Avqustun 23 də cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun təxribat törətmək cəhdi və qrupun komandirinin əsir düşməsi, Ermənistanın Azərbaycana qarşı növbəti dəfə terror və işğalçılıq siyasətinin davamıdır.
Bunu Trend-ə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov deyib.
R.Qonaqov bildirib ki, məlumdur ki, diversiya-kəşfiyyat qrupunun komandirinin üzərində bir sıra hərbi ləvazimatlar və şəxsi əşyalar aşkarlanıb və geniş ictimaiyyətə təqdim olunub:
“Bu Tovuz hadisələrindən sonra düşmənin ölkəmizə qarşı növbəti uğursuz təxribat cəhdidir.
Mahiyyət etibarilə sobataj, diversiya və terror məqsədi daşıyan bu aksiyanın əsas hədəfi Azərbaycan Ordusunun hərbi hissələri və əsgərlərimiz olub. Lakin ordumuzun ayıq sayıqlığı, peşəkarlığı nəticəsində bu aksiyaların nəinki qarşısı alınıb, eləcədə, düşmən itkilər verərək, qorxaqcasına geri qaçmağa məcbur olub.
Ermənistan tərəfi əvvəllər olduğu kimi bu dəfədə öz itkilərini gizlətməyə çalışır. Mövcud vəziyyət bu ölkədə kifayət qədər ağır olduğundan, işğalçı ordunun itkiləri erməni xalqından mümkün qədər gizlədilir.
Hazırda Ermənistanın sosial şəbəkələrində Ordumuza əsir düşmüş şəxsin dəyişdirilməsi ilə bağlı təkliflər irəli sürülür. Bu onlar üçün əsir düşmüş hərbiçinin nə qədər önəmli şəxs olduğunu göstərir.
Ermənistanın omdusmanı A.Tatoyan insan hüquqlarından dəm vurur. Bu hansı insan hüquqlarıdır ki, Ermənistanın Cenevrə Konvensiyasının bütün tələblərini kobud şəkildə pozaraq, illərdir girov götürülmüş dinc vətəndaşlarımız Dilqəm Əsgəriv və Şahbaz Quliyevə və Azərbaycanın digər dinc vətəndaşlarına işgəncələr verərək, vəhşicəsinə davranır.
Nəhayət işğalçı və terrorçu Ermənistan anlamalıdır ki, Azərbaycanın onlara verəsi bir qarışda olsun torpağı yoxdur.
Beynəlxalq təşkilatlar və ATƏT-in Minsk qrupu ya buraxılmalı, yada özündə cəsarət tapıb, düşməni öz adı ilə çağırmalıdır”.