Arzu Nağıyev: “Gəncliyin tərbiyəsi ailədən və ətraf mühitdən asılıdır”
Prezident İlham Əliyev çıxışlarından birində gənclərlə bağlı mövqeyini ifadə edib. O deyib: “Bizə sağlam millət lazımdır, sağlam, yeni gənc nəsil lazımdır. Bilikli, savadlı, bütün dünyada gedən proseslərə bələd olan, gözəl təhsil alan, öz biliyi və savadı ilə Azərbaycanın gələcək inkişafına töhfə verəcək gənc nəsil lazımdır, vətənpərvər gənc nəsil lazımdır”.
Məhz bu səbəbdən bu gün dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin gücləndirilməsidir.
Millət vəkili, politoloq Arzu Nağıyev bu mövzunu “Yeni Müsavat”a şərh edərkən ailənin və cəmiyyətin rolunu vurğuladı: “Hər bir valideyn övladının gələcəyi üçün cavabdehdir. Məsələn, aparıcı dövlətlərdən olan Yaponiyada 1-4 yaş arası uşaqlara müəyyən sərbəstlik verilir. 4 yaşından 15 yaşına qədər zəhmətə öyrəşdirirlər, 15 yaşından sonra isə artıq dostluq əlaqələri qururlar. Hesab edirəm ki, keçid dövrünə qədər uşaqlara ciddi nəzarət etmək lazımdır. Ümumiyyətlə, gəncliyin tərbiyəsi ailədən və ətraf mühitdən asılıdır”.
A.Nağıyev həmçinin tarixdən dərs çıxarmağın mühüm rolunu qeyd etdi: “Düşünürəm ki, hər bir gənc öz keçmişini mütləq bilməlidir. Siyasi, hərbi, iqtisadi cəhətdən məsələlərin həllinə hazır olmalıdır. Bir milləti məhv etmək üçün onun milli mənəviyyatını, kimliyini, dilini əlindən almağa çalışırlar. Mənfur qonşularımız uşaq doğulan andan beyninə erməni kimliyini yeridir, eyni zamanda türkü, azərbaycanlını düşmən kimi tanıdır. Bunun hansı effekt verdiyi göz önündədir. Tarixin müəyyən mərhələlərində Azərbaycan xalqının başına gətirilən bəlalar Azərbaycan gəncinə dərs olmalıdır. Tarixini bilmək, müasirliyini yaşamaq, gələcəyini qurmaq bir xətdir”.
Millət vəkili hesab edir ki, milli mənlik şüurunun kənar təsirlərdən qorunması üçün gənclərin təhlil qabiliyyəti olmalıdır: “4-cü sənaye inqilabı labüddür. Məlumdur ki, bir sıra qlobal məsələlər müzakirə olunmaqdadır. Hər bir gəncin istər sosial şəbəkə, istərsə də media ilə bağlı öz fikirləri, yanaşması var. Əgər təhlil qabiliyyəti varsa, nəticə çıxarmaq çətin deyil. Nəyin ziyanlı, nəyin isə gərəkli olduğuna məntiqlə qərar verə bilər. Sosial şəbəkələr birbaşa beyinə təsir etsə də, təhlil aparılmalı, daha sonra nəticə çıxarılmalıdır. Boş nəticələr uçuruma aparır”.
A.Nağıyevin fikrincə, bu gün ən aktual məsələlərdən biri gələcək genefondu qorumaqdır: “Bu gün Azərbaycan gəncliyinin gələcəyini məhv etmək üçün cidd-cəhdlə istifadə olunan metodlardan biri də narkotik vasitələrin qanunsuz dövriyyəsidir. Məlum məsələdir ki, bunun qarşısını tam almaq mümkün deyil. Lakin bununla bağlı maarifləndirmə işinin aparılması mütləqdir. Eyni zamanda gələcək Azərbaycan vətəndaşının formalaşmasını təmin etmək üçün mütləq şəkildə bu bəladan xilas olmaq lazımdır. Gələcəkdə normal cəmiyyət qurmaq üçün bizim ağıllı, savadlı, qabiliyyətli vətəndaşlara ehtiyacımız var. Əsrin bəlasına çevrilmiş problemlə mübarizədə yekdil olmaq lazımdır. Tək hüquq-mühafizə orqanlarının apardığı mübarizə yetərli deyil. İstər xarici xüsusi xidmət orqanları, istərsə də müəyyən qədər məsrəf əldə etməyə çalışan qurumlar bunu ucuz biznes kimi əsasən gənclər arasında yayır. Gənclər də dərk etməlidir ki, bundan sonra gələcəkdə onların özlərinin övladları belə bu prosesə cəlb oluna bilər və aludəçilik genefondun məhvinə gətirib çıxara bilər. Gənc nəslin beyninin pozulması intiharların səbəblərindən biridir. Dini radikalizm, psixi pozğunluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ən böyük bəlalar sırasındadır. Bu istiqamətlərdə çox ciddi addımlar atmaq lazımdır”.
Yazını hazırladı: Nigar Həsənli