Prezident İlham Əliyevin Brüsselə səfəri bir çox tarixi məqamlarla yadda qaldı. Səslənən bəyanatlar Azərbaycanın Avropa İttifaqı üçün önəmli tərəfdaş olduğunu bir daha sübut etdi.
Bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
O bildirib ki, digər vacib məqam Ermənistanın Baş naziri Nikol Paşinyanla baş tutan üçtərəfli görüşdən sonra İttifaqın münaqişə irsinin aradan qaldırılmasına çağırış etməsi oldu:
“Yəni, Azərbaycanın dediyi kimi, münaqişə artıq keçmişdə qalıb və gələcəyə baxmaq lazımdır. Şarl Mişelin görüşün yekunları ilə bağlı bəyanatında Cənubi Qafqazda sülhün təmin edilməsi üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına da çağırış edilir. Bu isə Aİ tərəfindən Azərbaycanın təklif etdiyi sülh müqaviləsinə dəstək kimi qəbul edilməlidir. Brüssel görüşündə də Azərbaycanın mövqeyinə uyğun olaraq 2020-ci il 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çağırış oldu.
Eyni zamanda dəmir yol xəttinin çəkilişi xüsusi olaraq qeyd olunur ki, bu da Zəngəzur dəhlizi boyunca dəmir yolunun çəkilişini nəzərdə tutur. Həmçinin, dəmir yolunda gömrük və sərhəd nəzarətinin qarşılıqlıq prinsipi əsasında təşkil olunacağı vurğulanır. Görüşdən sonra dövlət başçımızın İspaniya mətbuatına müsahibəsi zamanı da qeyd etdiyi kimi, biz sərhədləri açmaq istəyirik. Hazırda Azərbaycan və Ermənistan arasında dəmir yolu əlaqəsinin açılması ilə bağlı tam razılıq var, Ermənistan sərhədi istiqamətində azad edilmiş ərazilərdə sökülmüş dəmir yolu xəttini tikintisinə başlanıb”, – deyə K.Nurullayeva bildirb.
O əlavə edib ki, ən vacib məqam isə budur ki, Ermənistan avtomobil yolunun açılmasına etiraz edirdi, lakin indi Bakı onları bunun qaçılmaz olduğuna inandıra bilib və Prezident İlham Əliyevin də söylədiyi kimi, onlar da bununla razılaşır:
“Ş.Mişelin bəyanatındakı daha bir mühüm məqam isə odur ki, ilk dəfə olaraq Aİ-nin gündəliyinə itkin düşmüş şəxslər mövzusu salınıb və onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub. Bu, olduqca vacibdir, çünki Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan tərəfindən itkin düşmüş 4 mindən artıq şəxsin taleyi hələ də məlum deyil. Bu məsələdə Avropa İttifaqının dəstəyi olduqca vacibdir.
Avropa İttifaqı, eyni zamanda humanitar minatəmizləmə səylərinə, sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində məşvərətçi statusunda dəstək verəcək. Bütövlükdə Brüssel görüşünün detallarını şərh etsək, Azərbaycanın haqlı mövqeyinin təsbit olunduğunu söyləyə bilərik. Rəsmi Bakının yaratdığı reallıqları artıq bütün dünya qəbul edir. Ermənistanın artıq seçim imkanı yoxdur. Yeganə yol Azərbaycanın irəli sürdüyü təkliflərlə razılaşmaqdır”, – deyə deputat bildirib.