Home Cəmiyyət MDB PA-nın komissiyalarında

MDB PA-nın komissiyalarında

642
0
SHARE

Oktyabrın 28-də MDB PA-nın Təhlükəsizlik və yeni çağırışlara və təhdidlərə qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üzrə Birgə Komissiyasının, Müdafiə və təhlükəsizlik üzrə və Hüquqi məsələlər üzrə daimi komissiyalarının videokonfrans formatında iclasları keçirilib.

İclaslarda gündəlikdə olan model qanun layihələri və model qanunlara dəyişikliklər müzakirə olunub, model qanun yaradıcılığı üzrə təkliflər nəzərdən keçirilib. Həmçinin təşkilati məsələlərə baxılıb, daimi komissiyaların sədrləri və sədr müavinləri seçilib, hər üç komissiyanın növbəti iclasının tarixi və ilkin gündəliyi müəyyənləşdirilib.

****

İlk olaraq MDB PA-nın Təhlükəsizlik və yeni çağırışlara və təhdidlərə qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üzrə Birgə Komissiyasının iclası keçirilib. İclasda Milli Məclisin deputatları Arzu Nağıyev və Aydın Mirzəzadə iştirak ediblər.

Birgə Komissiyada “İctimai təhlükəsizlik haqqında” model qanun layihəsinə baxılıb, MDB PA-nın iştirakçısı olan dövlətlərdə hərbi polis xidməti, sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi, həmçinin radioaktiv, kimyəvi zərərli və patogen bioloji aqentlərin terror məqsədləri üçün istifadəsinin qarşısının alınması üzrə hazırlanan model təlimat, sənəd  layihələri və digər məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

****

MDB PA-nın Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının iclasında gündəliyin təsdiqindən sonra təşkilati məsələyə baxılıb. Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev yenidən MDB PA-nın Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini seçilib.

Sonra parlamentarilər gündəlikdəki “Milli təhlükəsizlik haqqında”, “Fövqəladə operativ xidmətlərin vahid çağırış sistemi haqqında”, “Sərhəd təhlükəsizliyi haqqında”, “Dövlət sərhədi haqqında”, “Sərhəd qurumları (qüvvələri) haqqında”, “İKT sahəsində pozuntuların qarşısının alınması haqqında” model qanunların hazırlanması və onlara dəyişikliklərin edilməsi ilə bağlı layihələri müzakirə ediblər, “MDB ölkələrində model qanun yaradıcılığının 2023-2025-ci illər üzrə” Perspektiv Planına təklifləri nəzərdən keçiriblər.

İclasda Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış edib, təkliflərini səsləndirib. Deputat müzakirə olunan sənədlərdə milli maraqlar termininin dürüstləşdirilməsini, təhlükəsizlik məsələlərində ərzaq təhlükəsizliyinin ayrıca göstərilməsini təklif edib.

****

Hüquqi məsələlər üzrə daimi komissiyanın iclasında da komissiyanın sədri və sədrin müavini seçilib. Milli Məclisin deputatı Əminə Ağazadə yenidən MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib.

Sonra gündəliyə çıxarılmış “Müqavilə hüququ (ümumi müddəalar) haqqında” model qanun layihəsi nəzərdən keçirilib, “Maliyyə sazişləri haqqında”, “Öhdəliklərin yerinə yetirilməsi qaydaları haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Fondlar haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Kiber cinayətkarlıqla mübarizə haqqında” model qanun layihələri üzərində aparılan işlər müzakirə edilib, həmçinin MDB PA-nın iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun, onun filial və nümayəndəliklərinin əsasnamə layihələrinə baxılıb.

Bununla da MDB PA-nın komissiya iclasları öz işini başa çatdırıb.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi