Hazırda ölkəmizdə həyata keçirilən islahatların ən önəmli istiqamətlərindən biri kadr islahatlarıdır. Kadr islahatları mərhələsində biz yeni keyfiyyət dəyişikliklərini müşahidə etməkdəyik. Uzun illər Azərbaycan ictimaiyyətinin alışdığı xüsusi bir məmur obrazı formalaşmışdı, eyni zamanda bu əvvəlki dönəmlərdə Azərbaycan məmurunun mənimsədiyi bir məmur obrazı idi.Belə məmur obrazı klassik, mühafizəkar və ictimaiyyət tərəfindən bəzi hallarda tənqidə məruz qalan obraz kimi qəbul olunurdu. Amma hazırda cəmiyyətdə ictimai nəzarət funksiyası artdıqca, yeni ictimai tələblər yarandıqca, yeni keyfiyyətdə məmur obrazının yaranması da aktuallaşıb. Bu hər şeydən öncə Azərbaycanda mövcud olan və islahatlar həyata keçirən ali siyasi iradə ilə bağlıdır. Çünki hazırkı mərhələdə dəyişən və inkişaf edən yenilənən Azərbaycanda köhnə məmur tipinin mövcud olması əsla mümkün deyil. Ona görə də düşünürəm ki, son bir neçə ildə həyata keçirilən yeni yeni təyinatlar yeni məmur obrazını yaratmağı bacarıbdır və bu obraz xalq tərəfindən qəbul olunur. Belə məmur obrazı xalqın içərisində olan, onun problemlərini həll edən obrazdır. Bu, həmçinin Azərbaycan Prezidentinin həmişə xüsusi olaraq vurğuladığı kimi, xalqa xidmət edən məmur obrazıdır. Bu isə böyük bir nailiyyət və uğurdur. Dünən Prezident İlham Əliyevin onlayn formatda yeni icra başçılarını qəbul edərkən müxtəlif əhəmiyyətli məsələlərə toxunaraq bir daha ümumilikdə bütün məmurlar üçün ciddi xəbərdarlıq və tövsiyələrin bir daha səsləndirdi .Məsələn, rayon icra hakimiyyəti başçılarına hər bir kəndi gəzməklə bağlı xüsusi tövsiyələr verildi. Rayonlara investisiya, sərmayələrin cəlb edilməsi, yeni iş yerlərinin yaradılması ilə əlaqəli tapşırıq və tövsiyələr də diqqətdən yayınmadı. Bu prosesdə hüququn bir daha xatırladılması isə tamamilə yerində olan hadisə idi. Çünki hüquq və ədalət olmadığı yerdə intizam və nümunəvi iş də olmayacaq. Düşünürəm ki, Azərbaycan Prezidentinin məmurlara bir daha xəbərdarlıqlar etməsi, son günlərə qədər davam edən bəzi icra hakimiyyətlərinin özündən əvvəlki həmkarları ilə baş verən hadisələrdən ibrət dərsi çıxara bilməməsi ilə əlaqədar idi. Məsələn, Kürdəmir rayon icra hakimiyyətinin keçmiş rəhbəri… Bu səbəbdən də, bir daha hüququn xatırladılmasını hamıya şamil olunan bir məsələ kimi qiymətləndirərdim. Xüsusən də, məsul vəzifədə çalışan şəxslərə. Bu da Azərbaycanın hüquqi dövlət fəlsəfəsindən və hüququn üstünlüyü prinsipindən irəli gəlir.
Hikmət Babaoğlu
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədrinin müavini