Home Cəmiyyət Azər Kərimli: İtaliya hökuməti və parlamenti hər zaman Azərbaycanın, haqqın və beynəlxalq...

Azər Kərimli: İtaliya hökuməti və parlamenti hər zaman Azərbaycanın, haqqın və beynəlxalq hüququn tərəfində olub

260
0
SHARE

Münaqişə dövründə İtaliya hökuməti və parlamenti hər zaman Azərbaycanın, haqqın və beynəlxalq hüququn tərəfində olub.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri, deputat Azər Kərimli deyib.

Zəfər Gününün son bir ildə hər bir Azərbaycan vətəndaşı, ümumilikdə xalqımız üçün ən önəmli günlərdən birinə çevrildiyini vurğulayan deputat qeyd edib: “Ötən il biz 30 ilə yaxın işğal altında olan torpaqlarımızı, noyabrın 8-də isə Şuşanı azad etdik. Nəticədə Ermənistan noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bu tarixi xalqımız, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz yazıb. Həmin tarix əsrlər boyu yaşayacaq. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, artıq bizim bir qarış torpağımız işğal altında qala bilməz”.

Onun sözlərinə görə, İtaliya ilk ölkədir ki, müharibə bitən kimi parlament nümayəndə heyəti Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfər edib. Onlar Ağdamda, Gəncədə və digər ərazilərdə Ermənistanın törətdiyi vəhşiliklərin şahidi olublar. Həmçinin cari ildə İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefano, eləcə də italiyalı digər parlamentarilər də işğaldan azad olunan ərazilərimizə səfər ediblər. Buna görə də biz Azərbaycanın haqq işini dəstəklədiyi üçün İtaliya hökumətinə və parlamentinə minnətdarlığımızı bildiririk. Son günlərdə İtaliya parlamentindən Milli Məclisə Zəfər Günü ilə əlaqədar onlarla təbrik məktubu göndərilib.

A.Kərimli deyib ki, İtaliya şirkətləri Azərbaycanın işğaldan azad olunan ərazilərin yenidənqurma və bərpası ilə bağlı həyata keçirilən infrastruktur layihələrində fəal iştirak edirlər. “İnanıram ki, Azərbaycanın haqq işini dəstəkləyən İtaliya və onun şirkətləri bundan sonra da həmin layihələrin iştirakçısı olacaq, İtaliya keyfiyyətini Qarabağda da nümayiş etdirəcəklər”, – deyə o əlavə edib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma