Home Biznes və iqtisadiyyat xəbərləri Azərbaycan İstanbulda keçirilən XII Boğaziçi Sammitində təmsil olunur VİDEO

Azərbaycan İstanbulda keçirilən XII Boğaziçi Sammitində təmsil olunur VİDEO

313
0
SHARE

Dekabrın 6-da İstanbulda XII Boğaziçi Sammiti işə başlayıb. Builki Sammit “Daha yaxşı dünya naminə çağırışlar” mövzusunda baş tutub.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Əməkdaşlıq Platforması (UİP-İCP) tərəfindən təşkil edilən tədbirdə ölkəmiz Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən təmsil olunur.

Tədbirin açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakçılara müraciəti oxunub.

Müraciətində tarixin ən böyük səhiyyə böhranlarından biri olan COVID-19 pandemiyası zamanı beynəlxalq ictimaiyyətin, xüsusilə inkişaf etmiş ölkələrin bu imtahandan yaxşı çıxa bilmədiyini vurğulayan türkiyə Prezidenti pandemiyanın xüsusilə az inkişaf etmiş ölkələrdə çox ciddi humanitar böhranlara yol açdığını qeyd edib. Məhz bu səbəbdən humanitar və iqtisadi sahələrdə də ədalətli nizamın qurulmasının vacibliyini bildirib.

Sammitdə Azərbaycanla yanaşı, Pakistan, Meksika, İngiltərə, Belçika, Danimarka da daxil olmaqla, dünyanın 49 ölkəsindən təmsilçilər iştirak edirlər.

Tədbir çərçivəsində “Türkiyə-Azərbaycan İqtisadi Əməkdaşlıqları-İş dünyasının perspektivləri” mövzusunda panel iclası keçiriləcək.

Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin (TAİB) rəhbəri Nəslihan Tombulun moderatorluğu ilə baş tutacaq iclasın fəxri qonağı Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovdur.

İclasda Türkiyənin “Yeni yüz il” Universitetinin rektoru, professor Yaşar Hacısalehoğlu, ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, beynəlxalq ekspert Metyu Brayza, “SOCAR Türkiyə”nin Kommunikasiya və dövlət ilə əlaqələr üzrə rəhbəri Mikayıl Yusifovun iştirakı nəzərdə tutulur.

İki gün davam edəcək Sammitdə “Daha yaxşı bir dünya üçün çalışmaq” mövzusunda dəyirmi masa, “Virtual və real dünyanın müdafiə sənayesi”, “Effektiv idarə heyəti ilə şirkətlərin yaxşı idarə edilməsi və innovasiyası”, “Yaşıl enerji”, “Bank işi və maliyyə”, “Texnologiya iqlim dəyişikliyi problemini həll edə bilərmi?”, “Qadın, iqtisadiyyat, elm və hüquq”, “Türkiyə hazır geyim sənayesinin dəyişmə və çevrilmə prosesi” və digər mövzularda panel iclasları keçiriləcək.

Qeyd edək ki, YAP nümayəndə heyətinə Milli Məclisin deputatı Ramil Həsən daxildir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul