Home Cəmiyyət Tarixi zəfərin simvolları: Müzəffər Ali Baş Komandan, yenilməz ordu, “Dəmir yumruğ”a çevrilmiş...

Tarixi zəfərin simvolları: Müzəffər Ali Baş Komandan, yenilməz ordu, “Dəmir yumruğ”a çevrilmiş xalq

280
0
SHARE

8 Noyabr – Zəfər Günü xalqımızın qürur mənbəyinə çevrilmiş şanlı tarixdir. Həmin tarixin üç qəhrəmanı vardır: Müzəffər Ali Baş Komandan, onun formalaşdırdığı yenilməz ordu və dəmir yumruğa çevrilmiş xalq. Bu reallıqda Prezident–ordu – xalq sözləri sinonimləşmiş, tarixi zəfərin simvollarına çevrilmişdir.

Bu tarixi zəfəri ilə Prezident İlham Əliyev öz adını müzəffər sərkərdə olaraq təkcə mənsub olduğu ölkənin deyil, həm də dünyanın hərb tarixinə əbədi olaraq həkk etdi. Bu tarixi qalibiyyətin nəticəsində ordu­muzun yenilməzliyi, qüdrəti və vətənpərvərliyi sözdə deyil, qanlı döyüş meydanlarında sübuta ye­tirildi. Xalq olaraq qəddimiz düz, başımızı uca oldu. Qürurumuz özümüzə qaytarıldı. Alnımız­dan xəcalət təri birdəfəlik silindi. Birləşdik, bütövləşdik. Ən qatı əleyhdarlarımız belə bu həqiqəti etiraf etmək məcburiyyətində qaldılar.

Tarixi zəfər nəticəsində təkcə ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunma­dı, həm də erməni faşizminə ölümcül zərbə endirildi. Eyni zamanda, Ermənistanın və dünya ermənilərinin son 30 il ərzində sitayiş etdikləri “Miatsum” ide­ologiyası–İrəvan və Qarabağ ermənilərini vahid dövlət tərkibində görməyi hədəfləyən, bu prosesdə qonşu Gürcüstan ərazisinə də ilhaq zonası kimi yanaşan irti­caçı ideya iflasa uğradı. Bu gün Ermənistan dövləti və erməni xalqı milli ideologiyadan məhrum olmuş­dur. Miatsum tarixin zibilliyinə atıl­mışdır. Eyni məkanda “Ermənistan – diaspor – artsax” ideoloji triadası da yer almışdır.

Artıq bir ildir ki, müzəffər Azərbaycan Ordusu xilaskar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımı­zı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir. Hələ 2016-cı ilin aprel ayında Lələtəpə və 2020-ci ilin iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğal ilə barışma­yacağını bütün dünyaya nümayiş etdirmişdi.

Eyni zamanda, Prezident İlham Əliyev 2020-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsindəki çıxışında ən mötəbər kürsüdən beynəlxalq ictimaiyyətə xəbərdarlıq etmişdi ki, “Ermənistan rəhbərliyinin düşmən, Azərbaycanofob bəyanatları və təxribatları Ermənistanın Azərbaycana qarşı yeni hərbi təcavüzə hazırlaşdığını nümayiş etdirir”.

Bu xəbərdarlıqdan 3 gün son­ra, sentyabrın 27-də Ermənistan Azərbaycanın hərbi mövqelərinə və mülki şəxslərinə qarşı irimiq­yaslı hücuma başladı. Nəticədə hərbi qulluqçularla yanaşı, 11 dinc sakin, o cümlədən 2 uşaq həlak oldu. Buna cavab olaraq, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edil­miş özünümüdafiə hüququndan istifadə edərək, öz ərazisində bü­tün cəbhə boyu Ermənistana qarşı əks-hücuma keçdi.

30 il ərzində Ermənistanın iş­ğalı altında olan və vandalizm aktı­na məruz qalan ərazilərimiz azad olunmağa başlandı. Noyabr ayının 8-də qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadir və unikal əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olunması düşmənin müqavimət potensialını heçə endirdi. Nəticədə noyabr ayının 10-da prezidentlər İlham Əliyev, Vladimir Putin və baş nazir Nikol Paşinyanın imzala­dığı Üçtərəfli Bəyanat regionda uzunmüddətli münaqişənin hərbi fazasını başa çatdırdı və fak­tiki olaraq, işğalçı Ermənistan dövlətinin kapitulyasiya aktı oldu. Noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu bir güllə belə atılmadan, bir nəfər şəhid belə vermədən işğaldan azad olundu.

Ordumuzun əldə etdiyi tarixi zəfər Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən inkişaf doktrinasının, o cümlədən hərbi quruculuq siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Təsadüfi deyil ki, bəzi Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müdafiə Kollecinin (National War College) və Seton Hall Universi­tetinin Diplomatiya və Beynəlxalq münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan ordusu­nun hərbi taktikası çox yüksək qiymətləndirilir. ABŞ Hərbi Akade­miyası və Pentaqonun rəsmiləri Azərbaycan ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər. O hərbi əməliyyatlar ki, düşmənin üzləşdiyi hərbi texnika və sursat baxımın­dan itkiləri 4 milyard ABŞ dolla­rına bərabərdir. Dövlət büdcəsi bu rəqəmdən çox kiçik olan təcavüzkar Ermənistanın belə iri həcmdə silah-sursat almaq imkanına malik olmaması bəlli həqiqətdir. Deməli, təcavüzkarın şirnikləndirilməsi siyasəti onda “arxayınçılıq sindromu” forma­laşdırmış və cəzasız qalacağına inam yaratmışdır. Bu baxımdan beynəlxalq ictimaiyyətin də üzərinə məsuliyyət payı düşür. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusu həmin “arxa­yınçılıq sindromu”nu və “cəzasızlıq rejimi”ni darmadağın etdi.

Bu tarxi zəfərin digər mühüm nəticələri də vardır. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII qurultayındakı yekun nitqində qeyd etdiyi kimi, “müharibənin nəticələrindən biri də əlbəttə ki, bu gün müzakirə mövzusu olan Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Üçtərəfli bəyanatda bu məsələnin əks olunması bizim, eyni zaman­da, böyük siyasi qələbəmizdir. Hazırda Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində fəal işlər aparılır, bir çox təkliflər var, artıq bir çox nəqliyyat-kommunikasiya layihələri masa üzərindədir, müzakirə edilir və bu, bizim növbəti tarixi uğurumuz olacaqdır.” “Zəngəzur dəhlizi” məsələsinə xüsusi əhəmiyyət verən Prezident İlham Əliyev cari ilin 31 mart tarixində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatın­da qeyri-formal Zirvə görüşündə bir daha vurğulamışdır ki, “Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçirilmiş zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğ­rafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq, görərik ki, sanki bizim bədənimizə xəncər saplan­mışdır, türk dünyası parçalanmış­dır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çün­ki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yara­dacaq, o cümlədən Ermənistan üçün.”

“Müasir dünyada hüququn gücü deyil, gücün hüququ işləyir və güclüsənsə haqlısan məntiqi hökm sürür”, – deyən Prezident İlham Əliyev böyük uzaqgörənlik nümayiş etdirərək ordu quru­culuğu məsələlərini prioritet sahə kimi müəyyən etmiş və bu istiqamətdə möhtəşəm addım­ların atılmasını təmin etmişdir. Dövlətimizin başçısı hələ vaxtilə böyük uzaqgörənliklə vurğula­mışdır: “Əminəm ki, Azərbaycan gücləndikcə ordumuz da güclənəcək və ordumuz istənilən vəzifəni həll etməyə hazırdır, buna qadirdir. Azərbaycan ordusu nəinki bölgədə, həm hərbi potensialına, həm döyüş qabiliyyətinə, həm də təchizatına görə dünya miqya­sında güclü ordular sırasındadır. Düşmən bilməlidir ki, biz istənilən anda məsələni hərbi yolla həll edə bilərik”.

Təsadüfi deyildir ki, ölkəmizin büdcə zərfində müdafiə xərcləri hər zaman üstün mövqeyə malik olmuşdur. Əgər 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon dollara bərabər idisə, 2020-ci ildə bu göstərici 1,9 milyard dollar təşkil etmişdir. 2021-ci ildə isə müdafiə xərcləri artaraq 2,7 milyard dollara yüksəlmişdir. Stokholm Beynəlxalq Sülh Problemlərinin Tədqiqi İnstitutu­nun 2019-cu il hesabatına görə, Azərbaycan ÜDM-də hərbi xərcləri 4 faiz və ondan çox olan 10 dövlət sırasında yer almışdır. 2019-cu ilin göstəricilərinə əsasən, dün­yanın ən güclü orduları sırasında Azərbaycan 52-ci, Ermənistan isə 96-cı mövqedə olmuşdur. Hava gücü üzrə Azərbaycan 63-cü, Ermənistan 86-cı yeri tutmuşdur. Dəniz gücü üzrə isə Azərbaycan 67-ci yerdə, Ermənistan isə dəniz ölkəsi olmadığından bu sahədə imkanları sıfra bərabər hesab olmuşdur. Tank gücü üzrə isə Azərbaycan 32-ci, Ermənistan isə 2 dəfədən də aşağı göstəriciyə malik olmuşdur. Fərq göz qabağın­dadır. Əlavə şərhə ehtiyac yoxdur.

Ölkəmizdə qısa zaman ərzində 20-dən artıq hərbi za­vodun işə salınması və müasir hərbi-sənaye kompleksinin forma­laşması tarixi nailiyyət hesab olun­malıdır. Dünyanın aparıcı silah ix­racatçılarından 5-ci nəsil silahların alınması və bu sahədə də uğurlu şaxələndirmə siyasətinin tətbiq edilməsi ölkəmizə təkcə hərbi deyil, həm də siyasi dividentlər gətirmişdir.

Ordumuzda döyüş ruhu və hərbi-vətənpərvərlik hissinin ən yüksək səviyyəsi təmin edilmiş­dir. Ordumuz Vətən qarşısında xilaskarlıq missiyasını həyata keçirdiyindən güclü motivasiya­ya malik olduğu halda, düşmən ordusu öz işğalçı mahiyyəti səbəbindən bütün bunlardan məhrumdur. “Yenilməz” erməni ordusunun gücü isə yalnız əliyalın dinc insanlara çatır. Müharibə dövründə Ermənistan hakimiyyəti növbəti hərbi cinayətlərə imza atmışdır. Ali Baş Komandan İlham Əliyevin BMT-nin yuxarı­da qeyd olunan sessiyasında­kı çıxışında vurğuladığı kimi: “44 gün ərzində Ermənistan silahlı qüvvələri cəbhəboyu ərazilərdə yerləşən rayonları­mızı və şəhərlərimizi – Ağdam, Ağcabədi, Beyləqan, Daşkəsən, Füzuli, Goranboy, Tərtəri intensiv şəkildə atəşə tuturdu. Ermənistan, həmçinin cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Qəbələ, Siyəzən, Xızı və digər şəhərləri də atəşə tuturdu. Raketlərdən biri Azərbaycanın hava hücumundan müdafiə qoşunları tərəfindən Bakının yaxınlığında yerləşən Xızı üzərində zərərsizləşdirilmişdir. Bu isə onu göstərir ki, paytaxt Bakı da Ermənistanın raket hücumları­nın hədəfi idi. Ermənistan “Skad” və “İsgəndər-M” tipli ballistik raketlərdən, habelə qadağan olunmuş ağ fosforlu və kaset tipli sursatlardan istifadə edirdi. Ermənistanın bu hərbi cinayətləri nəticəsində 100-dən çox dinc sakin, o cümlədən 11 uşaq qətlə yetirilib, 450 nəfərdən çox insan yaralanıb. Azərbaycan ərazisində 12 min mülki infrastruktur obyekti, o cümlədən fərdi evlər dağıdılıb və ya onlara ciddi zərər dəyib”.

Bu zərərin qiymətləndirilməsi və gələcəkdə kompensasiya edilməsi məqsədilə Prezident İlham Əliyevin 6 noyabr 2020-ci il tarixli Sərəncamı ilə Dövlət Komissi­yası yaradılmışdır. 11 şəhər və rayonda 13 işçi qrupu fəaliyyət göstərmişdir. Bu işlərə 200-dək məsul şəxs cəlb olunmuşdur. 10300-dən çox obyektə baxış keçirilmiş və qiymətləndirmə aparılmışdır. İlkin hesablamala­ra görə vətəndaşların əmlakına dəyən ziyan 63, 6 milyon manat təşkil etmişdir. Dövlət əmlakına (yol, elektrik, qaz, rabitə, su xətləri və digər infrastruktur obyektləri) vurulan ziyan isə 27,4 milyon manata bərabər olmuşdur. 9 mindən artıq evə ziyan dəymişdir. Beləliklə, Ermənistanın “yenilməz” ordusunun dinc əhaliyə və dövlətə məxsus əmlaka vurduğu ziyan hələ ki, 91 milyon manata bərabərdir.

İşğal zamanı mülki və təsərrüfat obyektləri ilə yanaşı, Azərbaycanın misilsiz mədəniyyət abidələri də məhv edilmişdir. Belə ki, 13 dünya əhəmiyyətli (6 memarlıq, 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq, 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunələri) tarix və mədəniyyət abidələri erməni vandalizminin qurbanı olmuşdur.

Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində eko­sid – ətraf mühitə qarşı genosid törətmişdir. Meşələrimizin 60 min hektarı məhv edilmiş, torpaqları­mız və çaylarımız çirkləndirilmiş və zəhərlənmişdir.

Onu da qeyd edək ki, 2021-ci ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin bərpası və yenidənqurulması işlərinə 2,2 milyard manat vəsait ayrılmış­dır. Həmin işlərin mərkəzləşmiş qaydada həlli üçün Prezident İlham Əliyevin 2020-ci il 24 noyabr tarixli sərəncamı ilə Əlaqələndirmə Qərargahı (ƏQ) yaradılmşdır. Tərkibində 55 dövlət qurumu­nu təmsil edən 160 nəfərlik 16 işçi qrupu fəaliyyət göstərən Əlaqələndirmə Qərargahı artıq Strateji Fəaliyyət Planını (SFP) hazırlamışdır. SFP əsasında Tədbirlər Planı da hazırlanmış­dır. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması işlərinin konseptu­al əsasları müəyyən edilmiş­dir. Dörd mərhələdə fəaliyyət nəzərdə tutulmuşdur: İdarəetmə və təhlükəsizlik; infrastruk­tur məsələlərinin həlli; sosial xidmətlər; iqtisadiyyatın yenidən qurulması və inkişafı.

Yeni reallıqda işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi bir nömrəli məsələyə çevrilmişdir. Düşmən tərəf son 30 il ərzində işğal altında saxla­dığı torpaqlarımızı kütləvi şəkildə minalamışdır. Bunun nəticəsində müharibə başa çatdıqdan sonra indiyədək 2 jurnalist daxil olmaqla, 30 Azərbaycan vətəndaşı həlak olmuş, 130 nəfər isə yaralan­mışdır. Azərbaycan dünyada ərazilərinin ən çox minalandığı ölkələrdən biridir. Bu, azad olun­muş ərazilərdə bərpa prosesini və məcburi köçkünlərin evlərinə qa­yıdışını ləngidir. Ermənistan dəqiq mina xəritələrini Azərbaycana verməkdən imtina edir. Onların üç rayon üzrə təqdim etməyə məcbur olduğu mina xəritələrinin dəqiqliyi isə cəmi 25 faizdir.

Beləliklə, 10 noyabr üçtərəfli bəyanatı ilə müharibəyə son qoyulsa da. Ermənistanın Azərbaycana qarşı “mina müharibəsi” davam etməkdədir. Bu isə beynəlaxaq hüquq norma və prinsiplərinə qarşı Ermənistanın həqarətli davranışının növbəti ba­riz nümunəsidir. Birbaşa müharibə cinayətidir. Beynəlxalq ictimaiyyət Ermənistanı məcbur etməlidir ki, azad olunmuş ərazilərimiz üzrə dəqiq mina xəritələrini ölkəmizə təqdim etsin.

Beləliklə, Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Prezidentin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zo­naları yaradılmışdır. Bu xüsusda Prezident İlham Əliyev BMT-yə üzv dövlətləri və BMT Katibliyi­ni ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olma­yan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağır­mışdır.

Ali Baş Komandanın bö­yük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, müzəffər və yenilməz ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında mo­nolit birliyi, xüsusilə də Türkiyə kimi güclü qardaş dövlətin Vətən müharibəsinin ilk saatlarından başlayaraq Azərbaycanın yanında olduğunu bəyan etməsi, ölkəmizə böyük mənəvi və siyasi dəstək göstərməsi üçüncü dövlətlərin hərbi avantürasının qarşısının alınmasında müstəsna rol oy­nadı. Nəticədə Ermənistanın siyasi-hərbi rəhbərliyinin ay­rı-ayrı ermənipərəst dövlətləri, siyasi dairələri, hətta Kollek­tiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını müharibəyə cəlb etmək niyyəti fiaskoya uğradı.

2020-ci il dekabrın 10-da Bakıda Azadlıq meyda­nında Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında Azərbaycan Respubli­kasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə yanaşı, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın da iştirak etməsi bir daha bü­tün dünyaya nümayiş etdirdi ki, Azərbaycan – Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır.

Zəfər paradında çıxış edən Prezident İlham Əliyev tarixin sına­ğından şərəflə çıxmış Azərbaycan – Türkiyə birliyinə və qardaşlı­ğına diqqəti cəlb edərək vurğu­ladı ki, “Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk sa­atlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhur­başqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qarda­şım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanın­dadır. Bu, birliyimizin, qardaşlı­ğımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevin­dirir. Bu gün biz birlikdə Zəfər pa­radında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk.”

“Hörmətli qardaşım, əziz Azərbaycan xalqı. Türkiyə Azərbaycanın apardığı mübarizəyə ilk günlərdən bü­tün qurum və təşkilatları ilə dəstək vermiş, bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olmuşdur. Türkiyə olaraq Azərbaycan ilə münasibətlərimizdə özümüzə hər zaman böyük lider Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün dəqiq ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Bu anlayışla Qarabağı otuz il boyunca sinəmizdə yara etdik. Bu gün də bu yaranın sağalma­sının sevincini paylaşmaq, bu şanlı zəfəri birlikdə qeyd etmək üçün aranızdayıq”. Bu fikirləri isə hərbi paradda çıxışında Türkiyə-Azərbaycan qardaşlığını yüksək qiymətləndirən və dünya dövlətləri üçün örnək hesab edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyıb Ərdoğan söyləmişdir.

Bu ilin 15 iyun tarixində iki qardaş dövlətin prezidentlərinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşada imzaladıq­ları Birgə Bəyannamə ilə ikitərəfli münasibətlərimiz strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş oldu. Azərbaycan və Türkiyə dövlətləri hərbi müttəfiqə çevrildilər. Bu, o deməkdir ki, tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlərdən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müva­fiq təşəbbüs həyata keçirəcək, bir-birinə zəruri yardım göstərəcəklər. Bu yardımın həcm və forması təxirəsalınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehti­yaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır.

Təsadüfi deyildir ki, strateji müttəfiq olaraq Türkiyə Vətən müharibəsində olduğu kimi, postmünaqişə dövrünün həllini gözləyən məsələlərlə bağlı Azərbaycana dəstək siyasətini da­vamlı olaraq həyata keçirir. Bu ba­xımdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə oktyabrın 26-da Qarabağın hava qapısı hesab olunan Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində, Zəngilanda “Dost Aqropark”ın və Horadiz-Cəbrayıl – Zəngilan – Ağbənd avtomo­bil yolunun (Zəngəzur dəhlizi) təməlqoyma mərasimlərində iştirak etməsi, habelə Zəngilanda “Ağılllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olması ikitərəfli münasibətlərimizin daha böyük perspektivlərindən xəbər verir.

Xüsusi olaraq onu da qeyd edək ki, Prezident İlham Əliyevin ən yaxın məsləkdaşı, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 44 günlük Vətən müharibəsinin çətin və şərəfli günlərində torpaq uğrunda canını fəda etmiş şəhidlərlə bağlı rəsmi “İnstaqram” səhifəsində çoxsay­lı paylaşımlar edərək, onların şücaətini əsl qəhrəmanlıq, rəşadət və qorxmazlıq nümunəsi kimi qiymətləndirmişdir. “Bu gün mən şəhidlərimizin ailələri ilə birlikdə kədərlənir, Vətən naminə canından keçməyə hazır olan oğullar tərbiyə etmişvalideynlərin qarşısında başəyirəm. Şəhidlərimizin qanı nahaq yerə tökülmədi – biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu! Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq! Biz Vətən müharibəsi şəhidlərini heçvaxt unutmayacağıq,” – deyən ölkəmizin birinci xanımı Mehri­ban Əliyeva şəhidlərimizin əziz xatirəsinin hər zaman qəlbimizdə yaşayacağını vurğulamışdır.

Mehriban xanım Əliyeva Prezident İlham Əliyevlə birlikdə işğaldan azad olunmuş müqəddəs torpaqlarımıza davamlı səfərlər edərək Ali Baş Komandanın erməni vəhşiliyi və barbarlığını ifşa edən fikirlərini çəkdiyi unikal videokadrlarla zənginləşdirmiş və tamamlamışdır. Bir çox hallarda bu kadrlar ilkin mənbə rolunu oyna­maqla, erməni faşizminin eybəcər simasını dünya ictimaiyyətinə tanıtmaq baxımından misilsiz əhəmiyyətə malikdir

Sonda onu da qeyd edək ki, təxminən iki il əvvəl Ermənistanın siyasi rəhbərliyi sərsəm bəyanat verərək bildirmişdi ki, “Qara­bağ Ermənistandır və nöqtə”. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev isə qəti və prinsipial olaraq bəyan etmişdi ki, “Qarabağ Azərbaycandır və nida işarəsi”. Bu gün, tarixi zəfərin birinci ildönümünü qeyd etdiyi­miz yeni reallıqda bütün dünya bir daha əmin oldu ki, Qarabağ Azərbaycandır!

Elman NƏSİROV,

Milli Məclisin deputatı,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru,

siyasi elmlər doktoru