Home Biznes və iqtisadiyyat xəbərləri Prezident İlham Əliyev: Bu gün Heydər Əliyev Fondu qarşısında yeni vəzifələr dayanır

Prezident İlham Əliyev: Bu gün Heydər Əliyev Fondu qarşısında yeni vəzifələr dayanır

265
0
SHARE

Bu gün Heydər Əliyev Fondu qarşısında yeni vəzifələr dayanır.

Bunu Prezident İlham Əliyev yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışından sonra çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

“Bu gün Heydər Əliyev Fondu qarşısında yeni vəzifələr dayanır. Ənənəvi fəaliyyətlə yanaşı, bu gün Fond azad edilmiş torpaqlarda geniş fəaliyyətə başlamışdır. Fondun təşəbbüsü ilə azad edilmiş torpaqlarda hazırda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib. Şuşa şəhərində Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir, Zəngilan şəhər məscidi də həmçinin. Eyni zamanda, Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir. Təkcə sadaladığım dini abidələrimizin sayı 8-ə bərabərdir və əminəm ki, Fond digər layihələrdə də fəal iştirak edəcək. Bildiyiniz kimi, məcburi köçkünlər üçün yeni evlərin yaradılması da Heydər Əliyev Fondunun təşəbbüsü ilə geniş vüsət almışdır və mənim iştirakımla Qobu qəsəbəsində bir neçə böyük, çoxmərtəbəli evlərin inşası təmin edilmişdir.

Yəni, bu ənənələr var, davam edir, cəmiyyətdə çox yüksək qiymətləndirilir. Müharibədən sonra mənim təşəbbüsümlə Qarabağ Dirçəliş Fondu, Yaşat Fondu yaradılmışdır. Azərbaycan vətəndaşları, eyni zamanda, şirkətlər könüllü olaraq həm Qarabağ Dirçəliş Fonduna, həm Yaşat Fonduna vəsait təqdim edirlər və bu vəsait hesabına bu gün yüzlərlə qazi həm Azərbaycanda, həm xüsusilə xaricdə müalicə alır, həyata qayıdır, öz sağlamlığını bərpa edir. Bu, bir daha onu göstərir ki, xeyriyyəçilik hər zaman Azərbaycan xalqının ayrılmaz əlaməti olubdur. Sadəcə olaraq, buna şərait yaradılmalı idi, dövlət tərəfindən bu siyasət dəstəklənməli idi və bu gün biz bunu görürük”.