Home Biznes və iqtisadiyyat xəbərləri Deputat Şahin Seyidzadənin 2022-ci il dövlət büdcəsinə dair fikir və təklifləri

Deputat Şahin Seyidzadənin 2022-ci il dövlət büdcəsinə dair fikir və təklifləri

293
0
SHARE
Milli Məclisdə Maliyyə naziri və digər hökümət üzvlərinin iştirakı ilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin müzakirəsi keçən həftədən komitə iclaslarından başlayaraq, bu həftə plenar sessiya iclaslarında davam etmişdir.
Keçirilmiş iclaslarda, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinə dair Milli Məclisin deputatı Şahin Seyidzadə üç məsələyə dair fikir və təkliflər təqdim etmişdir.
(1) Şəhid ailəsi statusu almış ailənin üzvlərin ödənişli formada təhsil aldıqda təhsil haqqını ödəməkdən azad olunmasına dair;
(2)Məktəblərin əsaslı təmiri və tikintisinə dair;
(3) İnnovasiyanın inkişafına dair təkliflər.
(1) Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin, “Şəhidin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin hüquqları” bəndinin təkmiləşdirilməsinə dair təklif:
Hələ 1993-ci ildə qəbul olunmuş qeyd olunan qanunun 3-cü maddəsinə əsasən şəhid ailələrinin üzvləri dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatlarda ödənişli təhsilə qəbul olunarlarsa təhsil haqqını ödəməkdən azad olunurlar.
Bununla belə şəhid ailələrin ölkəmizin ən həssas vətəndaş qrupundan biri olduğunu nəzərə alaraq, deputat təklif etmişdir ki, bu kategoriya daxil olan şəxslər ancaq dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində deyil, həmçinin Bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları zaman, təhsil haqqından azad olunmaq ilə bağlı mexanizmin işlənilib hazırlanması istiqamətində işlər aparılsın.
Deputat hesab edir ki, şəhid ailəsi statusu daşıyan şəxslər bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil aldıqları zaman təhsil haqqının tam məbləğindən azad olunmalıdırlar. Bundan irəli gələrək, deputat bu məsələnin 2022-ci il üçün qəbul olunacaq Azərbaycan Respublikasının dövlət büdcəsində nəzərə alınmasının vacibliyini diqqətə çatdırmışdır.
(2) Deputatın münasibət bildirdiyi növbəti məsələ Azərbaycan Respublikasının 2022-il üçün nəzərdə tutulan investitsiya büdcəsində orta məktəblərin əsaslı təmir və tikintisi ilə bağlı olmuşdur.
Deputat əminliklə ifadə etmişdir ki, digər deputat həmkarlara da vətəndaşlar tərəfindən daima məktəblərin tikintisi və ya əsaslı təmiri ilə bağlı müraciətlər daxil olur. Bu məsələ xüsusi diqqət yetirilməli məsələlərdən biri olduğundan, nəzərdə tutulan dövlət büdcəsinin investisiya xərclərində tək öncədən başlamış əsaslı təmir işlərinə və ya tikintisinə dair vəsaitin ayrılması deyil, eyni zamanda yeni tikilən və əsaslı təmir olunan məktəblərin sayının da ayrıca göstərilməsinin vacibliyini qeyd etmişdir.
Məlumat üçün deputat bildirmişdir ki, hazırda Azərbaycan Respublikasında 4500-ə yaxın məktəb mövcuddur. Həmin məktəblərin təxminən 8%-də, yəni 350-ə yaxın məktəbin yenidən tikintisi və ya əsaslı təmirinə ehtiyac vardır. Deputat bildirmişdir ki, təmsil etdiyi Abşeron-Qobustan rayonları üzrə 17 məktəbin əsaslı təmirə və yenidən tikintisinə ethiyac vardır.
Xüsusi ilə deputat onu da qeyd etdi ki, Abşeron rayon Ceyranbatan 2 saylı məktəbin şagirdlərinin bir qismi gündəlik təhsilini tədris binasına aid olmayan ambulator məntəqədə alırlar. Həmçinin, Qobustan rayon Ərəbşalbaş kənd məktəbi 50 ildən çoxdur istismarda olduğundan bu məktəbin əsaslı təmirinə və ya yeni məktəb binasının inşasına zərurət vardır.
Deputat hesab edir ki, son illər ərzində ölkəmizdə dövlət büdcəsi hesabına eləcə də, Heydər Əliyev Fondunun hesabına tikilən və təmir olunan məktəblərin sayı artmaqdadır, amma bütün bunlarla yanaşı 2022-ci ilin dövlət büdcəsində əvvəlki illərlə müqayisədə daha çox məktəbin təmiri və tikintisinə vəsaitin ayrılmasını məqsədəuyğundur.
(3) 2022-ci il Büdcə zərfində qeyd olunmuş Milli Prioritet 3: “Rəqabətli İnsan kapitalı və müasir innovasiyalar məkanı” bəndini nəzərə alaraq, deputatın sonuncu təklifi isə 2022-ci il Azərbaycan Respublikası büdcəsində müxtəlif strukturları və bəndləri əhatə edəcək innovasiya və innovativ ekosisteminin inkişafına ayrılacaq vəsaitin əhatə edəcəyi hissə ilə bağlı olmuşdur.
Təqdim olunan büdcə zərfindən də göründüyü kimi, Azərbaycan höküməti yeni innovasiyaların müasir idarəçiliyə gətirilməsində, yeni texnologiyalar əsasında idaretmə metodlarının yaradılmasında, müasir dövrün tələblərinə uyğun insan kapitalının inkişaf etdirilməsində maraqlıdır və bu baxımdan qeyd olunan innovasiya sahənin inkişafına ayrılacaq məbləğin həcmi, həmçinin onun səmərəli istifadəsinin nəzərə alınması çox vacibdir.