarixi  Zəfərimizdən sonra  Azərbaycanın nəqliyyat-kommunikasiya, logistika imkanlarının genişləndirilməsi üçün çox əlverişli imkanlar  yaradıldığını da vurğulayan YAP Xətai rayon təşkilatının sədri  bildirib ki, 10 noyabr 2020-ci il tarixli Bəyanatda  Zəngəzur dəhlizinin açılması da ayrıca  müddəa kimi qeyd edilib: «Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın  tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. İşğaldan azad edilmiş  ərazilərdə tikilən  üç aeroportun yerləşdiyi  məkanlardan biri Zəngilandır.  Zəngilanda inşa olunacaq hava limanı bu bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Buradan dəmir yolu  və avtomobil magistralı da keçəcək və Naxçıvana yol açılacaq.»

«Atılan bu addımlar bir daha təsdiqləyir ki,  keçmiş məcburi  köçkünlərin tezliklə öz doğma torpaqlarına qaytarılması əsas hədəfdir» söyləyən Vüqar Rəhimzadə qeyd edib ki,  Azərbaycanın malik olduğu iqtisadi və maliyyə imkanları qarşıya qoyulan hədəflərə vaxtında və yüksək səviyyədə nail olmağa stimul verir: «Bütün planlarımız  həyatda öz əksini tapacaq, Qarabağ və Şərqi Zəngəzur nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevriləcək. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük əminliklə qeyd etdiyi kimi,  bu günə qədər bəyan edilən bütün hədəflər necə təmin edilmişdisə,  növbəti dövr üçün nəzərdə tutulmuş hədəflər də təmin ediləcək. Biz bu hədəflərə çatacağıq, ölkəmizi, ordumuzu yenə də gücləndirəcəyik və Azərbaycan xalqının təhlükəsiz həyatını təmin edəcəyik.»