Home Biznes və iqtisadiyyat xəbərləri Tahir Budaqov: İki qardaş ölkənin liderləri tərəfindən irəli sürülən təşəbbüslər qlobal cəmiyyətdə...

Tahir Budaqov: İki qardaş ölkənin liderləri tərəfindən irəli sürülən təşəbbüslər qlobal cəmiyyətdə böyük imkanlar yaradır VİDEO

217
0
SHARE

Hər il keçirilən Boğaziçi Sammiti bu gün regionda və ümumiyyətlə beynəlxalq aləmdə çox önəm daşıyan iqtisadi-siyasi platformadır. Bu Sammitdə adətən iş adamları, siyasətçilər, vətəndaş cəmiyyəti institutları bir araya gələrək bəşəriyyət qarşısında, regionda olan əhəmiyyətli məsələləri müzakirə edir, bununla əlaqədar müəyyən əməkdaşlıqlar yaradaraq bu problemlərin həlli istiqamətində fəaliyyət göstərirlər. Builki Sammitin hər birimiz üçün çox vacib olan “Daha yaxşı dünya naminə çağırışlar” mövzusu yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsindən ibarətdir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov İstanbulda keçirilən XII Boğaziçi Sammiti çərçivəsində AZƏRTAC-a açıqlamasında bildirib.

Sammit çərçivəsində Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunan panelin keçiriləcəyini xatırladan YAP Sədrinin müavini deyib: “Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Azərbaycanın da, Türkiyənin də dünya siyasətində rolu ildən-ilə artır. Xüsusilə də Vətən müharibəsindən sonra regionda yaranan geostrateji vəziyyət və bu reallıqlardan irəli gələrək həm Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, həm də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın irəli sürdükləri bir çox təşəbbüslər nəinki regiondakı ölkələr və xalqlar üçün, ümumiyyətlə, daha geniş mənada, Avrasiya məkanında böyük perspektivlər, böyük imkanlar yaradıb. Ümumiyyətlə, Türkiyə ilə Azərbaycanın əməkdaşlığı, qardaşlığı və hətta son Şuşa Bəyannaməsindən sonra müttəfiqliyə yüksələn strateji tərəfdaşlıq münasibətləri nəinki iki ölkə xalqlarına, iki ölkəyə öz xeyrini, öz dividentlərini gətirir, eyni zamanda, bu münasibətlər bölgədə, hətta Avropada enerji təhlükəsizliyi baxımından böyük rol oynayır. Artıq bu ölkələr üçün bizim tarixi əlaqələrimiz bir çox nailiyyətlərlə yadda qalıb. Bilirsiniz ki, Azərbaycanla Türkiyə birlikdə bir çox qlobal enerji, nəqliyyat-kommunikasiya layihələrini həyata keçirib. Bunların sırasında Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərini, Bakı-Tbilisi-Qars dəmir yolu xəttini, TAP və TANAP layihələrini qeyd etmək lazımdır. Hazırkı vəziyyətdə ən əsası isə qarşıda duran və perspektivdə nəzərdə tutulan layihələrin həyata keçirilməsidir. İlk növbədə, Zəngəzur dəhlizinin açılması bu regionda yeni imkanların, yeni iqtisadi reallıqların yaranmasına təkan verəcək ki, bu da Azərbaycanla yanaşı, Türkiyənin də tranzit potensialının artırılmasına və bu dəhliz vasitəsilə daha çox iqtisadi-ticari əlaqələrin qurulmasına, eləcə də, ümumiyyətlə, regionda yeni iqtisadi modelin yaranmasına səbəb olacaq. Hazırda bu istiqamətdə işlər gedir”.

Qırx dörd günlük Vətən müharibəsindən sonra tarixi Qarabağ torpağımızda dövlətimiz tərəfindən aparılan bərpa-yenidənqurma işləri barədə danışan Tahir Budaqov deyib: “Azərbaycan işğaldan azad etdiyi ərazilərdə böyük quruculuq işlərinə başlayıb və artıq Böyük Qayıdışa hazırlıq prosesi həyata keçirilir. Prezidentimiz İlham Əliyev dəfələrlə bu prosesdə Azərbaycana qardaş və dost olan ölkələrin iş adamlarını da investisiya yatırımlarına, bərpa prosesində yaxından iştirak etməyə dəvət edib. Düşünürəm ki, bu platforma vasitəsilə də müəyyən mesajlar burada toplanan böyük auditoriyaya çatdırılacaq. Düşünürük ki, bu məsələlərdə Azərbaycana yaxın və dost ölkələr Azərbaycanın bundan sonrakı haqq işində də, inkişaf prosesində də yaxından iştirak edəcəklər. Eyni zamanda, təbiidir ki, Azərbaycanın bu gün böyük iqtisadi potensialından, onun siyasi çəkisindən digər ölkələr də kifayət qədər bəhrələnmək imkanı əldə edəcəklər”.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul