Home Biznes və iqtisadiyyat xəbərləri ABŞ-ın qərəzli “Demokratiya Sammiti” dünya ölkələri və beynəlxalq ekspertlər tərəfindən kəskin pisləndi...

ABŞ-ın qərəzli “Demokratiya Sammiti” dünya ölkələri və beynəlxalq ekspertlər tərəfindən kəskin pisləndi – ARAŞDIRMA

278
0
SHARE

ABŞ prezidenti Co Baydenin təşəbbüsü ilə dekabrın 9-10-da “Demokratiya Sammiti” keçirildi. Sammit elə əvvəldən gülünc qarşılandı, çünki Azərbaycan, Türkiyə, Macarıstan və Çin kimi ölkələr dəvət olunmadı. ABŞ-ın təşəbbüsü ilə “Demokratiya Sammiti”nin təşkil olunmasının özü də absurd bir məsələdir. Bu sammiti təşkil etməklə ABŞ özünü demokratiyanın himayədarı kimi dünyaya göstərmək istəyir. Guya bütün dünya ölkələri yox, məhz ABŞ demokratiyanın keşiyini çəkir.

Sammitə qərəzli şəkildə dəvət olmayan dövlətlər də müxtəlif rəsmi səviyyələrdə buna etirazlarını, qərəzin olduğunu bildirdilər.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mətbuata açıqlamasında qeyd etdi ki, ABŞ beynəlxalq hüquqa əsaslanan beynəlxalq münasibətlər sistemini və BMT-nin mərkəzi rolunu məhv edir.

“Faktlar göstərir ki, ABŞ və onun müttəfiqləri “demokratiyanın mayakı” adına iddia edə bilməzlər və etməməlidirlər, çünki özlərinin söz azadlığı, seçki sistemi, korrupsiya və insan hüquqları sahəsində xroniki problemləri var”, – deyə Rusiya XİN-in rəsmi saytında bildirilir.

Çin də məsələyə rəsmi münasibət bildirib. Çin XİN-dən qeyd edilib ki, ABŞ-ın məqsədi demokratiya deyil, hegemonluqdur.

Öz növbəsində sammitə dəvət olunmayan Tailand da rəsmi şəkildə bunu pisləyib və heyfsləndiyini bildirib.

Sammit təşkilatçılarının ikili yanaşması beynəlxalq ekspertlər, media orqanları tərəfindən də birmənalı qarşılanmayıb.

Xarici siyasət və təhlükəsizlik üzrə ekspert Ted Pikkone qeyd edir ki, bəzi qonaqların iştirakı Çinin təsirinə qarşı çıxmaq üçün aydın seçim idi. Belə ki, ABŞ-ın müttəfiqi olan Filippin Şərqi Asiya və Sakit okean regionunun 15 ölkəsi arasında demokratiya indeksinə görə ən aşağı yerlərdən birini tutur. Polşa da bu baxımdan fərqlənir; 2015-ci ildən onun ümumi indeksi təxminən 10% azalıb. Buna baxmayaraq, Ağ Ev Varşavanı sammitə dəvət edib. Müəllif qeyd edir ki, buna səbəb kimi Polşanın NATO-da Rusiyaya qarşı dayaq kimi mühüm rol oynadığını güman etmək olar.

Müəllif əlavə edir ki, dünyada qanunun aliliyinin ümumi göstəricisinə görə 139 ölkə arasından 137-ci yeri tutan və Afrikada ən pis reytinqə malik olan Konqo Demokratik Respublikasının sammitə dəvət olunması təəccüb doğurur.

İtaliyanın “Washington Examiner” xəbər agentiliyinin ABŞ üzrə müxbiri Katerin Doyl məqaləsində qeyd edir ki, korrupsiyaya qarşı mübarizənin sammitin gündəliyində olması Bayden ailəsi ətrafında baş verən böyük korrupsiya qalmaqalları fonunda çoxlu suallar yaradıb.

Belə ki, Baydenin oğlunun firması ABŞ tərəfindən sanksiyalara məruz qalmış Çin şirkətlərinə sərmayə yatırıb, buna görə də, etik ekspertlər Ağ Evdən Hunter Baydenin əməlliyatlarına dair şəffaflığı dəfələrlə tələb ediblər.

Sammit ABŞ-ın özündə də birmənalı qarşılanmayıb. ABŞ-ın “New York Times” qəzetinin müxbirləri Maykl Krouli və Zolan Kanno-Yanqs öz məqalələrində qeyd edirlər ki, cənab Bayden xarici ölkələrin müstəqil media dəstəyi, korrupsiyaya qarşı mübarizə, aktivistlərə kömək, texnologiyaların inkişafı və ədalətli seçkilərin qorunması üçün təxminən 424 milyon dollar sərf etmək üçün Konqreslə əməkdaşlıq etməyi planlaşdırır.

Hətta ABŞ-nın rəsmiləri etiraf edirlər ki, Amerikada digər problemlər arasında siyasi qütbləşmə, irqi ədalətsizlik səsvermə hüquqlarının məhdudlaşdırılması və daxili ekstremizm altında gərginləşir. Bəzi fəallar isə cənab Baydeni xaricdən əvvəl onu daxili problemlərə daha çox diqqət ayırmağa çağırıblar.

Türkiyənin “Anadolu Ajansı” xəbər agentliyinin beynəlxalq təhlükəsizlik və hərbi innovasiyalar üzrə eksperti Bəkir İlhan qeyd edib ki, Co Bayden administrasiyasının dekabrda keçirilən “Demokratiya Sammiti”nə dəvət etdiyi 110 ölkənin üçdə-biri “Freedom House” təşkilatı tərəfindən müəyyən edilmiş demokratik meyarlarda zəif nəticə göstərib. Sammitin təşkilatçılarının əsl məqsədi Vaşinqtonun maraqlarına cavab verən ümumi demokratiya baxışını formalaşdırmaqdır.

ABŞ-ın məşhur “Time” jurnalının müxbiri Debasiş Roy Çovdhuri öz məqaləsində yazıb ki, bu yaxınlarda Əfqanıstanı islamçı avtokratiya və aclığa tərk edən, indi isə Səudiyyə Ərəbistanı ilə 650 milyon dollarlıq silah müqaviləsi bağlayan prezident Co Bayden demokratiya mövzusunda ikigünlük virtual toplantı keçirməyin yaxşı bir fikir olacağını düşünüb. Amma demokratiyadan uzaq olan bəzi ölkələrin niyə dəvət olunmasının izahı yoxdur. Dəvət olunan 110 ölkənin 30%-dən çoxu ABŞ-da yerləşən qeyri-kommersiya təşkilatı “Freedom House” tərəfindən yalnız “qismən azad” kimi təsnifləndirilib.

TASS xəbər agentliyinin dərc etdiyi məqalədə deyilir ki, “Demokratiya Sammiti” daha çox ABŞ-ın xarici siyasət piarının bir hissəsinə bənzəyir. Bəzi hüquq müdafiəçiləri demokratiya məsələlərinin ictimai deyil, əsasən siyasi müstəvidə müzakirə olunacağından narazıdırlar. Bütün sammitin əhəmiyyətli hissəsinin ölkələrin dəvət olunmuş liderlərinin üç dəqiqəlik çıxışları ilə baş tutacağını nəzərə alsaq, ictimai fəallara çox az vaxt qalıb.

Sosial şəbəkələrdə sammitlə bağlı bir sıra tənqidi fikirlər paylaşılıb. Amerikalı iqtisadçı Janet Yellen “Demokratiya Sammiti”ndə “korrupsioner xarici liderlərin ABŞ-da pullarını harada gizlətdikləri barədə məlumat verə bilən insanları mükafatlandırmaq üçün” Anti-Kleptokratiya Fondu yaradıldığını elan edib. Baydenin təşkil etdiyi “Demokratiya Sammiti”nin Vaşinqtonun bütün dünyada həm demokratik, həm də insan haqlarını pozması ilə bağlı uzun müddət davam edən rekordunu nəzərə aldıqda heç bir etibarlılığa malik olmadığı deyilib və əslində, bu sammit yeni “Soyuq Müharibənin ən son təxribatı” adlandırılıb. Demokratiyaya həsr olunmuş sammitə ölkələrin seçmə yolla çağırılması, ABŞ-ın zəifliyindən və xarici siyasətinin BMT-də nüfuzdan salınmasına və təcrid olunmasına tab gətirə bilməməsindən xəbər verdiyi bildirilib.