Home Cəmiyyət Aslan Aslanov: Türk dünyasının birliyinin və güclənməsinin əhəmiyyətini Azərbaycan xalqının ümummilli lideri...

Aslan Aslanov: Türk dünyasının birliyinin və güclənməsinin əhəmiyyətini Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hələ illər öncə təkrar-təkrar vurğulayıb (FOTO)

210
0
SHARE

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) İstanbulda keçirilən mediaforumu çərçivəsində oktyabrın 23-də “Türk dünyası olaraq gələcəyi qurmaq” mövzusunda panel iclası təşkil olunub.

Panel iclasında Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) İdarə Heyətinin sədri Aslan Aslanov, Anadolu Agentliyinin (AA) Baş direktoru və İdarə Heyətinin sədri Sərdar Karagöz, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, Türkiyənin NTV media qurumunun Xarici əlaqələr və xarici xəbərlər redaksiyasının koordinatoru Ahmet Yeşiltepe və digərlərinin mövzu ilə bağlı çıxışları dinlənilib.

Tədbirdə çıxış edənlər türk dünyasının gələcəyinin qurulmasına xaricdən edilən təzyiqlərə, zorakılıqlara, separatçı cəhdlərə qarşı alternativ, lakin ədalətli mədəni, siyasi və iqtisadi birliyin yaradılmasının vacibliyini vurğulayıblar. Qeyd olunub ki, türk dünyasının gələcəyini qurmağın əsas yolu həmrəylik və əməkdaşlıqdan keçir. Bu birliyin ən gözəl nümunəsini Qarabağ müharibəsi dövründə gördük. Qarabağ Zəfəri türk dünyasının son dövrlərdə qazandığı ən böyük uğurlarından biridir. Burada biz yalnız torpaqlarımızı azad etmədik, eyni zamanda, birliyimizi qurduq. Burada ortaq iş görməyin və Zəfəri əldə etməyin həzzini yaşadıq. Bu Qələbənin əhəmiyyəti təkcə hərbi Zəfər deyil, birlik Zəfəridir. Dünya mediasında Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə bağlı təhlili yazı verilmədi. Biz bunu türk dünyası olaraq birləşərək dünyaya çatdırmağa çalışdıq. Bu proses yalnız 44 gün deyil, bütün işğal dövrünü də əhatə etdi. Azərbaycan və Türkiyə liderləri çox ciddi iradə ortaya qoyaraq xalqlarımızın birliyini gücləndirdilər. Bunun nəticəsidir ki, Türkiyə KİV-ləri yayımlandığı hər dildə Ermənistanın Azərbaycana qarşı təxribatları haqqında yazmağa başladı. Burada kommunikasiya idarələrimizin rolunu xüsusi qeyd etmək lazımdır.

Çıxışında Türk Şurasının Baş katibi Bağdad Amreyevin rəhbərliyi ilə Şuranın fəaliyyətinin çox geniş və müxtəlif sahələri əhatə etdiyini bildirən Aslan Aslanov deyib: “Bu çoxşaxəli fəaliyyət və reallaşdırılan layihələr Türkdilli dövlətlərin birliyinə, xalqlarımızın və cəmiyyət institutlarının daha da yaxınlaşmasına xidmət edir. Buna ən yeni misal olaraq, Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı Türk Şurasının dəstəyini və çox önəmli bəyanatını qeyd etmək istərdim. Bu, türkdilli ölkələr arasındakı birliyin, həmrəyliyin real təzahürü kimi diqqət çəkir.

Biz ortaq tarixə, ortaq mədəniyyətə, ortaq dilə və dinə mənsub dövlətlər və xalqlarıq. Bu ortaq dəyərlər qloballaşan, lakin bəzi hallarda qütbləşən müasir dünya düzənindəki yerimizi və rolumuzu müəyyənləşdirmək üçün çox mühüm istinad nöqtələridir. Türk dünyası olaraq gələcəyə gedən yollarımız da məhz burada kəsişərək qovuşur”.

Türk dünyasının güclənməsinin və birliyinin əhəmiyyətinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hələ illər öncə təkrar-təkrar vurğuladığını xatırladan A.Aslanov deyib: “Ulu Öndər deyirdi ki, özünün yeni yüksəliş dövrünü yaşayan çağdaş türk dünyasının xalqları yeni dünyanın mühüm amillərindən birinə çevrilməkdədir. Öz suverenliyini əldə etmiş bir çox türk cümhuriyyətlərinin bu sıraya qoşulması türk dünyasının gələcəyinə işıqlı ümidlər oyadır. Artıq gerçəkləşməkdə olan bu ümidlər gələcək barədə daha nikbinliklə danışmağa əsas verir”.

Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyənin regionda önəmli mövqeləri ilə seçilən və qlobal təhlükəsizliyə mühüm töhfələr verən dövlətlər olduğunu xatırladan Aslan Aslanov dövlətlərimizin və xalqlarımızın potensialının real qiymətləndirilməsi və bu gücün birləşdirilməsinin gələcəyimiz üçün xüsusi önəmə malik olduğunu vurğulayaraq bildirib: “Təəssüf ki, bu gün dünyada türk düşmənçiliyi, islamofobiya və bu kimi digər ədalətsizliklər ilə üz-üzəyik. Biz zamanın gözlənilən və gözlənilməyən çağırışlarına birlikdə cavab versək, mövcud təhdidlərin qarşısına birgə çıxsaq, önümüzdə heç bir qüvvə duruş gətirə bilməz. Azərbaycan Qarabağda qurtuluş savaşına qalxdığı vaxt Türkiyənin, eləcə də Türk Şurasının mənəvi-siyasi dəstəyi bunun əyani təsdiqidir”.

Azərbaycan-Türkiyə qardaşlığının Türk dünyasının gələcəyi üçün ən yaxşı model, nümunə ola biləcəyini xüsusi qeyd edən Aslan Aslanov deyib: “İstanbula səfər öncəsi tarixi vərəqləyərkən 2014-cü ilin aprelində Praqada keçirilən “Şərq tərəfdaşlığı” Sammitində baş verən bir olayı xatırladım. Türkiyə bu sammitdə təmsil olunmurdu. Türkiyənin qarasınca danışan birinin sözünü Azərbaycan Prezidenti İlham Əliyev kəsərək “Türkiyə burada yoxdur, amma mən varam” dedi və Türkiyə həqiqətlərindən danışdı. Azərbaycanın olmadığı siyasi məkanlarda, beynəlxalq siyasi müstəvidə isə onun sözünü Türkiyə deyir. Mən Praqada 7 il əvvəl baş vermiş hadisəni təsadüfən dilə gətirmədim. Hesab edirəm ki, bu, Türk dünyasının arzuladığımız və can atdığımız gələcəyi üçün bir örnək, o cümlədən biz media nümayəndələri üçün də ibrətamiz nümunədir.

Bu gün türkdilli dövlətlərin media sahəsində əlaqələri də möhkəmlənməkdə olan əməkdaşlığımızın ruhuna uyğun inkişaf edir. Türk Şurasının təşəbbüsü ilə keçirilən görüşlərimiz, eləcə də bu mediaforum informasiya və təcrübə mübadiləsi üçün münbit zəmin yaradır”.

Yaşadığımız dövrün informasiya mühitinin müasir reallıqlarının media qurumları arasında sıx əməkdaşlığı, çevik informasiya mübadiləsini, qarşılıqlı kadr hazırlığı məsələlərini getdikcə aktuallaşdırmaq olduğunu qeyd edən AZƏRTAC-ın İdarə heyətinin sədri Ermənistanın 30 il işğal altında saxladığı torpaqları azad etmək uğrunda Azərbaycanın apardığı Vətən müharibəsi zamanı informasiya cəbhəsində nələr baş verdiyinin şahidi olduğumuzu xatırladadaraq deyib: “Feyk xəbərlərin, reallıqdan çox-çox uzaq olan qərəzli məlumatların yayılması, Azərbaycana aşkar təzyiq cəhdləri və sair. Azərbaycan mediası bu informasiya savaşından möhkəmlənərək, böyük təcrübə toplayaraq çıxdı. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, qardaş Türkiyə mediasının müharibə dövründə Azərbaycana verdiyi dəstək dezinformasiyaların qarşısını almaqda və dünyaya əsl həqiqətləri çatdırmaqda əvəzedilməz rol oynadı. Müşahidələrimiz onu deməyə əsas verir ki, türkdilli ölkələrin mediası lazım gəldikdə bir-birinin haqq səsini dünyaya çatdırmaq üçün güclü resurslara malik olmalıdır. Bu hədəfə isə, ilk növbədə, dünya təcrübəsini mənimsəməklə, yeni trendləri çevik tətbiq etməklə nail olmaq mümkündür. Media platformalarının yaradılması və inkişafı bu baxımdan önəmlidir”.

AZƏRTAC-ın Qazaxıstanın “Kazinform”, Qırğızıstanın “Kabar”, Özbəkistanın “UzA”, Türkmənistanın dövlət agentliyi və Türkiyənin Anadolu xəbər agentliyi ilə ikitərəfli qaydada sıx tərəfdaşlıq əlaqələrinə malik olduğunu diqqətə çatdıran A.Aslanov deyib: “Eyni zamanda, 1992-ci ildə yaradılan Türkdilli Xəbər Agentlikləri Birliyi – TKA da bu baxımdan vacib platformalardan biridir. Onun canlandırılması, inkişaf etdirilməsi bu gün aktual məsələ kimi qarşımızda dayanır.

Biz Anadolu Agentliyi ilə birlikdə TKA-nın Baş Assambleyasını keçirməyi planlaşdırırıq. Tərəfdaşımız olan agentliklərin bu toplantıya verdiyi önəmi yüksək qiymətləndiririk. Bununla bağlı təşəbbüslərinə və səylərinə görə dəyərli həmkarım, hörmətli Sərdar Karagözə bir daha təşəkkürümü bildirirəm.

Bildiyimiz kimi, informasiya agentlikləri istənilən ölkədə əsas informasiya təchizatçısı olaraq doğru və yoxlanılmış xəbər mənbəyidir. Feyk və dezinformasiya dolu yeni informasiya məkanında belə xəbərlərə ehtiyac qat-qat artıb. Bu səbəbdən məhz yoxlanılmış, dəqiq xəbərlərə böyük tələbat yaranır. Məqsədimiz TKA-nın fəaliyyətini daha da aktivləşdirməklə, təkmilləşdirməklə onun beynəlxalq informasiya məkanına inteqrasiyasını, Dünya Xəbər Agentlikləri Konqresi, Avropa Xəbər Agentlikləri Alyansı, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı və bu kimi digər media qurumları ilə əməkdaşlığını təmin etməkdir. İlkin olaraq təşkilatın yeni Nizamnaməsinin layihəsi hazırlanıb və müzakirə üçün üzv agentliklərə göndərilib. Bu ilin fevralında AZƏRTAC təşkilatın saytını imkanları daxilində yeniləyib. Saytın təkmilləşdirilməsi üçün üzv agentliklərin ciddi dəstəyinə ehtiyac var”.

Ötən ilin dekabrında Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında “Media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalandığını və hər iki ölkənin prezidentləri tərəfindən təsdiqləndiyini xatırladan AZƏRTAC-ın idarə Heyətinin sədri bildirib: “Hesab edirəm ki, digər türkdilli ölkələr arasında da belə bir əməkdaşlıq platforması yaratmaq, yaxud onu daha qlobal struktura çevirmək üçün bütün şanslar, imkanlar var. Ümumiyyətlə, media sahəsində ikitərəfli əməkdaşlıq müstəvisində toplanmış təcrübənin Türk Şurası formatına transformasiyası barədə düşünməyə dəyər. Yəqin ki, digər türkdilli dövlətlərdəki həmkarlarımızın da müvafiq ideya və təklifləri var, onları müzakirə edib ortaq məxrəc tapa bilərik. Birinci addım kimi təklif edərdim ki, yaxın gələcəkdə Türk Şurasına üzv dövlətlərin media strukturlarının iştirakı ilə konfrans keçirilsin. Həmin konfransda ümumtürk media platformasının yaradılmasına dair yol xəritəsi hazırlansın”.

A.Aslanov qeyd edib ki, Türk dünyasının öndərləri xalqlarımızın gələcəyini həmişə parlaq görüblər. Müstəqil dövlətlərə malik olan xalqlarımız bu parlaq gələcəyə doğru inamla addımlayır, hər bir addım isə gələcəyin binasının önəmli elementinə çevrilir. Əminəm ki, Türk Şurasının təşkil etdiyi bu mediaforum da mətbuatımızın daha sıx əməkdaşlığı üçün yeni imkanlar açacaq və biz bu gələcəyin qurulmasına öz töhfəmizi verə biləcəyik.

Sonra mövzu ilə bağlı suallar cavablandırılıb.