Yanvarın 12-də Rusiya Prokurorluğunun yaranmasının 300 illiyinə həsr olunmuş tədbirlərdə iştirakla əlaqədar Moskvaya səfər edən Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi Rusiya prezidenti Vladimir Putin qəbul edib.
Baş Prokurorluqun məlumatına görə, daha sonra Baş Prokurorluqda Rusiyanın rəsmi şəxslərinin iştirakı ilə təntənəli yubiley tədbiri keçirilib.
Səfər çərçivəsində Kamran Əliyev rusiyalı həmkarı İqor Krasnov, türkiyəli həmkarı Bekir Şahin, Pakistanın Baş prokuroru Rəhman Aamir, tacikistanlı həmkarı Yusuf Raxmon, Özbəkistanın Baş prokuroru Niqmatilla Yuldoşev, Qırğızıstanın Baş prokuroru Kurmankul Zuluşev, Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Çeol Kyu Hvan, Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratının rəhbəri Xristos Cakumopulos və digər ölkələrin baş prokurorları, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxsləri ilə görüşlər keçirərək mövcud əlaqələr və gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib.
Tədbir çərçivəsində, həmçinin, Türkdilli dövlətlərin Baş prokurorları arasında görüş keçirilmiş, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.
Tədbirlərdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu iştirak edib.