Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib
Dekabrın 9-da Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.
Tədbir iştirakçıları öncə Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə qızılgül dəstələri qoyublar.
Sonra YAP Xətai rayon təşkilatının qərargahında Xətai rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Dahi Lider” adlı rəsm sərgisinin nümayişi olub.
YAP Xətai rayon təşkilatının akt zalında davam edən tədbirdə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin yaranması və inkişafında əvəzsiz xidmətlərindən bəhs edib: “Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı müstəqilliyinin bərpasının ilk illərinin xaosundan, anarxiyasından, vətəndaş müharibəsindən xilas etdi. Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi. Ulu öndər Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək zəruri olan bazanın formalaşdırılmasına məhz həmin illərdə başlamışdır. İqtisadi təməlin qoyulması, kadr hazırlığının yüksək səviyyədə təşkili, ən əsası dövlətin müstəqilliyinin qarantı olan ordunun inkişafına xidmət edəcək mühüm addım kimi qiymətləndirilən Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması və s. bu kimi biri-birindən əhəmiyyətli addımlar gələcək inkişafımızın əsası oldu. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu işlərin həyata keçirilməsinin davamlılığını yüksək səviyyədə təmin etdi. Bu reallıq da hər zaman böyük inam və qətiyyətlə bildirilir ki, ulu öndər Heydər Əliyev sovetlər birliyi dövründə Azərbaycanı qabaqcıl respublikalar sırasına çıxardığı kimi, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu.”
“Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən saatlarla, günlərlə danışmaq olar” söyləyən Vüqar Rəhimzadə bildirib ki, ulu öndər Heydər Əliyev 2003-cü ildə inamın, etimadın düzgün ünvanını göstərdi. Son 18 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev tariximizin Zəfər səhifəsini yazdı, ərazi bütövlüyümüz bərpa olundu. Bütün bu uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir. Qarşıda Azərbaycanı daha möhtəşəm uğurlar gözləyir.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə bugünümüz üçün qurulan möhkəm təməldən danışıb: “Bugünkü Azərbaycan məhz həmin dövrdə yaradılan möhkəm təməl üzərində inkişaf edir, uğurla addımlayır. Ölkənin hərtərəfli inkişafında iqtisadi amilə verilən önəm ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünün səciyyəvi xüsusiyyətidir. Birinci hakimiyyəti dövründə ölkəmizi geridə qalmış respublikadan çiçəklənən, inkişaf edən bir diyara çevirən dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra dünya iqtisadi sisteminə inteqrasiyanın, davamlı inkişafın əsası kimi dəyərləndirilən “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla ölkəmizin qarşısında geniş imkanlar açdı.”
R.Quluyev ulu öndər Heydər Əliyevin gələcəyimiz olan gənclərin milli ruhda tərbiyəsi, Azərbayana bağlılığı istiqamətində gördüyü işlərdən bəhs edərək bildirib ki, Azərbaycan gəncləri keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərildi. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra ölkənin dağılmış iqtisadiyyatının bərpasında, Azərbaycanın hərtərəfli inkişafında məhz həmin dövrlərdə sovetlər birliyinin nüfuzlu ali məktəblərində təhsil alan gənclərin potensialından istifadə olundu.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycanın tarixi Zəfərindən bəhs edərək bu uğurumuzda da Azərbaycan gənclərinin torpaq, Vətən sevgisinin əsas amillərdən biri olduğunu bildirib. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev daim çıxışlarında bu məqamı bildirir ki, gənclərimiz milli ruhda tərbiyə olunmalı, dövlət maraqlarını hər şeydən üstün tutmalıdırlar.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin bildirib ki, fəaliyyətinin mühüm bir dövrü görkəmli siyasi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevlə bağlı olub. Ulu öndər Heydər Əliyev Azərbaycan SSR-nin Birinci katibi işləyərkən onun rəhbərliyi altında çalışmış, o cümlədən Birinci katibin referenti vəzifəsində işləmişdir.
Millət vəkili ulu öndər Heydər Əliyevin Azərbaycanın bu günü və gələcəyi ilə bağlı gördüyü işlərdən geniş bəhs edərək vuğulayıb ki, onun idarəçilik təcrübəsi, siyasi iradəsi, bacarığı, liderlik keyfiyyətləri hər bir çətinliyin öhdəsindən uğurla gəlməsini şərtləndirdi. Bu gün həmin qətiyyəti, siyasi iradəni dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev nümayiş etdirir. 44 günlük İkinci Qarabağ müharibəsində 30 ilin işğalına son qoymaq böyük şücaətin, qəhrəmanlığın, Prezident İlham Əliyevin qətiyyətinin, Azərbaycan ordusunun gücünün, qüdrətinin nəticəsidir.
Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun atası, Xətai Rayon Ağsaqqallar Şurasının sədri, fəlsəfə elmləri doktoru, professor İzzət Rüstəmov ulu öndər Heydər Əliyevlə bağlı saysız-hesabsız xatirələrindən danışıb. Bildirib ki, onun əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Ümummilli Lider dövlətini, xalqını sevən, Azərbaycanın gələcəyini düşünən şəxsiyyət idi. Onun liderlik keyfiyyətləri Azərbaycanın inkişaf yolunda inamla irəliləməsini təmin etdi.
İ.Rüstəmov qeyd edib ki, ulu öndər Heydər Əliyevin ideyaları yaşayır, inkişaf edir, Azərbaycanın simasında öz əksini tapır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu ideyaların uğurla həyata keçirilməsi üçün səylər göstərir, Azərbaycanı zirvələrə yüksəldir.
YAP Xətai rayon təşkilatının Xocalı prospekti 30 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri Vaqif Abbasov ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı misilsiz xidmətlərindən biri kimi bu gün cəmiyyətin avanqard qüvvəsinə çevrilən, 800 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının yaradılmasından bəhs edərək bildirib ki, Ümummilli Liderin “YAP dünənin, bugünün və gələcəyin partiyasıdır” tezisi bütün dövrlər üçün öz aktuallığını qoruyur.
V.Abbasov vurğulayıb ki, ulu öndər Heydər Əliyev daim partiyada gənclərin təmsil olunmasına çalışırdı. Gənclər YAP-da öz potensial imkanlarını nümayiş etdirmək üçün normal mühit görürlər. Son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə partiya inkişaf edir, nəinki ölkəmizin, regionun aparıcı siyasi təşkilatına çevrilib.
Tədbirdə çıxış edən gənc fəal Ruslan Qasımov bildirib ki, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyasının üzvü olmaq biz gənclər üçün fəxrdir.
“Dahi Lider” rəsm sərgisinin qalibi Fidan Rzaquliyeva ulu öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın keçdiyi inkişaf yolundan bəhs edib. Bildirib ki, Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi nəticəsində 30 il işğal altında olan torpaqlarımız azad olundu, üçrəngli bayrağımız bu ərazilərimizdə dalğalandı.
Tədbirdə Xətai rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Dahi Lider” mövzusunda keçirilən rəsm sərgisinin qaliblərinə diplomlar verilib.
Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Yeganə Əliyeva,
Günel Eyyubova,
Vüsal Cahanov (foto), “İki sahil”