Home Biznes və iqtisadiyyat xəbərləri Dövlət Neft Fondu AÇG və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb

Dövlət Neft Fondu AÇG və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb

227
0
SHARE

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb.

Fond bildirir ki, 2021-ci ilin yanvar-sentyabr aylarında AÇG yatağından 3 milyard 966,8 milyon ABŞ dolları məbləğində gəlir əldə edilib.

AÇG yatağı fəaliyyətə başladığı 2001-ci ildən bu günə qədər isə yataqdan əldə edilən ümumi gəlirlərin həcmi 153 milyard 372 milyon ABŞ dolları təşkil edib.

“Şahdəniz” yatağı üzrə qaz və kondensatın satışından bu ilin yanvar-sentyabr aylarında əldə olunan gəlir 329,131 milyon ABŞ dolları təşkil edib.

“Şahdəniz” yatağı fəaliyyətə başladığı 2007-ci ildən etibarən bu günə qədər yataq üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirlər 3 milyard 996 milyon ABŞ dolları təşkil edib.

Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

Qeyd edək ki, “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. “Şahdəniz” üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 28,8 %), AzSD (10 %), “SGC Upstream” (6,7 %), “LUKoil” (25,5 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.