Home Xəbərlər Deputat: Müavinətlərin davamlı şəkildə artırılması Prezident İlham Əliyevin daxili siyasətinin təməlində sosial...

Deputat: Müavinətlərin davamlı şəkildə artırılması Prezident İlham Əliyevin daxili siyasətinin təməlində sosial siyasətin dayandığının göstəricisidir

226
0
SHARE

Prezident İlham Əliyevin ölkədə minimum əməkhaqqının artırılması ilə əlaqədar imzaladığı Sərəncam vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına təsir göstərməklə yanaşı, dayanıqlı yaşayışın təmin edilməsinə də müsbət çalarlar qatacaq. Ümumiyyətlə, minimum əməkhaqqının artırılması 800 mindən çox insanın maaşlarının artmasına təsirini göstərəcək. Belə ki, 2022-ci il yanvarın 1-dən pensiyalar, müavinətlər və təqaüdlərdə də artımlar olacaq. Həm də minimum əməkhaqqından aşağı həcmdə ölkədə maaşlara ödəniş etmək qanunla qadağan olunduğundan artım özəl sektorda çalışanlara da müsbət təsir göstərəcək.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, son üç ildə ölkədə minimum əməkhaqqı 130 manatdan 300 manata yüksəlib. Bu da 2,3 dəfə artım deməkdir. Ölkə Prezidentinin müvafiq Sərəncamı ilə dövlət büdcəsindən maliyyələşən qurumlarda, təşkilatlarda işləyənlərin əməkhaqları da 2022-ci il yanvarın 1-dən 20-40 faiz arasında artırılır. Bilirik ki, dünyada mal və xidmətlərin qiymətlərinin artması Azərbaycanın daxili bazarına da təsirsiz ötüşməyib. Bu səbəbdəndir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamlar baş vermiş qiymət artımlarından vətəndaşların əziyyət çəkməsinin qarşısını müəyyən dərəcədə ala bilər.

Ölkədə həyata keçirilən sosial siyasət təkcə əməkhaqlarının və pensiyaların artırılması ilə kifayətlənmir. Bundan əlavə, özünüməşğulluq proqramları da icra olunur. O cümlədən işsizlər və aztəminatlı ailələr bu proqramlara cəlb edilməklə onların yaşayış şəraitlərinə müəyyən dərəcədə töhfələr verilir. Bu günə qədər özünüməşğulluq proqramlarına 36 min nəfər cəlb olunub ki, bu da dövlət büdcəsindən aktivlərlə təmin edilməklə işsiz insanların kiçik biznes fəaliyyətlərinin qurulmasına yol açır. Həmçinin 80 minə yaxın işsiz insan ictimai işlərə cəlb edilməklə onlara minimum əməkhaqqı məbləğində ödənişlər olunur.

“2020-ci ildə koronavirus pandemiyasına görə ölkədə tətbiq edilmiş məhdudiyyətlərin təsirlərinin azaldılması məqsədilə sosial paketlər də icra olunur. Bu günə qədər ölkədə COVID-19-dan əziyyət çəkənlərə 3 milyard dollar həcmində sosial–iqtisadi dəstək paketi təqdim edilib. 2022-ci ildə həmin məqsədlər üçün dövlət büdcəsindən 1,6 milyard dollar həcmində maliyyə dəstəyi paketi ayrılacaq. Bütün bu xərclər dövlətimizin başçısının tapşırığı ilə 2022-ci ilin dövlət büdcəsində nəzərdə tutulub. Belə ki, gələn ilin dövlət büdcəsinin 46,4 faizini sosialyönümlü xərclər təşkil edir. Bu, o deməkdir ki, 2022-ci ildə icra olunacaq sosial paketlər əvvəlcədən dövlət büdcəsində nəzərdə tutulub. Ölkədə müavinətlərin davamlı şəkildə artırılması Prezident İlham Əliyevin yürütdüyü daxili siyasətin təməlində sosial siyasətin dayandığının göstəricisidir. Dövlətimizin iqtisadi imkanları yüksəldikcə tətbiq edəcəyi sosial dəstək proqramlarının əhatə dairəsi daha da genişləndiriləcək. Həmçinin gələcək illərdə belə addımların atılmasının davamlı xarakter alması gözlənilir”, – deyə Azər Badamov əlavə edib.