İlham Əliyevin Azərbaycan Respiblikasının Prezidenti seçildiyi vaxtdan 18 ildən bir az artıq vaxt keçir və onun fəaliyyətdə olduğu bu 18 ilin hər günü öz xalqına sədaqətlə xidmət etməyin, xalqın arzularının gerçəkləşməsi uğurunda yorulmadan mübarizə aparmaq əzminin təkrarolunmaz nümunələridir.
Bu sözləri tan.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.
Deputat Prezident İlham Əliyevin Azərbaycan xalqının arzularının memarı olduğunu bildirib:
“İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətə başlamazdan öncə də, daim dövlətimizin maraqlarının keşiyində dayanıb, Ulu Öndər Heydər Əliyevin liderliyi ilə iqtisadi inkişafımızın təməlini təşkil edən enerji siyasətinin müəyyənləşməsində və həyata keçirilməsində müstəsna xidmətlər göstərib. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra, hər bir azərbaycanlının prezidenti olub və hər bir azərbaycanlının ən müqəddəs, ən ali arzularının həyata keçməsi – Qarabağımızın işğaldan azad edilməsi üçün səbr, qətiyyət, diplomatik məharət, fədakarlıq, cəsarət nümayiş etdirib. Bu gün geridə qalan 18 illik zaman kəsiyində görülən işlərin miqyasına, ardıcıllığına diqqət yetirəndə İlham Əliyevin strateji, nəticəyə hesablanmış siyasətinin izləri görünür”.
Azər Kərimli qeyd edib ki, İlham Əliyevin Azərbaycan xalqı qarşısındakı ən böyük xidməti, şübhəsiz ki, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsidir:
“Amma düşmənin fasiləsiz təxribatlarına qarşı, onun sülhə məcbur edilməsi üçün başladılan hərbi əməliyyatlara qədər olan dövrdə ölkəmizin iqtisadi gücünün artması, ordu quruculuğu, milli birliyimizin, həmrəyliyimizin təmin edilməsi, Azərbaycanın beynəlxalq nüfuzunun artması və digər istiqamətlərdə olduqca mühüm tədbirlər həyata keçirilib. Azərbaycan Avrasiyanın enerji və nəqliyyat dəhlizlərinin habına çevrilib, geosiyasi əhəmiyyəti və təbii ki, bu müstəvidə ölkəmizin təhlükəsizliyinə təminat verən amillərin sayı artıb. Ermənistanın, erməni diasporu və lobbisinin uzun illərdən bəri Azərbaycan xalqı haqqında beynəlxalq müstəvidə apardıqları kompaniyalar Azərbaycanın tolerantlıq modeli ilə alt-üst edilib, ölkəmizin paytaxtı sivilizasiyalararası dialoqun ən uğurlu platformalarından birinə və bəlkə də birincisinə çevrilib, ölkəmiz dünyada humanizm dəyərlərinin təbliğatçısı və bu dəyərlərin qorunmasında müstəsna rol oynayan mərkəzlərdən biri kimi tanınıb. Şübhəsiz ki, bütün bunlar, son nəticədə Azərbaycan torpaqlarının işğaldan azad edilməsində, ölkəmizə qarşı aparılan, yalan və böhtan üzərində qurulmuş informatik və diplomatik maneələrinin dəf edilməsində önəmli rol oynayıb”.
Onun sözlərinə görə, İlham Əliyev ölkəmizin təmsil olunduğu bütün platformalarda Azərbaycanın lider mövqeyə çıxmasına çalışıb və əksər hallarda buna nail olub:
“Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dönəmində COVİD-19 pandemiyasına və “peyvənd millətçiliyi”nə qarşı BMT-nin xüsusi sessiyasının çağırılması, eləcə də ölkəmizin Hərəkat adından təqdim etdiyi sənədin əleyhinə heç bir səs olmadan BMT Baş Assambleyasının qətnaməsi kimi qəbul olunması, İlham Əliyevin bəşəriyyət qarşısındakı ən böyük xidmətlərindən biridir”.
Azər Kərimli qeyd edib ki, indi ölkəmizdə və regionumuzda İlham Əliyevin liderliyi ilə yeni bir mərhələ başlayıb:
“Azərbaycanın işğaldan azad edilmiş əraziləri yenidən qurulur, bölgədə qarşılıqlı etimadlı münasibətlərin formalaşması, davamlı sülhün təmin edilməsi üçün genişmiqyaslı addımlar atılır. İlham Əliyev yenə də böyük cəsarətlə problemlərin üzərinə gedərək onların həllinə nail olur, xalqımızın və bütövlükdə bölgə xalqlarının firavan və təhlükəsiz həyatının təmin edilməsi üçün yüksək intellekt, əzm, qətiyyət nümayiş etdirir. Bu baxımdan, şübhə etmirəm ki, qarşıdakı illərdə biz Prezident İlham Əliyevin liderliyi ilə ölkəmizin yeni-yeni uğurlarının şahidi olacağıq”.