Home Biznes və iqtisadiyyat xəbərləri Prezident İlham Əliyev: Biz qalibik və bu reallıq nəzərə alınmalıdır, Dağlıq Qarabağ...

Prezident İlham Əliyev: Biz qalibik və bu reallıq nəzərə alınmalıdır, Dağlıq Qarabağ münaqişəsi həll olunub

194
0
SHARE

Biz müharibəni udduq, biz qalibik və bu reallıq nəzərə alınmalıdır. Dağlıq Qarabağ münaqişəsi həll olunub.

Bunu Prezident İlham Əliyev İspaniyanın “El Pais” qəzetinə müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

“Biz Avropa Komissiyasının və şəxsən Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişelin fəaliyyətini çox yüksək qiymətləndiririk. O, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün zəminin yaradılmasına çoxlu töhfə verir. Prezident Mişelin bu yay regiona səfəri çox məhsuldar olub. Yeri gəlmişkən, hər iki ölkənin müdafiə nazirləri arasında birbaşa əlaqənin yaradılması ilə bağlı olan onun təşəbbüsü də işləyir. Beləliklə, indi bu kommunikasiya kanalı artıq səmərəlidir. Bu, Avropa Komissiyasının Cənubi Qafqazda sabit mühitin yaradılmasına şərait yaratmağa və gələcəkdə üç Cənub Qafqaz ölkəsi arasında qarşılıqlı əlaqənin üçtərəfli formatının yaradılmasına imkan yaratmağa istəkli və hazırlıqlı olduğunu açıq-aydın göstərir. Azərbaycanın mövqeyi tamamilə açıq və aydındır. Biz sülh istəyirik, müharibə istəmirik. Biz müharibəni udduq, biz qalibik və bu reallıq nəzərə alınmalıdır. Dağlıq Qarabağ münaqişəsi həll olunub. Dağlıq Qarabağın qondarma statusu ilə bağlı və ya buna bənzər hər hansı müzakirələrə qayıdış yoxdur. Biz onu özümüz, güc yolu və siyasi vasitələrlə həll etdik. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələri qəbul olunandan 27 il sonra bunu birtərəfli qaydada həyata keçirdik və bu, ilk növbədə, Ermənistan tərəfindən nəzərə alınmalı olan yeni reallıqdır. Çünki postmüharibə vəziyyətinin gedişatından gördüyümüz kimi əsas beynəlxalq oyunçular artıq yeni reallığı qəbul edib və gələcəyi bu yeni reallığa əsaslanaraq qurmağa çalışırlar. Ermənistan Azərbaycana qarşı istənilən düşmənçilik əməllərindən çəkinməli, Azərbaycana qarşı ərazi iddialarından çəkinməlidir. Çünki mən bir neçə dəfə demişəm ki, bizim Ermənistana qarşı ərazi iddialarımızın olması üçün çox tarixi səbəblərimiz var.Onlar sülh razılaşması üzərində işləməli və XXI əsrdə normal davranışa riayət etməlidirlər. Biz istənilən halda qonşuyuq, heç birimiz başqa planetə köçməyəcəyik. Ona görə də, biz xalqlar arasında təmaslar da daxil olmaqla münasibətlərin normallaşması üçün yavaş-yavaş, addım-addım təməl hazırlayaraq yanaşı yaşamağı öyrənməliyik. Biz açıq şəkildə demişik ki, buna hazırıq. Lakin hələ ki, Ermənistan tərəfdən heç bir müsbət işarə almamışıq. Mənə elə gəlir ki, Ermənistanda daxili vəziyyət və bayaq qeyd etdiyim kimi, müharibədə məğlubiyyətlərindən sonra məyusluq və yumşaq desəm, narazılıq, şişirdilmiş gözləntilər, hərbi və siyasi potensiallarının qeyri-real qiymətləndirilməsi səbəbilə onların cəmiyyətində bir növ psixoloji travma yarandı. Ona görə də, Ermənistan hökumətinin azərbaycanlılara qarşı nifrətin aşılanmasına əsaslanan ictimai rəyin arxasında dayanmaması və normallaşma prosesində öndə getməsi vacibdir. İctimai rəy formalaşdırılmalıdır. Ermənistanın inkişafı üçün yeganə yol Azərbaycanla əlaqələrin normallaşdırılması, Türkiyə ilə əlaqələrin normallaşdırılması, qonşu olmaq, düşmən qonşu deyil, normal qonşu olmaq və ərazi iddialarından çəkinmək məqsədilə insanları inandırmaq üçün mühüm addımların atılmasıdır.Düşünürəm ki, əgər bu formul Ermənistan hökuməti və siyasi elita tərəfindən qəbul edilsə, bizim irəliləyiş üçün şansımız var. Bizə gəlincə isə, bizim mövqeyimiz açıq-aşkardır. Mən bunu dəfələrlə açıq şəkildə dilə gətirmişəm və bir daha deyirəm ki, biz Cənubi Qafqaz üçün sülh istəyirik, sabitlik, təhlükəsizlik və çiçəklənən gələcək istəyirik”.