Home Manşet Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində koronavirusla bağlı məlumatları tam gizlədir – Prezidentin...

Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində koronavirusla bağlı məlumatları tam gizlədir – Prezidentin köməkçisi

596
0
SHARE

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində koronavirusa yoluxma ilə bağlı məlumatlar həqiqəti əks etdirmir. Azərbaycanın işğal olunmuş ərazilərində kütləvi yoluxma var və işğalçı Ermənistan bu məlumatları tam şəkildə gizlədir.

Trend-in məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

H.Hacıyev bildirib ki, işğal olunmuş ərazilərdə yaşayan sakinlər, yəni Dağlıq Qarabağın erməni icması Azərbaycan vətəndaşlarıdır və onlar arasında yoluxmalar da Azərbaycanın statistikasında göstərilməlidir: “Ancaq işğal faktına görə oradakı sakinlər və yoluxmalar barədə məlumat əldə edə bilmirik və Azərbaycan statistikasında əksini tapmır. Biz Ümumdünya Səhiyyə Təşkilatına da müraciət etmişik ki, işğal olunmuş ərazilərdə qondarma rejim yoluxma hallarını beynəlxalq statistikaya daxil etməyə cəhd etsə, bunun qarşısı alınmalıdır və orada yoluxma statistikası Azərbaycan əraziləri kimi göstərilməlidir. Orada vəziyyətlə bağlı məsuliyyət işğalçı Ermənistan rəhbərliyinin üzərinə düşür. Bildiyiniz kimi bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan işğal olunmuş ərazilərdə qondarma “andiçmə” mərasimində iştirak edib və orada heç kim tibbi maskadan istifadə etməyib ki, bu da işğal olunmuş ərazilərdə yoluxmaya səbəb olub.

Həmçinin işğalçı ordu arasında da kütləvi yoluxmalar var ki, bu da epidemiyanın geniş yayılmasına şərait yaradır”.