Home Biznes və iqtisadiyyat xəbərləri Torpaqları şərəflə qoruyan əsgərləri öz övladlarımız kimi qəbul edirik – Zakir Həsənov

Torpaqları şərəflə qoruyan əsgərləri öz övladlarımız kimi qəbul edirik – Zakir Həsənov

320
0
SHARE

İşğaldan azad olunmuş ərazilərimizdə hərbi qulluqçuların xidmət, təchizat, təminat və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Ali Baş Komandanın verdiyi tapşırıqların icrası ilə əlaqədar olaraq bu bölgələrə davamlı səfər edirəm. Hərbi hissələrə, yeni inşa edilən, əsaslı təmir olunmuş hərbi infrastruktura baxış keçirir, hərbi xidmətin vəziyyətini öyrənir, hərbi qulluqçular üçün yaradılan xidməti və sosial-məişət şəraiti ilə yerində yaxından tanış oluram, müvafiq tapşırıqlar verirəm.

Görüşlər zamanı şəxsi heyəti hər zaman olduğu kimi ayıq-sayıq, gümrah, məğrur, əzmkar və xoş əhvali-ruhiyyədə görürəm. Onlar hərbi xidməti tarixi torpaqlarımızda, qədim yurd yerlərimizdə yerləşən hərbi hissələrdə keçdikləri üçün qürur duyur və bunu həyatlarının ən şərəfli mərhələsi kimi dəyərləndirirlər.

Hərbi qulluqçularımız mürəkkəb relyefli, çətin iqlim şəraitində xidmət edərək ölkəmizin təhlükəsizliyi və ərazi bütövlüyünün keşiyində mətin dayanaraq, Vətənə sədaqətlərini sübut edir, onlara göstərilən yüksək etimadı doğruldurlar”.

Bu sözləri Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov rəsmi mətbuata müsahibəsində bildirib.

Müdafiə naziri qeyd edib ki, uzun illər işğal altında qalan, qoşunların təmas xətti və düşmənin səngər qurduğu, sədlər yaratdığı bu yerlərdə yaradılan yeni birləşmə və hissələrdə Azərbaycan Ordusunun xeyli sayda hərbi qulluqçusu xidmət edir: “Ali Baş Komandanın rəhbərliyi altında Silahlı Qüvvələrimiz Azərbaycan-Ermənistan, Azərbaycan-İran sərhədlərini, Arazboyu ərazilərdən Murovdağ silsiləsinə qədər olan Vətən torpaqlarını düşməndən azad edərək tam nəzarətə götürüb. Bu gün Füzulidən Kəlbəcərə, Xocavənddən Zəngilana, Ağdamdan Laçına, Cəbrayıldan Qubadlıya, Suqovuşandan Hadruta qədər torpaqlarımızda, eləcə də Zəfər simvolumuz olan Şuşada Azərbaycan bayrağı dalğalanır.

Əsgər, çavuş, gizir və zabitlərlə söhbətlərimdə Ali Baş Komandanımızın salamlarını çatdırdıqdan sonra torpaqlarımızı azadlığa qovuşduran şəhid döyüş yoldaşlarımızı yad edirik. Onların xatirəsi yalnız ailələrinin, yaxınlarının yaddaşında deyil, bütün xalqımızın yaddaşında yaşayır və yaşayacaqdır. İşğaldan azad olunmuş ərazilərimizin hər bir qarışında da əziz şəhid və qazilərimizin əməyi hörmətlə anılır”.

Hərbi xidmət ciddi nizam-intizam tələb edir və xidməti fəaliyyət sərt hərbi qaydalarla tənzimlənir: “Ancaq elə məqamlar olur ki, orada yüksək vəzifə və ali rütbələr sanki unudulur, hamımız döyüşçü və səngər qardaşlarına çevrilirik. Bu hissi yalnız döyüş və hərbi əməliyyatlar zamanında deyil, elə qəhrəmanlıqla azad edilən ərazilərdə xidmət keçərkən, burada olarkən də yaşayırıq. Yayın qızmar istisində, qışın sərt soyuğunda, mürəkkəb coğrafi relyefin yaratdığı çətinliklərə baxmayaraq bir an da olsun ayıq-sayıqlığını itirməyən, torpaqları şərəflə qoruyan əsgərləri öz övladlarımız, onların komandirlərini isə kiçik qardaşlarımız kimi qəbul edir, onlarla səmimi söhbətlər edirik. Ali Baş Komandanımızın təbiri ilə desək, “Qarabağı azadlığa qovuşduran əsgər və zabitlərimizin mütləq əksəriyyəti Qarabağın işğalından sonra dünyaya gəliblər. Bu vətənpərvər gənc nəsil Qarabağı görmədən onun həsrətini yaşayıblar və işğaldan qurtulması üçün qanlı mübarizəyə atılıblar”.

Yeni istifadəyə verilən hərbi hissələrdə, kazarmalarda, qurulan postlarda, səngərlərdə xidmət keçən igid övladlarımızla Zəfərimizdən və onun əhəmiyyətindən danışıram. Onlara həm də ordu quruculuğunun çətin və məsuliyyətli mərhələlərindən bəhs edirəm. Bugünkü Zəfərə gedən yolun başlanğıc məqamlarını, tarixi proseslərin mahiyyətini onlara açıqlayıram. Fikrimcə, bu, müdafiə nazirindən başlayaraq bütün komandir-rəis heyətinə qədər hamının əsas vəzifəsidir. Xatırlayıram, əvvəllər tarixi torpaqlarımıza qoşunların təmas xəttindəki səngərlərdən binokl vasitəsi ilə baxırdıq. Ali Baş Komandan hər dəfə ordu rəhbərliyinə qətiyyətlə bildirirdi ki, qarşıdakı əraziləri azad etmək bizim müqəddəs vəzifəmizdir və bu vəzifəni ləyaqətlə yerinə yetirməliyik. Ali Baş Komandanımızın bu əzmkarlığının tezliklə reallaşacağına zərrə qədər də şübhəmiz olmayıb. Biz daim hazır vəziyyətdə onun “İrəli!” əmrini şərəflə icra edəcəyimiz günü gözləyirdik.

Dünənədək hədəf kimi baxdığımız ərazilərimizdə bu gün Azərbaycan bayrağını möhtərəm Prezidentimizin şəxsən qaldırması, yeni layihələrin təməlini qoyması və qısa müddət ərzində xeyli infrastruktur obyektlərinin açılışını etməsi Ulu Öndərin əsasını qoyduğu mükəmməl ordu quruculuğu siyasətinin nəticəsidir”.