Cari ilin 23 oktyabr tarixində bəzi sosial şəbəkələrdə Araik Arutyunyanın Moskvada olduğu və burada Rusiya Federasiyasının rəsmiləri ilə görüşlər keçirərək regional vəziyyəti müzakirə etdiyi barədə xəbərlər tirajlanıb.
Son günlər erməni KİV-i tərəfindən özlərini Qarabağın “vəzifəli şəxsləri” kimi təqdim edənlərin Rusiyaya “işçi səfərləri” və guya burada Rusiyanın siyasi dairələri ilə rəsmi görüşlər keçirdikləri barədə həqiqətə uyğun olmayan məlumatlar yayılır.
Səfirlikdən bildirilib: “Səfirlik bir daha vurğulayır ki, adları qeyd olunan şəxslər Rusiya Federasiyasının sərhədini Ermənistan Respublikasının vətəndaşlarına məxsus olan pasportlarla keçirlər və burada adətən erməni diasporu nümayəndələri, eləcə də onlara lobbiçilik edən şəxslər ilə görüşürlər, belə səfərlər yalnız şəxsi xarakter daşıyır və rəsmi qəbul edilmir, onlarla Rusiyanın dövlət strukturları və diplomatik xidmət xətti ilə hər-hansı siyasi məsləhətləşmələr aparılmır.
Bir çox hallarda bu kimi məlumatlar saxta olur, heç bir faktlara əsaslanmır, təxribat xarakteri daşıyır və ictimaiyyəti çaşdırmaq, uğurla inkişaf edən Azərbaycan-Rusiya əməkdaşlığına kölgə salmaq məqsədini daşıyır”.