Home Cəmiyyət Milli Məclisdə “Media haqqında” yeni qanun layihəsi müzakirə edilir

Milli Məclisdə “Media haqqında” yeni qanun layihəsi müzakirə edilir

248
0
SHARE

Milli Məclisdə “Media haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirə edilir.

Qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 13-cü bəndlərinə uyğun olaraq, media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.

Layihə 9 fəsil, 78 maddədən ibarətdir.

Müzakirələr zamanı S.Qafarova bildirib ki, hər bir ölkənin, cəmiyyətin inkişafında media mühüm rola malik institutlardan biridir.

“Təbii ki, demokratik dövlətlər bu institutun inkişafına böyük əhəmiyyət verir. Azərbaycanda da geniş dövlət dəstəyi və qayğısı ilə əhatə olunan mediamız son illərdə böyük inkişaf yolu keçib. Əminliklə deyə bilərik ki, Azərbaycan mediası əsas etibarilə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir və ölkəmizin inkişafına özünəməxsus töhfələr verir. Biz, xüsusilə 44 günlük Vətən müharibəsində Azərbaycan mediasının göstərdiyi vətənpərvərlik və peşəkarlıq örnəyini təqdir edirik. Bilirsiniz ki, Vətən müharibəsində möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hərbi cəbhədə olduğu kimi, informasiya müharibəsində də parlaq qələbə qazanmışdır. Cənab Prezidentin hər gün xarici media orqanlarına müsahibələri əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında misilsiz rol oynamışdır. Hesab edirəm ki, mediamız da informasiya müharibəsində böyük qələbəmiz naminə öz töhfəsini vermişdir. Yeni qanunun qəbulu isə mediamızın daha da inkişafına, mediaya dövlət dəstəyinin daha da güclənməsinə imkan verəcəkdir”, – deyə spiker əlavə edib.