Home Cəmiyyət Bakının əsas kanalizasiya kollektorları və xətləri bərk tullantılardan təmizlənir (FOTO)

Bakının əsas kanalizasiya kollektorları və xətləri bərk tullantılardan təmizlənir (FOTO)

305
0
SHARE

İntensiv yağıntıların kanalizasiya sistemlərinin fəaliyyətinə yaratdığı problemlərin aradan qaldırılması məqsədilə kompleks tədbirlər həyata keçirilir. Təsdiqlənmiş tədbirlər planına uyğun olaraq cari ilin avqust ayından başlayaraq Bakı şəhərinin əsas daşıyıcı kanalizasiya kollektorları və xətləri, baxış quyuları və yağış barmaqlıqlarının yuyulması, onların bərk tullantılardan təmizlənməsi işləri aparılır.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti bildirir ki, ötən müddətdə 630 km tullantı su xətlərində, 42 mindən çox baxış quyusunda və barmaqlığında, təmizləmə işləri aparılıb. İntensiv yağıntılardan sonra kanalizasiya kollektorları, xətləri və yağış barmaqlıqlarında toplanmış bərk tullantıların təmizlənməsi, onların yuyulması işləri təkrar həyata keçirilir.

Qeyd edək ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti payız-qış mövsümünə hazırlıqlar çərçivəsində kanalizasiya sistemlərində təmizləmə işləri aparılsa da intensiv yağıntılar zamanı mövcud sistemlər yenidən bərk tullantılarla dolur. Xətlərdə bərk tullantıların yığılması şəbəkə və kollektorların istismarını çətinləşdirir və onların ötürmə qabiliyyətini xeyli azaldır. Bununla əlaqədar Bakı şəhərinin Səbail, Yasamal, Nəsimi, Nərimanov, Sabunçu və Binəqədi rayonlarında, həmçinin Sumqayıt və Xırdalan şəhərlərində subasma riskləri olan nöqtələr müəyyən edilərək təmizləmə işlərinə başlanılıb.

Yığılmış bərk tullantıların çıxarılması xüsusi texnika vasitəsilə həyata keçirilir. Xüsusi texnikanın köməyi ilə kollektorlara yüksək təzyiqlə su vurularaq çöküntülər təmizlənir və lilsoran qurğu vasitəsilə çıxarılır. Kollektorların, xətlərin və yağış barmaqlıqlarının təmizlənməsi mövcud infrastrukturun tam gücü ilə işləməsinə gətirib çıxarır. Bununla da xətlərdəki tutulmaların qarşısı alınır və yağıntılar zamanı yaranan suların normal axıdılması təmin olunur. Kollektorlarla yanaşı, kiçik diametrli daşıyıcı tullantı su xətləri və yağış barmaqlıqları da bərk məişət tullantılarından mütəmadi olaraq təmizlənir.

Eyni zamanda kanalizasiya nasos stansiyalarının istismar vəziyyəti bir daha yoxlanılır, ehtiyac olan nasoslarda və digər hidrotexniki qurğularda sazlama işləri aparılır. Qeyd edək ki, bu işlər Abşeron yarımadası ilə yanaşı regionalarda da həyata keçirilir.